Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyur

13 Sentyabr 2017 13:59 (UTC+04:00)

Regionlar üzrə ənənəvi sahələrin inkişaf etdirilməsi bunu sürətləndirir

Artıq bir xeyli müddətdir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Xüsusilə, bu sektorda mühüm istiqamət təşkil edən kənd təsərrüfatının daha da inkişaf etdirilməsi bu gün Azərbaycan dövlətinin qarşısında duran prioritet vəzifələr sırasındadır. Elə ayrı-ayrı regionlar üzrə ənənəvi və spesifik sahələrin inkişaf etdirilməsi, bu məqsədlə qəbul edilən dövlət proqramları da bunu təsdiqləyir. Hazırda müşahidə edilən mənzərə ondan ibarətdir ki, respublikanın hər bir regionu üzrə spesifik sahələr tam müəyyən edilib və bir növ yeni strateji yol xəritəsi cızılıb. Aran regionu üzrə pambıqçılıq, şimal-qərb regionu üzrə baramaçılıq, tütünçülük və fındıqçılıq, cənub zonası üzrə isə çayçılıq, çəltikçilik və sitrus meyvələri. Eləcə də yaxın müddətdə digər regionlar üzrə də ənənəvi sahələrin müəyyənləşdirilib həmin sahələrin inkişaf etdirilməsi, öz əvvəlki inkişaf tempinə çatdırılması qarşıda duran vəzifələr sırasındadır. Təsaüdüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də regionlara səfərləri və səfər çərçivəsində həmin regionun ənənəvi sahələrinin inkişaf etdirilməsinə dair keçirdiyi müşavirələrdə bu məqama xüsusi diqqət çəkir.

Dövlət başçısının şimal-qərb regionuna səfərinin yekunu olaraq ölkədə tütünçülüyün inkişaf etdirilməsinə dair Dövlət Proqramının qəbul edilməsi prezidentin cənub zonasına səfərindən sonra da sözügedən region üzrə müvafiq addımların atılacağına şübhə yaratmamışdı. Və çox keçmədən dövlət başçısı cənub zonasına səfərinin yekunu ilə bağlı müvafiq sərəncam imzaladı. Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bir daha təsdiq etdi ki dövlətin qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafının təmin edilməsi, ölkə əhalisinin, xüsusən də bu sahədə çalışan insanların sosial rifahının yaxşılaşdırılması və məşğulluğun artırılması həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Dövlət başçısının sərəncamında qeyd edilir ki, kənd təsərrüfatının ənənəvi sahələrindən olan sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı, əhalinin bu məhsullara tələbatının ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və son məhsul çeşidlərinin artırılması istiqamətində dövlət dəstəyini gücləndirmək məqsədi ilə bir sıra əhəmiyyətli tədbirlər görülüb və uğurlu nəticələr əldə olunub. Bu sahədə dayanıqlı inkişafın təmin edilməsi, tələbatın yerli istehsal hesabına təmin olunması, habelə ixrac imkanlarının genişləndirilməsi üçün əkin sahələrinin və məhsuldarlığın artırılması, toxumçuluq və tingçilik təsərrüfatlarının inkişafı, informasiya-məsləhət xidmətlərinin, kadr potensialının gücləndirilməsi, investisiyaların və ixracın təşviqi, zəruri infrastruktur və maliyyə resursları ilə təminat səviyyəsinin daha da yüksəldilməsi, suvarma sistemlərinin təkmilləşdirilməsi tədbirlərinin sürətləndirilməsi zəruridir.

Azərbaycan Prezidentinin sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına diqqət yetirdikdə, bu sənədin nə qədər mühüm və əhatəli olduğunu aydın görə bilərik. İlk növbədə sərəncam əsasında görüləcək işlər, həyata keçiriləcək tədbirlər regionun spesifik sahələri sayılan çayçılıq, çəltikçilik və sitrus meyvələri istehsalında əvvəlki inkişaf tempini təmin edəcək. Bu birmənalıdır ki, Azərbaycanın cənub zonası daha çox çayçılıq üzrə ad çıxarıb və sovetlərin zamanında bu regionda istehsal edilən çay məhsullarına müttəfiq respublikaların bazarlarında böyük tələbat olub. Həm istehsal həcmi, həm də keyfiyyətinə görə ölkəmiz sovetlərin zamanında müttəfiq respublikalar sırasında qabaqcıl yerlərdən birini tutub. Düzdür, müstəqillik illərindən sonra, xüsusilə 2004-cü ildən icra edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu sahəni inkişaf etdirmək, əvvəlki qüdrətini özünə qaytarmaq məqsədilə müəyyən işlər görülüb. Hazırda da cənub zonasının çay məhsullarına dünya bazarlarında rast gəlmək mümkündür. Lakin hazırkı vəziyyət mövcud potensialla tərs mütənasibdir. Ona görə də bu sahənin daha da inkişaf etdirilməsinə zərurət yaranıb. Bu baxımdan prezident sərəncamı cənub zonasında çayçılığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi qısa zamanda cənub zonasında istehsal edilən çay məhsullarının dünya brendi qazanacağına ümid yaradır. Bu eyni zamanda ölkəyə xarici kapitalın da axını, Azərbaycandan xarici valyutanın çıxmasının qarşısının alınması deməkdir. Qeyd etdiyimiz kimi hazırda çay istehsalında daxili tələbatın tam ödənilməməsi bəzi hallarda xaricdən çay idxalına yol açır ki, bu da ölkədən xarici kapitalın çıxması deməkdir. Bundan sonra görüləcək tədbirlər, çay istehsalının artırılması həm daxili tələbatın ödənilməsi, həm də xaricə kapital axınının qarşısının alınmasına əsaslı dərəcədə təsir göstərəcək.

Prezident sərəncamında yeni çay plantasiyaları, çəltik və sitrus meyvələri sahələrinin salınmnası da qeyd edilir ki, bu da ümumilikdə region üzrə məşğulluğun artırılmasına müsbət təsir göstərəcək amillərdən sayıla bilər. Digər tərəfdən bu sərəncam dövlətin sahibkarlığın inkişaf etdirilməsində də maraqlı olduğunu ortaya qoyur. Sərəncamda Sahibkarlığa Kpmək Milli Fondundan iş adamlarına, fermerlərə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün güzəştli kreditlərin verilməsi əksini tapır ki, bu da heç şübhəsiz iş adamları üçün stimuıl deməkdir. Yəni, iş adamı, sahibkar, fermer dövlətin ona diqqət və qayğı ilə yanaşdığını görərək daha məhsuldar fəaliyyət göstərməyə maraqlı olur. Onu da qeyd edək ki, dövlətin iş adamlarına göstərdiyi bu cür diqqət xarici investorların da Azərbaycana olan marağını artırır. Elə son illərdə ölkənin müxtəlif regionlarında bəlli sahələrin inkişaf etdirilməsi prosesində xarici iş adamlarının sayının artması da, deyilənlərin təsdiqidir.

Süleyman