Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi siyasi plüralizimə sadiqdir

13 Sentyabr 2017 17:11 (UTC+04:00)

Müstəqillik dövründən etibarən Azərbaycanın getdiyi uğurlu demokratiya yolu bir sıra qanunların da təkmilləşdirilməsi, onların müasir dövrümüzün tələblərinə uyğunlaşdırılmasına zərurət yaratmışdı. Bu zərurət həm də ondan irəli gəlirdi ki, müxtəlif qanunların təkmilləşdirilməsi, onların Avropa, dünya standartlarına uyğunlaşdırılması Azərbaycanın demokratik dəyərlərə, prinsiplərə nə dərəcədə sadiqlik nümayiş etdirdiyini ortaya qoyurdu. Beləliklə, ötən illərdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımlar Azərbaycanın demokratik cəmiyyətin bir üzvü olduğu, demokratik dəyərlərə və prinsiplərə sadiq qaldığını, bu prinsipləri inkişaf etdirmək istiqamətində durmadan çalışdığını sübuta yetirdi. Bütün bunları nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycanda bütün demokratik prinsiplər, dəyərlər qorunur, inkişaf etdirilir. İstər fikir, söz və məlumat azadlığı, istər plüralizim, istərsə də digər prinsiplər.

Plüralizm öz-özlüyündə bir neçə istiqaməti əhatə etdiyi üçün hər bir istiqamətdə görülən işlərə nəzər salmaq məqsəduyğundur. Götürək siyasi plüralizmi. Azərbaycandakı mənzərə, siyasi həyatımız, siyasi həyatda aktiv rol oynayan partiya və təşkilatların kateqoriyası, fəaliyyət istiqamətləri, siyasi xəttinə nəzər yetirsək gəldiyimiz qənaət ondan ibarət olar ki, ölkədə siyasi pluralism qorunur, təmin edilir. Hər bir partiya sərbəst və heç bir maneəçilik olmadan fəaliyyət göstərir, hər bir siyasi təşkilat sərbəst şəkildə öz fikrini ifadə edə bilir. Özü də bu fikri ifadə etmək təkcə fərdi qaydada deyil, toplu, təşkilat halında da təmin edilir. Müntəzəm olaraq siyasi partiya və təşkilatların təşkil etdikləri etiraz aksiyaları belə deməyə əsas verir. Onu da qeyd etmək lazımdır ki, bütün bu məqamlar Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının Qanununda da öz əksini tapır. Elə qanunun özünə. Onun ayrı-ayrı maddələrinə nəzər yetirdikdə də Azərbaycanda siyasi plüralizmin ən yüksək səviyyədə təmin olunduğunum əyani şəkildə şahidinə çevrilirik. Qanunda da ehtiva eidlir ki, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir.

Sərbəst toplaşmaq azadlığı da öz növbəsində siyasi plüralizmin bir göstəricisi hesab edildiyindən dövlət də öz növbəsində bu azadlığa hörmətlə yanaşır, ondan istifadə etmək istəyənlər üçün zəruri şərait yaradır. Məsələn qanunda qeyd edilir ki, dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmçinin onu da qeyd etmək yerinə düşər ki, bu məsələdə beynəlxalq təcrübə də əsas götürülür və Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi məhz bu istiqamətdə uzun yol qət etmiş ölkələrin təcrübəsindən yararlanır. Bu da öz növbəsində Azərbaycanın demokratik dəyərlərə hörmət və ehtiramının əyani sübutudur.

Sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq bu Qanun əsasında tətbiq edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik hüququna təminat verir. Qanunda istifadə edilən "toplantı" anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.

Bəzən Azərbaycanda sərbəst toplaşmaq azadlığının pozulduğu iddia edilsə də, bu kökündən yalnışdır və tamamilə qərəzli fikirlərdir. Qeyd etdiyimiz kimi Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi hələ inidiyə qədər hər hansı ciddi bir əsas olmadan hansısa toplantı və ya mitinqə qadağa qoymayıb, onun keçirilməsini əngəllməyib. Elə Sərbəst Toplaşmaq Azadlığı Haqqında Qanunda da bu əksini tapıb. Qanunda bildirilir ki, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığı müxtəlif formalarda, o cümlədən toplantı vaxtının və yerinin dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. Həmin maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır.

IV. Sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin I hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər.

Siyasi məzmunlu toplantıların ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlarda keçirilməsi məhdudlaşdırıla bilər. Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı xüsusi yerlər ayırmalıdır. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunan yerlərin siyahısı yerli mətbuatda dərc edilir və başqa üsullarla əhaliyə çatdırılır. Təşkilatçılar yığıncaq, mitinq və ya nümayiş üçün təklif olunan yerlərin birini seçə bilərlər. Müvafiq icra hakimiyyəti orqanı yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunmuş yerlərin siyahısını müraciətlər əsasında dəyişdirə bilər.

Mitinq və piketlərin, küçə yürüşləri və digər bu kimi toplantıların keçirilməsi zamanı demokratik prinsiplərin başlıca göstəricilərindən biri sayılan fikir, söz və ifadə azadlığı da yüksək səviyyədə təmin edilir və bu öz əksini sözügedən qanunda da açıq şəkildə tapır.

Sərbəst toplaşmaq azadlığı haqqında Qanunda qeyd edilir ki, şəxslər toplantıda könüllü iştirak edirlər. Heç kəs toplantıda iştirak etməyə məcbur edilə bilməz. Kimi isə toplantıda iştirak etməyə məcbur edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq toplantı zamanı iştirakçıların şifahi və yazılı fikir və söz azadlığı vardır. Bu azadlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına uyğun məhdudlaşdırıla bilər.

Göründüyü kimi Azərbaycan bütün parametrləri üzrə demokratik prinsiplərə tam şəkildə əməl edir. Qeyd edilən məqamlar həm gündəlik həyatda. həm də qanunvericlik bazasında öz əksini tapır. Bu gün cəmiyyətimizdə, respublikada onlarla siyasi partiya və təşkilat fəaliyyət göstərir. Onlar ölkədə keçirilən bu və ya digər seçkidə aktiv iştirak edir, öz namizədləri ilə seçki mübarizəsinə qoşulur, seçib-seçilmək hüququna malikdirlər. Bütün bunlar siyasi plüralizmin də bir göstəricisidir. Bu günə qədər heç bir siyasi partiya və təşkilat öz siyasi kursuna görə təqib edilməyib, ona hansısa bir irad bildirilməyib. Zaman-zaman müxalifətin ən radikalı qanadı belə qanunverici orqana, Milli Məclisə keçirilən seçkilərdə iştirak edərək deputat mandatı əldə edib. Bu gün də Azərbaycan Parlamentində hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı onlarla müxalifət partiyası təmsil olunur, qanunvericilik təşəbbüsləri ilə çıxış edir, Milli Məclisin işində fəallıq nümayiş etdirirlər. Məgər bütün bunlar siyasi plüralzimin, demokratik inkişafın göstəricisi deyilmi?

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir