Ukrayna növbəti məxməri inqilab astanasında

12 Sentyabr 2017 11:17 (UTC+04:00)

İlqar Altay: "Timoşenko kimi çevik və təcrübəli siyasətçi Saakaşvilini dəstəkləyirsə, demək ikincinin hakimiyyətə gəlmək şansı az deyil"

Ukrayna özünün növbəti siyasi təlatüm dövrünü yaşayır. Hər şey sabioq Gürcüstan prezidenti, Ukraynanın Odessa vilayətiunin qubernatoru Mixael Saakaşvilinin Ykrayna vətəndaşlığından məhrum edilməsindən sonra başladı. Hüquqi prosedur baxımdan o qədər də doğru olmayan bu qərarı verərkən Ukrayna prezidenti Poroşenko bəlkə də, verdiyi qərarın ona ciddi problemlər yaradacağını gözləmirdi. Ancaq çox keçmədən Poroşenko bu sürprizlə qarşılaşdı. Belə ki, ötən gün Mixael Saakaşvili tərəfdarları ilə Ukrayna sərhəddini keçərək ölkə ərazisinə daxil oldu. Hazırda Ukraynanın siyasi arenasında baş verənləri təhlil edən analitiklər hesab edirlər ki, bu ölkə növbəti məxməri inqilab astanasındadır. Bu arada məxməri inqilabların fəal iştirakçısı kimi tanınan Yuliya Timoşenkonun da Saakaşvilinin yanında yer alması vəziyyətin kifayət qədər ciddi olduğu və Ukraynada yaxın günlərdə Poroşenko üçün heç də arzu edilməyən proseslərin baş verəcəyini söyləməyə əsas verir. Saakaşvilinin Ukraynaya dönüşünün Avropadan baş tutması isə bu ölkədə növbəti məxməri inqilabın baş verəcəyi ehtimallarını daha da artırıb. İddia edilir ki, artıq Qərb, Avropa Poroşenko hakimiyyətindən qurtulmaq və Ukraynaya öz adamını, yəni Saakaşvilini gətirmək niyyətindədir. Hər halda Saakaşvilinin Ukraynaya Avropadan dönməsi bu ehtimalları artırıb. Bəs görəsən bu nə dərəcədə mümkündür və yaxın perspektivdə Ukraynanı hansı proseslər gözləyir? Bu və ya digər məsələlərlə bağlı İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altaya müraciət etdik.

-İlqar bəy, Mixail Saakaşvilinin Ukraynaya dönüşü və baş verən qarşıdurma bu ölkə üçün yeni bir hakimiyyət çevrilişindən xəbər vermirmi?

-Ukraynada hakimiyyət onsuz da güclü və oturuşmuş deyildi. Bunun iki səbəbi var. Bir prezident Poroşenkonun kifayət qədər siyasətçi və dövlət idarəçiliyində səriştəli olmaması, xalqdan kifayət qədər dəstək ala bilməməsi. O xalqa əvvəlki prezident 1. 1. Yanukoviçin fonunda yaxşı görsənmişdi. Vaxt keçəndə reallıqda isə artıq onun da mənfilikləri üzə çıxdı. Bir də, neçə illik Rusiya və onun dəstək verdiyi Donbasdakı separatizm ətrafındakı müharibə və təxribatlar imkan vermədi ki, ölkədə sabitlik yaransın və sistemli bir dövlət hakimiyyəti, hökumət, idarəçilik qurulsun. Bu halda, Saakaşvili məsələsi kimi ciddi bir, artıq beynəlxalq səs-küyə çıxmış problem təbii ki, Ukrayna hakimiyyətini ciddi də silkələməyə bilməzdi. İndi, bu göstərilənlər fonunda və Saakaşvili ətrafındakı gedişat bu öıkədə çevriliş, ya da nəsə başqa formada yeni hakimiyyət gəlişi üçün əlverişli mühit yarada bilər.

-Sizcə, Saakaşvilinin belə inadkarlıqla Ukraynaya dönüşünün arxasında Qərb dayanmayıbmı? 

-Saakaşvili ümumiyyətlə hərtərəfli potensiallı siyasətçi olmaqla kifayət qədər özünün ictimai-siyasi çəkisi olan adamdı. Bundan başqa o, ağlı və psixoloji üstün keyfiyyətləri kifayət qədər ehtiyatlı və həddini bilmə ölçüsü olmaqla bərabər, həm də özünü cəsur kimi göstərə bilmə qədər davranış, hərəkətlər imkanına malikdir. Həm də daxili-xalqı və xarici , Qərb və Avropa dəstəkçilərini də lazımi anda öz ətrafında səfərbər etmə qabiliyyətlidir. Bütün bu keyfiyyətləri cəm şəklində analiz edə bilməyən insanlar və ya siyasətçilərə elə gəlir ki, Saakaşvili bu keyfiyyətlərdən yalnız birisinə malikdir. Ya xarici Qərb dəstəyi, ya xalq dəatəyi, ya şəxsi cəsurluq keyfiyyəti.

-Bu arada Yuliya Timoşenkonun da Mixael Saakaşvilinin yanında yer alması sizcə Ukrayna üçün ciddi proseslərdən xəbər vermirmi?

-Yuliya Timoşenko, sanki bic-"tülkü" qadın siyasətçidir. Həmişə iy bilir ki, vaxtında necə etsə özünə xal yığıb yer tuta bilər. Vaxt olub, demokrat Yuşşenkonun yanında yer alıb və sonradan birgə hökumətdə imkanları genişlənən kimi onu çökdürüb. Yuşşenko yazıq onunla bacarmadı və axırda dedi ki, bu qadın Ukraynanı baş-ayaq çevirməsə əl çəkməyəcək. Bir zaman Yuşşenko gedəndə getdi Moskvada Putinlə danışıqlara girdi və nəticə olmadı, Yanukoviç hakimiyyəti götürdü. İndi Saakaşvilinin yanında olmaq ona demokratik imic üçün lazımdır. Yəqin ki, bir də gələcək hakimiyyətdə Saakaşvilinin yanında yer almaq üçün. Amma Saakaşvili hakimiyyətə gəlsə çətin ona imkan verə ki, çox əl-qol atsın. Ancaq burada bir fakt var ki, Timoşenko kimi çevik və təcrübəli, iy bilən siyasətçi Saakaşvilini dəstəkləyirsə, demək ikincinin hakimiyyətə gəlmək şansı az deyil.

-Ümumiyyətlə Ukraynanın yaxın perspektivdə gələcəyini necə görürsünüz?

-Düşünürəm ki, bu gedişatla Ukraynanın perspektivi barədə qəti qənaətə gəlmək olmaz. Çünki Ukraynanın taleyi bu saat iki dünya siyasi qütbünün qarşıdurmasının nəticəsindən asılıdır. Saakaşvili, Poroşenko, xalq faktorları məncə hələlik ikinci dərəcə kəsb edir. Çünki, ortada Ukraynanı öz milli-təhlükəsizlik mənafeyi üçün həyati vacib bölgə hesab edən Rusiya, Putin amili də var. Ona görə də, Ukraynanın yaxın prspektvdəki gələcəyi Qərb-Şərq razılaşması və ya qarşıdurması nəticələrindən çox asılıdır.

Süleyman