Ümumrespublika Maarifləndirici Marafonu başladı

11 Yanvar 2017 19:04 (UTC+04:00)

Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü ilə "Sürət məsafəni deyil, ömrü qısaldır!" adlı Ümumrespublika Maarifləndirici Marafonu start götürüb. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, respublikanın hər bir regionunda keçiriləcək Marafonun əsas məqsədi yol mədəniyyətinin inkişaf etdirilməsinə dəstək verməklə, həm sürücülər, həm də piyadalar tərəfindən yol təhlükəsizliyinə əməl olunmasını təşviq etməkdir. Marafon çərçivəsində televiziya və radio proqramlarının hazırlanması, maarifləndirici materialların tərtib olunması, ictimai müzakirələrin keçirilməsi, sərgi, festival və digər tədbirlərin təşkili planlaşdırılır. Marafon müddətində yol təhlükəsizliyinə cavabdeh olan bütün dövlət qurumları, avtomobil və sığorta şirkətləri, təhsil müəssisələri, kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq ediləcəkdir. Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə mətbuata açıqlamasında bildirmişdir ki, bu Marafonun başladılması zəruri idi. Son illər yol təhlükəsizliyi sahəsində ciddi problemlərin yaşanmasını müşayət edirik. Belə ki, yol təhlükəsizliyinə əməl edilmədiyi üçün yüzlərlə insan avtomobil qəzalarında dünyalarını dəyişir, bəziləri isə ehtiyatsızlıqdan digərlərinin sağlamlığına ağır zərər vuraraq, onların əlil qalmasına səbəb olurlar. Təbii ki, bütün bunları yaradan səbəb sərnişin və ya sürücülərin məsuliyyəti ilə bağlı olan məsələdir. Vətəndaş məsuliyyətinin, xüsusilə də sürücü məsuliyyətinin təşviq edilməsi bu gün çox aktualdır. Çünki avtomobilləri idarə edə bilmək, yaranmış vəziyyətlərdən çıxmaq və s. yol təhlükəsizliyi demək deyil. Çünki burada hamı özünü düşünməməli, eləcə də digərlərinin həyatını da düşünməlidir.

Qeyd edək ki, bu Marafon hazırlanarkən BMT-nin qəbul etdiyi 2011-2020-ci illər üzrə yol təhlükəsizliyi dekadasının tövsiyələri də nəzərə alınıb. Marafon 1 il müddətində davam edəcək.