"İdeyadan biznesə doğru" müsabiqəsinə yekun  vurulub

20 Dekabr 2016 15:23 (UTC+04:00)

Dekabrın 20-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin biznes inkubator iştirakçıları arasında elan etdiyi "İdeyadan biznesə doğru" müsabiqəsinin yekunlarına dair tədbir keçirilib."Olaylar" xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiəsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Nazir müavini ölkədə gənclərin məşğulluğunun təmin edilməsinə və sosial məsələlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət və qayğının göstərildiyini vurğulayıb. Bildirilib ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkəmizdə 4500-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib, bu kreditlər hesabına 14200-dən çox yeni iş yerləri yaradılıb.Qeyd edilib ki, bu cür tədbirlərdən olan "İdeyadan biznesə doğru" müsabiqəsinin keçirilməsində məqsəd biznes inkubator iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənclərin perspektivli və innovativ biznes ideyalarının müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılmasıdır. Sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi məqsədi ilə elan olunmuş "İdeyadan biznesə doğru" müsabiqəsinin qalibləri elan olunub, onlara mükafatlar təqdim edilib. Biznes inkubatorun 19 iştirakçısına təlimlərdə fəal iştiraklarına görə sertifikatlar verilib, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator otaqlarının açarları iştirakçılara təqdim edilib.