“Dinimizə ağılla, düşüncə ilə baxmaq lazımdır”

30 İyun 2017 13:38 (UTC+04:00)

Əkrəm Həsənov: "İbadətə ancaq dinimizdə göstərilən şəkildə yanaşmaq olar"

"Əks halda bu dində yeni icad hesab edilir ki, bu yeni icada şəriət termini ilə bidət deyilir"

Azərbaycan müsəlman ölkəsi olsa da, lakin insanlarımızın əksəriyyəti heç də İslama aid olan bəzi hökmləri, şərtləri bilmir, ondan uzaq durur. Nəinki, vacib hökm və şərtlər, hətta ən sadə davranışlar barədə belə məlumatsız olanlar var.

Günümüzdə ən çox müşahidə etdiyimiz mənzərələrdən biri də ondan ibarətdir ki, hansısa toplantı və mərasimlərdə, dini mövzuda keçirilən elmi konfranslarda mötəbər şəxslərə, iştirakçılara Qurani-Kərim hədiyyə olunur. Adəti üzrə müqəddəs kitabın bağışlandığı şəxs də onu öpüb başının üstünə qoyur. Yaxud bəziləri müqəddəs kitabı oxuduqdan sonra onu başının üzərinə qoyaraq hansısa dualar edir. Və düşünürlər ki, Quranın başın üzərində qalması ona göstərilən dəyərdir.  Maraqlıdır ki, bir çoxları isə bunun nə məna kəsb etdiyini dəqiq bilmirlər. Və hər kəs bu davranışı özünəməxsus formada şərh edir.

İlhaiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov isə deyir ki, Qurani-Kərim Allahın kəlamı olduğuna görə bəzi insanlar ona hörmət etmək üçün öpüb başlarına sürtürlər. Onun sözlərinə görə, Quranı öpmək onu sevməyin, başa qoymaq isə ona hörmətin əlamətidir: "Onun yüksəkdə olduğunu bildirmək üçün insanlar belə edirlər. Ancaq Qurana qarşı belə sevgi və hörmət göstərilməsi qaydası heç bir yazılı mətnlərdə bildirilməyib. Bəzi məzhəblərdə Qədr gecəsini ibadət edən zaman insanlar Qurani-Kərimin yazılı yerini başlarının üzərinə qoyur, üz qabığını isə səmaya doğru tuturlar, bəzi cərəyanlarda isə əksinə edirlər. Üz qabığını başlarının üzərinə qoyur, Quran mətnlərinin yazılı olan hissəsini isə səmaya doğru qaldırırlar". Əkrəm Həsənov qeyd edib ki,  Qurani- Kərim Allah təala tərəfindən dünya səmasına 23 il ərzində, nazil edilib: "Quranın nazil olunmasının səbəbi insanların onu oxuması, əzbərləməsi və həyatlarını Qurana görə nizamlamasına görədir. Bu səbəblə şəriətimizdə Quranı başın üzərinə qaldırıb qoymaqla bağlı heç bir yazılı mətn, şəriət hökmü yoxdur. İbadətlərin qəbul olunması üçün əsas iki şərt tələb olunur. Birincisi, həmin ibadət Quranda bildirilməlidir, ikincisi isə həmin ibadəti Allahın peyğəmbəri necə edibsə, necə edilməyi tövsiyə edibsə müsəlmanlar da elə etməlidirlər. Ramazanda Qədr gecəsində bəzi məzhəblərin Quranı başlarına qoyması adəti dini mətnlərdə göstərilməyib. Bu adətin bir ibadət formasını da göstərən yazılı heç bir sənəd yoxdur. Təəssüf ki, ilk dəfə Qurana qarşı hörmətsizliyi İslam tarixində xəvariclər ediblər. Onlar Quranı nizələrin üzərinə keçirərək guya Quranla hökm edilməsinin vacibliyini bildiriblər. Halbuki, Quranı başlarına qoyub ona qarşı hörmətsizlik etməklə nizələrə keçirib hörmətsizlik etmək arasında heç bir fərq yoxdur. Hər ikisi İslam dininə görə Qurana hörmətsizlik hesab edilir. Qurani Kərimin ayələrini öyrənib yaddaşda, ağılda, fikirdə saxlamaq lazımdır. Halbuki onu başın üzərinə qoymaqla başa heç nə daxil olan deyildir. Bu səbəblə dinimizə ağılla, düşüncə ilə baxmaq lazımdır. İbadətə ancaq və ancaq dinimizdə göstərilən şəkildə yanaşmaq olar. Əks halda bu dində yeni icad hesab edilir ki, bu yeni icada şəriət termini ilə bidət deyilir. Bidət, dində hansısa yeniliyi etməyə deyilir. Allah Rəsulu (ona və ailəsinə salam olsun) şəriətdə edilən bütün yeniliklırin Allah tərəfindən qəbul edilmədiyini bildirmişdir. Çünki, Allah təala Qurani-Kərimdə İslam dinini tamamladığını bildirmiş, Məhəmməd peyğəmbər dinin əsaslarını, vacibatlarını öyrətmiş, dində sonradan əlavə edilən əməllərədn çəkindirmişdir. Buyurmuşdur ki, kim bizim bu dinimizə yeni nəsə əlavə edilərsə həmin yenilik onu edən insandan qəbul olunmaz, rədd olunar, geri çevrilər. Onu edən insan bidətçi, dində yenilik edən olar. Şəriətdə isə dində yenilik edənlərlə belə salamı kəsmək haqqında alimlər cildlərlə əsərlər yazıblar. Bu barədə saysız-hesabsız Peyğəmbər hədisləri vardır ki, insanlar dində müxtəlif yeniliklər edib müsəlmanların bölünməsinə səbəb olmasınlar. Təəssüf edirik ki, günü-gündən saysız-hesabsız dində yenilik edən insanlar çıxıb, çıxmaqdadır və beləliklə əvvəlki peyğəmbərlərin gətirdiyi şəriətin əsli dəyişdirildiyi kimi qiyamətə qədər mükəmməl din hesab edilən Məhəmməd peyğəmbərə gələn şəriətin də əslini dəyişməyi hədəfləyən kütlələr çıxmaqdadır". İlahiyyatçı deyib ki, Quranı başa qoymaq adəti haqqında bəzi məzhəblərdə bir çox uydurma rəvayətlər mövcud olduğu üçün insanların çoxu bu rəvayətləri əsas götürüb bu adəti edirlər: "Qeyd etdiyim kimi bu adətin İslam dinində heç bir yeri və hökmü yoxdur. Əksinə islam alimləri belə Quranı qarşı edilən hörmətsizliyi doğru hesab etmirlər. Müsəlmanların çoxu bunu etmirlər. Qədr gecəsində olunan ibadətlər haqqında dinimizdə xeyli göstərişlər var. Onların içərisində Quranı başa qoymaq yoxdur. Böyük alimlər bundan insanları çəkindirirlər".

Məhəmməd