“Amazon” şirkəti sukeçirməz bukrider təqdim edib

12 Oktyabr 2017 19:21 (UTC+04:00)

"Amazon" şirkəti "Kindle" seriyasının 10 illiyi münasibətilə ilk sukeçirməz bukriderini təqdim edib. "Kindle Oasis" adlı yeni qurğu "IPX8" müdafiə sisteminə malikdir ki, bu da qurğunu 1 metr dərinliyində suda 30 dəqiqə saxlamağa imkan verir. "Oasis" modeli görünüşcə ötən il təqdim olunmuş eyni adlı qabaqcıl modeldən az fərqlənir. Ekranın diaqonalı 7 düym təşkil edir. 2016-cı ilin bukriderindən fərqli olaraq yeni qurğuya akkumulyatorun işləmə müddətini artıran maqnit örtük qoşmaq olmaz. Həmçinin batareyanın ölçüsü böyüdülüb, lakin korpusun qalınlığı olduğu kimi (3,4 mm) saxlanılıb.

Ekranın sıxlığı əvvəlki kimi (1 düym üçün 300 piksel) saxlanılıb, ancaq  çoxsaylı işıq diodları sayəsində təsvir daha parlaq olub. Həmçinin "Kindle Oasis" modeli işığın parlaqlığını avtomatik tənzimləyən işıqlanma dərəcəsi datçiki, səhifələri çevirmək üçün fiziki düymələr, "Wi-Fi" və "4G LTE" modulları ilə təchiz edilib. Cari ilin oktyabrında bukriderin tədarükünə başlanılacaq. 8 QB yaddaşa malik versiyanın qiyməti 250 dollar təşkil edəcək. "ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən xəbər verir.