Azərbaycan təmsilçiləri festivalda birincilik qazanıb

12 Yanvar 2018 16:19 (UTC+04:00)

Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Cücələrim" ansamblı XVII Beynəlxalq Uşaq Yaradıcılıq Forumu və "Milad Ulduzları - 2018" festival-müsabiqəsinin əsas Yeni il festivalında I yeri qazanıb. Festival "Şəhərlərin Həyatı" Festival Komitəsi tərəfindən Moskvanın "Kosmos" Böyük Konsert Zalında keçirilib. "OLAYLAR" Nazirliyə istinadən xəbər verir ki, festival Rusiyanın müxtəlif şəhərləri, MDB və digər xarici ölkələr ilə yaradıcı nailiyyətlərin mübadiləsinin aparılması, uşaq yaradıcılığının təbliği, gənc istedadların yaradıcılıq imkanlarının reallaşdırılmasına dəstək göstərilməsi və aşkarlanması, qorunması, inkişafı, uşaq kollektivlərinin ustalıq və ifaçılıq mədəniyyətinin artırılmasına köməklik edilməsi məqsədi daşıyıb.

Festivalda 2500 uşaq kollektivi iştirak edib. Beş gün davam edən festivalda "Cücələrim" ansamblı Azərbaycan rəqslərini təbliğ edib, milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətləri  nümayiş etdiriblər.

Klassik, xalq və estrada rəqsləri, uşaq xor kollektivləri və vokal ansamblları, uşaq orkestrləri və musiqi ansamblları, fraqmentlərlə uşaq operettaları kimi müxtəlif janrlarda təşkil olunmuş müsabiqədə "Cücələrim" ansamblı  digər rəqiblərini  üstələyərək birincilik kubokunu əldə edib.