SOS: Güney Azərbaycan fəlakətlə üz-üzə

19 Dekabr 2017 14:51 (UTC+04:00)

Urmu gölünün (Urmiya) quruması nəticəsində havanın kəskin çirklənməsi Güneydə minlərlə soydaşımızı çətin durumda qoyub

Artıq bir neçə gündür ki, Urmu, Təbriz və Cənubi Azərbaycanın bir çox şəhərlərində hava çirkli olduğu üçün məktəblər tətilə çıxıb. Gündəlik həyat demək olar ki, iflic vəziyyətdədir. Havanın çirkli (duzlu) olmasına səbəb kimi İran hökumətinin Urmu gölünü məqsədli şəkildə qurutması göstərilir.

Bununla bağlı Azərbaycan Yazıçılar Biliyinin Güney bölməsinin rəhbəri, şair Sayman Aruz AzNews.az-a danışaraq Güneydə vəziyyətin çox təhlükəli həddə olduğunu bildirdi. Onun sözlərinə görə, hazırda Güney Azərbaycanda yaşamaq mümkün deyil, insanlarımız başqa yerlərə köçməyə məcbur edilir.

S.Aruz problemlə bağlı Azərbaycan ictimaiyyətinə müraicət edir:

"Azərbaycan mətbuatı bu məsələni niyə ictimailəşdirmir? Niyə millət vəkillərimiz susurlar? Niyə 50 milyona yaxın güneyli və milyon kvadratmerdən artıq torpaqlarımızın taleyinə bu qədər biganə yanaşırsız? Urmu, Sulduz, Makı, Salmas, Təbriz, Soyuqbulaq, Qoşaçay, Marağa, Binab və s. şəhərlərimiz olmadan BÜTÖV AZƏRBAYCANımızın gələcəyi necə olacaq?! Millətimizin başını pambıqla kəsirlər! Lütfən oyanın, ayılın, sabah çox gec olacaq...

AzNews.az