“Muğam izaholunmaz bir dünyadı...” -VİDEO

17 İyul 2017 18:30 (UTC+04:00)

Müsahibimiz  2011 - ci ildə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət kanalının dəstəyi ilə yayımlanan Muğam müsabiqəsinin laureatı Elsevər Muradovdur.

Sizi tanıyaq...

Muradov Elsevər Səxavət oğlu. 1989 - cu ildə Astara rayonunun Siyaku kəndində doğulmuşam. Kənddə istedadlı uşaqları seçirdilər. 2001 - ci ildə rayon üzrə "İstedad axtarırıq" müsabiqəsinin birincisi oldum. Daha sonra rayon 1 saylı uşaq musiqi məktəbində təhsil aldım. Baxmayaraq ki, bir ildi musiqi məktəbində idim, məni Respublika Uşaq Muğam Müsabiqəsinə göndərdilər. 2002 - ci ildə həmin müsabiqədə Respublika üzrə II yerə layiq görüldüm. Respublika müsabiqəsində yer tutandan sonra xalq artisti Mənsum İbrahimov məni Bakıya dəvət elədi. Onu da qeyd edim ki, Mənsum müəllimin ilk tələbələrindənəm. 2003 - cü ildə cənab prezidentin and içməsində Heyder Əliyev adına Respublika sarayında "Qarabağ şikəstəsi"ni ifa etdim. Və prezident mükafatına layiq görüldüm. 2004 - cü ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum. 2011 - ci ildə Respublika Muğam müsabiqəsinin diplomatı oldum. 4 ay canlı efirdə, xalq artistlərimizin, tamaşaçılarımız qarşında çıxış etdim. Bu ildə də Milli Konservatoriyaya daxil olmuşam.

Sənətə gəlişinizə kimlər səbəb oldu?

Ailədə həm anamın, həm də atamın gözəl səsi var. Bu sənətdə mənə hər zaman valideynlərim, xüsusən də atamın dəstəyi çox olub.

Ustad kimi kimi özünüzə ustad bilirdiniz?

Bu sənətdə mənim iki müəllimim olub. İlk təməlimi Astara musiqi məktəbində İsabala Həziyev olub. Demək olar ki, Astara rayonundan çıxan bütün ifaçıların, xalq artistlərinin ilk müəllimi olub. 2002 - ci ildən bu günə qədər də Mənsum İbrahimovun tələbəsi olmuşam.

Adətən Muğam müsabiqəsində iştirak edən ifaçılar müsabiqədən sonra efirlərdə tez - tez iştirak edirlər. Sanki siz efirlərdən uzaq düşmüsünüz. Səbəb nədir?

2011 - ci il müsabiqəyə qatılanda səsimin dəyişən vaxtıydı. Ona görə müsabiqədə də özümü ustadlara tam isbatlaya bilmədim. Səsimin dəyişmə müddəti ilə əlaqədar bir müddət onu qorumağa çalışdım. İnşallah bundan sonra efirlərdə, konsertlərdə görsənəcəm.

Hal - hazırda fəaliyyətiniz hansı istiqamətdədi?

Hazırda "Art Garden" məkanında çalışıram. Bura daha çox xarici turistlər gəlir. Biz də onlara muğamımızı sevdirməyə çalışırıq. Bizimlə, sənətimizlə maraqlanırlar. Sevindirici haldır ki, bu gün dünyada  muğam məhz Azərbaycan musiqisi, irsi kimi tanınır. Biz də bacardığımız qədər onlara mədəniyyətimizi sevdirməyə, nümayiş elətdirməyə çalışırıq.

Muğam qəlblə beyinə bağlı, izaholunmaz bir duyğudu. Muğamı necə duyruqsa, hiss ediriksə o cür də ifa edirik. Muğam hansı dərəcədə hiss olunursa, o dərəcə də ifa edilir. Muğam izah olunmaz bir dünyadı...

Bu sənət yolunda ən çox kimlər sizə dəstək olur?

Mənim sənət yolumda atamın danılmaz zəhmətləri var. Hər zaman uğurlarımla atamı sevindirməyə çalışıram. Ustadım Mənsum İbrahimovun, Təyyar Bayramovun dəstəyini hər zaman öz üzərimdə hiss eləmişəm.  

Ustad xanəndələrdən daha çox kimlərin ifalarını mütəmadi dinləyirsiniz?

Daha çox Yaqub Məmmədovu sevirəm və dinləyirəm. İslam Rzayev, Xan Şuşinski, Əbülfət Əliyev, Ağaxan Abdullayev və bütün ustad xanəndələri dinləyirəm.

Həmçinin müsabiqə zamanı mənim ifalarıma dəyərli fikirlər bildirən ustadlarımızın, xalq artistlərimizin Arif Babayevin, Əlibaba Məmmədovun, Səkinə xanım İsmayılovanın, Mənsum İbrahimovun ifalarını da tez -tez dinləyirəm, onlardan nələrisə öyrənməyə çalışıram.

Bu sənətdə kimi özünüzə kumir seçirsiniz?

Bu sənət yolunda mənim idealım Mənsum müəllimdi. Həm bir ustad, müəllim kimi, həm də bir insan kimi. Mənsum müəllim çox gözəl insandı. O bizlər üçün ustad, müəllim deyil, o həm də bizlər üçün mənəvi atadı. Özümü çox şanslı bir insan hesab edirəm ki, Tanrı məni o cür gözəl insanla rastlaşdırdı.

Bundan sonra bu sənətdə qarşınızda hansı məqsədləriniz var?

Bu sənət yolunda məqsədlərim çoxdu. Birinci məqsədim özümü bu sənətdə təsdiqləyim, ustadım kimi tələbələrimin olmasını istərdim. Yaşadıqca, yəqin ki,bu sənətdə  məqsədlərim, amallarım çox olacaq, inşallah.

Pəri