Fotoqraflar Birliyi və AMEA birgə müsabiqə ELAN EDİR

12 Avqust 2017 20:17 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı və Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə "Kainatı kəşf edək" adlı fotomüsabiqə elan edilir. Birlikdən "Olaylar" - a bildirilib ki, müsabiqə avqustun 11-dən sentyabrın 20-dək peşəkar fotoqraf və həvəskarlar tərəfindən səmanın gözəlliyini əks etdirən fotoşəkillər qəbul olunacaq. Fotolar kodlaşdırıldıqdan sonra peşəkar münsiflər - Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu tərəfindən qiymətləndiriləcək. Səmanın ən gözəl görüntüsünü çəkən üç fotoqraf hədiyyələr və "Kainata səyahət" astroturizm mərkəzində istirahət imkanı qazanacaq, rəsədxananın xüsusi diplomu ilə təltif ediləcək. Müsabiqənin nəticələri rəsədxananın rəsmi saytında dərc olunacaq. Müsabiqənin yekununda iştirakçıların 30-dək fotosunun yer aldığı fotosərginin təşkili nəzərdə tutulub. Sərgi iştirakçısı olan fotoqraflara sertifikat veriləcək.

Fotomüsabiqənin şərtləri: Fotolarda  səma cismləri - Günəş, Ay və ulduzların olması mütləqdir, hər bir foto adı ilə yanaşı, müəllifin adı və soyadı ilə müşayiət olunmalıdır. Fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz, fotolar son 1 il ərzində çəkilməlidir, fotolar rəngli və ya ağ-qara ola bilər, fotolar JPEG formatında, uzun tərəfi 1500 piksel-ə qədər olmalıdır, sərgi üçün seçilmiş fotolar böyük ölçüdə təqdim edilməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququna malikdir.

Bundan əlavə bir müəllifdən 3-dən artıq iş qəbul edilmir, internetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir, mobil telefonlar vasitəsilə çəkilmiş, eləcə də fotoredaktorda işlənmiş fotolar qəbul edilmir, iştirakçı fotoların müsabiqədə istifadəsinin üçüncü şəxslərin hüquqlarını pozmadığına zəmanət verir və bu cür hüquqların pozulmasına görə hüquqi məsuliyyət daşıyır, fotosunu təqdim edən iştirakçı həmin fotoya görə hüququn yalnız ona məxsus olduğunu təsdiq edir. Əks təqdirdə, o, müsabiqədə iştirakdan kənarlaşdırılacaq;

Qeyd edək ki, fotolar 20 sentayabr 2017-ci il tarixindən gec olmayaraq shaophoto1@gmail.com ünvanına göndərilməlidir. Müsabiqə barədə məlumatı "http://www.shao.az" saytından, eləcə də rəsədxananın Mətbuat xidmətindən əldə etmək olar.