Allahşükür Paşazadə: “Azərbaycan dini həmrəylik mühitinin təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynayır”

10 Yanvar 2018 13:20 (UTC+04:00)

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yanvarın 9-da Milad bayramı münasibətilə təşkil etdiyi qəbulda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O, bildirib ki, Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayırlar. Multikulturalizmin və tolerantlığın xalqımızın həyat tərzinə çevrildiyini söyləyən Allahşükür Paşazadə Azərbaycanın dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynadığını qeyd edib. O, 2017-ci ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan edilməsinin əhəmiyyətini vurğulayıb. Şeyxülislam "İslam Həmrəyliyi İli" çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfranslar barədə danışıb. O, həmin tədbirlərdə dövlətimizin başçısının irəli sürdüyü ideyaların həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar tərəfindən böyük ehtiram və dəstəklə qarşılandığını diqqətə çatdırıb. Allahşükür Paşazadə multikulturalizm və dini həmrəyliyin bünövrəsinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, onun siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini söyləyib. O, həmçinin bu yaxınlarda Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etdiyini xatırladıb.