Tanınmış jurnalist: “Yaxşı həkim ola bilərdim. Amma artıq çox gec,..” ETİRAFLAR

11 Yanvar 2018 12:57 (UTC+04:00)

 

"Bütün insanlarımıza 2018-ci ildə Qarabağ sevincini yaşamağı diləyirəm. Məncə bizim toplum üçün bundan böyük xoşbəxtlik, uğur ola bilməz"

Millixəbər.az saytı hər zaman müasirimiz olan və müxtəlif sahələrdə tanınan-seçilən şəxsləri sizlərlə daha yaxından tanış etməkdədir. Bu layihəmizdə sizləri çoxlu sayda illərlə eyni peşədə çalışan peşəkarlarla tanış etmişik. Bu gün də eyni ampluada qarşınızdayıq. Bu dəfəki müsahibəmiz media təmsilçisidir. Suallarımızı hər kəsin Lider TV-nin efirindən yaxşı tanıdığı, sevə-sevə izlədiyi, uzun illərini KİV sahəsinə sərf edən, çox yaxın keçmişimizdə əməyi dövlət başçısı cənab İlham Əliyev tərəfindən qiymətləndirilən daha bir əməkdar jurnalist Mətanət xanım Ağamirli cavablandıracaq.Oxuyun, daha yaxından tanımaq üçün.

- Mətanət xanım Ağamirli kimdir?

- (Təbəssümlə) Mən gerçəkdən kiməm? Mətanət Ağamirli ilk öncə doğulduğu şəhərin, obanın həsrətilə yaşayan bir Qarabağlıdır, Ağdam sakinidir. Təəssüf ki, keçmişi, uşaqlığı yaralanmış məcburi köçkün ailələrindən birinin nümayəndəsidir.
Eyni zamanda öz ölkəsinin vətəndaşlığından qürur duyan bir azərbaycanlıdır.İlahi qüvvəyə, ilahi ədalətə bütün varlığıyla inanan, öz həyat fəlsəfəsi olan bir insan... Hər bir hadisədə müsbət bir çalar görmək istəyən, pozitivə köklənən, yaxşılığı-mənəvi keyfiyyətləri üstün tutan bir insan... Başqa, başqa..? Məncə, təvazökarləıqdan bir az uzaq olsa da, gözəl anadır, gözəl insandır, gözəl dostdur, müəyyən qədər tanınmış jurnalistdir. Uzun illər eyni sahədə çalışan aparıcıdır, prodüsserdir. Ən önəmlisi zamanın diktə etdiyi maddi deyil, mənəvi dəyərlərə üstünlük verən bir insandır.

- Necə oldu ki, jurnalistikanı seçdiniz? Bu sizin ixtisasınızdırmı?

- Xeyr, ixtisasım deyil. Məni jurnalistikaya arzularım gətirdi. Hələ orta məktəbin beşinci-altıncı siniflərdə oxuyarkən riyaziyyat müəllimi olmağı xəyal edirdim. Sonra xəyalım məni həmişəlik öz axarına alan arzumla əvəz olundu. TV efirlərdən sevə-sevə, heyrancasına izlədiyim, tanıdığım insanların vasitəsilə jurnalistika sahəsinə üz tutdum. Sonrakı illər də göstərdi ki, nəinki bu mənim üçün keçici bir həvəs olmadı, hətta bütün varlığımla bağlandığım bir peşə oldu. Doğrudur, onlarla şəxsən tanışlıq mənə qismət olmadı. O zamankı BDU-nun jurnalistika fakültəsinin dekanı Tofiq Rüstəmov, Azərbaycan televiziyasının tanınmış aparıcı-jurnalisti Osman Mirzəyev,..Çox qəribədir ki, mən adlarını çəkdiyim insanlar kimi peşəkar jurnalistləri dinləyərək, seyr edərək jurnalistikanı sevdim. Bu sənəti mənə onlar sevdirdilər.

- Necə düşünürsünüz, yerinizdəsinizmi, öz yerinizi tutmusunuzmu?

- Maraqlı sualdır. Öz yerim deyilən bir anlam varmı? Kimsə bilirmi ki, 3-5 il sonra harda olacaq? Yerimizi kim müəyyən edir? Orta məktəbi bitirəndə qətiyyətlə düşünürdüm ki, mən ölkədə tanınmış jurnalist olacağam! Sonrakı illərdə təbii ki, yollar hamar olmadı. Amma çətinliklərə, qayğılara rəğmən müxtəlif strukturlardan, nazirliklərdən aldığım iş təkliflərini qəbul etmədim. Özümü jurnalistikadan kənar təsəvvür edə bilmədim. Və sizin təbirinzcə desək, öz yerimdə qalmaq istədim və qaldım. Hər şey nisbidir. Bilmirəm, yəqin bu gün üçün öz yerimi tutmuş sayıla bilərəm.

- Qəbul etmədiyiniz iş təkliflərinə görə peşimançılıq çəkdiyiniz anlar olubmu?

- Desəm ki, yox səmimi olmaz. Jurnalist olduğum üçün əlbəttə, peşiman deyiləm. Ancaq bilirsiniz ki, jurnalist peşəsinin çətinlikləri, qayğıları qazancından çoxdur. Bütün çətinliklərə rəğmən özümü arzuladığım ampulada gördüm.

"Bəzən media qurumlarında elə insanların təmsil olunduğunu görürsən ki, yalnız təəssüf və təəccüb edirsən"
- Əlbəttə, bu gün Azərbaycan jurnalistikasında illərlə zəhmətkeşcəsinə çalışan sizin kimi həmkarlarımız az deyil. Amma
son zamanlar bütövlükdə jurnalistikaya ləkə olan reket jurnalistikası ilə bağlı müzakirələrin, qınaqların da şahidi oluruq.
- Bəli haqlısınız. Təəssüf ki, son illər leksikonumuza "reket jurnalistikası" deyə bir ifadə, anlayış daxil olub. Hesab edirəm ki, reket jurnalistlərin bütün məqsədi ancaq və ancaq maddi maraqdır. Təəssüf ki, maddiyyatın mənəviyyatı üstələdiyi bir dövrün acı gerçəklikləri bir çoxlarından yan keçməyib. Digər tərəfdən zaman-zaman verilən açıqlamalardan bəlli olub ki, bu tip qurumların arxasında müəyyən qüvvələr durur. Əslində həm acınacaqlısı, həm də ən təhlükəlisi elə budur. Azərbaycan Mətbuat Şurasının "reket" mətbuatın ifşa olunması ilə bağlı apardığı işlər var. Amma ki, MŞ-nın apardığı iş və qəbul etdiyi qərarlar bu problemlərin qarşısını almaqda yetərli deyilsə, o zaman yuxarıda qeyd olunan açıqlamalar da demək ki, səbəbsiz deyil. Bütün məsuliyyəti MŞ-nın üzərinə atmaq da doğru deyil. Sadaladığmız arzuolunmaz halların aradan qalxması üçün cəmiyyətin reaksiyası çox vacibdir. Bu aspektdən mütəmadi olaraq ictimai qınağın sərgilənməsi də məncə əhəmiyyətli nəticələr verə bilər.

Bilirsiniz, jurnalistika müqəddəs bir missiyanın daşıyıcısıdır. Bu gün jurnalist sözünün reket sözü ilə assosiasiya olunması heç xoş deyil. Bu cür qəzet və saytların, jurnalistlərin mövcudluğu jurnalistikanın nüfuzuna yalnız xələl gətirir. Biz bütövlükdə öz nüfuzumuza laqeyd qala bilmərik ki. Bu baxımdan biz jurnalistlərin, xüsusilə peşəkar media kapitanların üzərinə böyük məsuliyyət düşür. Bəzən media qurumlarında elə insanların təmsil olunduğunu görürsən ki, yalnız təəssüf və təəccüb edirsən. Yeri gəlmişkən, demək istərdim ki, qoy rəhbər həmkarlarımız sevərək əmək verdiyi bu sənətə sıradan kimlərisə gətirib sənətimizi gözdən salmasınlar.

"yaxşı həkim ola bilərdim. Amma artıq çox gec,.."

- Bəs Mətanət xanım jurnalist olmasaydı, hansı sənəti seçərdi?

- Məncə mən jurnalist olmasaydım, yaxşı həkim ola bilərdim. Hansı ki, valideynlərimin də arzusuməni tibb işçisi görmək idi. Lakin mən istəmədim. Seçimimi fərqli etdim. Həkimlik sənətini seçməsəm də, sağlamlıq məsələlərinə çox həssasam. Xüsusilə dövrümüzdə gənc yaşda öncə sağlamlığını, sonra həyatlarını itirənlər çoxdur. Bu hallar mənə psixoloji olaraq çox pis təsir edir. Düzdür, torpaqdan gəlmişik, torpağa da gedəcəyik. Ölüm haqdır. Ancaq bütün hallarda sağlamlığımızın keşiyində dayanmağı vacib saymalıyıq.20 il öncə deməzdim ki, həkim olardım. Amma illər məni o qənaətə gətirdi ki, mən yaxşı həkim ola bilərdim. Amma artıq çox gec,..(Gülür) Şükr Allaha jurnalist olmaqdan məmnunam, bir şikayətim yoxdur.

- Mətanət xanımın fəaliyyəti uzun illərdir ki tamaşaçıların gözü önündədir. Yetərincə tanınır, sevilir, dövlət başçımız tərəfindən də yaxın keçmişimizdə əməyi qiymətləndirildi. Bəs sizin özünüz necə, zəhmətinizin bəhrəsi razı qalacağınız qədərdirmi?

- Çox incə bir məqama toxundunuz. Bir az öncə də vurğuladım ki, mən bu sənəti sevərək gəldim. Əslində jurnalistlər arasında belə bir deyim var ki, "jurnalistika etibarsız bir sənətdir. Bu mənada ki, insanın cavanlığını, enerjisini amansızcasına əlindən alır. Ancaq bir çox hallarda mən bu deyimlə razılaşmıram.Çünki mən bu sənəti seçərkən təmənna güdmürdüm, nələrisə itirib əvəzində nələrisə qazanmaq barədə düşünmək ümüumiyyətlə absurd idi. Maddiyyatı düşünmürdüm. Düşünmürdüm ki, çoxlu pul qazanacağam, mənə fəxri adlar verilməlidi və ya müxtəlif təltiflər olmaldır. Sadəcə aid olduğum mühitə faydalı olmaq istəyirdim, xalqıma bacardığım formada xidmət edə biləcəyimi düşünərək həvəslənirdim. Əgər müəyyən qədər bu məqsədə nail olmuşamsa, nə xoşbəxtəm...(gülümsəyir).
Uşaq vaxtlarımda, orta məktəb illərində də mütaliəni çox sevirdim, bədii ədəbiyyatla maraqlanırdım, povestlər, romanlar oxuyurdum. Və çox qəribədir ki, oxuduğum romanların hamısında mütləq bir jurnalist obrazı olurdu. Məncə o zaman fərqində belə olmadan bu əsərlərdəki obrazlar da seçimimdə qərarımı qətiləşdirib. Bu gün də sənətimi sevirəm, bu gün də sevə sevə çalışdığım peşə ilə məşğulam. Az-çox tanınıramsa, qəbul edilirəmsə, sevilirəmsə bütün bunlar həm də jurnalistikanın bizə verdiyi özünü təsdiq imkanının nəticəsidir. Əlbəttə, bunu zəhmətimin bəhrəsi kimi də qəbul edirəm. Ümumiyyətlə isə inandığım bir həqiqət var: hər hansı bir sənətə maddiyyatı düşünərək deyil, sevərək gələn insan mütləq uğur qazanır. Və o kəslər uğurludurlar ki, onların hədəfi ətrafındakı insanlara, mənsub olduğu topluma faydalı olmaqdır.

- Bu gün gənclərə örnək ola biləcək jurnalistlərdən kimlərin adlarını çəkə bilərsiniz?

- Əlbəttə, dəyərli, peşəkar jurnalistlərimiz var. Qulu Məhərrəmli, Flora Xəlilzadə, Mir Şahin, Elçin Şıxlı, Aynur Camalqızı, Hikmət Babaoğlu, Elçin Mirzəbəyli, Jalə mütəllimova, Fatma Abbasquliyeva, Aida Eyvazlı kimi onlarla adını qeyd edə biləcəyimiz imzalar var.

- Son olaraq televiziyadan sizi izləyən tamaşaçılarınıza hər hansı sözünüz varmı?

- Bizi tele efirlərdən izləyənlərə sözüm yox, əslində arzularım var. İndi internet-media dövrüdür. Bütün hadisələrdən anında xəbərdar olmaq mümkündür. Buna görə də insanlarımıza dünyadakı bütün elmi inkişaflardan məlumatlı olmalarını, intellektual olmağı, mənən zəngin olmağı, kindən, nifrətdən, böhtandan, xəbislikdən - bir sözlə bütün pisliklərdən uzaq olmalarını arzu edirəm. Yeri gəlmişkən, 2018-ci ilin başlanğıcındayıq. Bu yeni ilin də xalqımız, dövlətimiz üçün uğurlu, düşərli olmasını arzulayıram. Bütün insanlarımıza 2018-ci ildə Qarabağ sevincini yaşamağı diləyirəm. Məncə bizim toplum üçün bundan böyük xoşbəxtlik, uğur ola bilməz. Tanrının bizə 2018-ci ildə bu xoşbəxtliyi yaşatmasını diləyirəm.