Yevlaxda “Gömrük və gənc nəsil” mövzusunda görüş keçirilib

11 Yanvar 2017 19:00 (UTC+04:00)

Azərbaycan Respublikası gömrük xidmətinin yaradılmasının 25 illik yubileyilə əlaqədar olaraq yerlərdə "Gömrük və gənc nəsil" mövzusunda məktəblilərlə görüşlər keçirilir. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, növbəti belə görüş Yevlax şəhərindəki 1 saylı tam orta məktəbdə təşkil olunub. Tədbirdə Yevlax Gömrük İdarəsinin əməkdaşları Nurlan Nuriyev, Ramil Mədətov və Xətayi Məmmədli iştirak ediblər. Gömrük əməkdaşları məktəblilərə ümummilli lider Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətlərindən söhbət açıblar. Vurğulanıb ki, məhz dahi öndərin rəhbərliyi altında milli gömrük siyasəti formalaşmış, gömrük sahəsində qanunvericilik bazası yaradılmış, gömrük orqanları müasir avadanlıqlar və texniki vasitələrlə təchiz olunmuş, dünya standartlarına cavab verən gömrük sistemi yaradılmışdır. Hazırda isə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub. Şagirdlərə Azərbaycan Gömrük Xidmətinin quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qoruduğu, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarına qarşı mübarizə apardığı, dünyanın inkişaf etmiş ölkələrinin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə də bilgi verilib. Tədbirin sonunda məktəbin rəhbərliyi bu kimi görüşlərin şagirdlərin dünyagörüşünün genişlənməsində, onların intellektual səviyyəsinin yüksəlməsində mühüm rol oynadığını bildirib və gömrük əməkdaşlarına minnətdarlığını ifadə edib.