Meksikada Cümhuriyyətin 100 illiyi qeyd olundu

Meksikanın Quanaxuato ştatının San Migel de Ayende şəhərində ənənəvi olaraq keçirilən və Meksikada akkreditə olmuş diplomatik korpus nümayəndələri, yerli QHT və şirkətlər, KİV-lər və şəhər sakinləri, həmçinin çoxsaylı turistlər tərəfindən böyük maraqla qarşılanan Ümumdünya Birlik və Qardaşlıq - XIX Beynəlxalq Görüşü zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub.

Səfirlikdən Olaylar.az -a bildirilib ki, YUNESKO Ümumdünya mədəni irsi siyahısına daxil edilən San Migel de Ayende şəhəri Meksikanın ən beynəlmiləl şəhərlərindən sayılır. Burada altmışa yaxın müxtəlif millət təmsilçisi yaşayır. Quanaxuato Ştatının Hökuməti və San Migel de Ayende şəhərinin yerli hakimiyyəti tərəfindən ənənəvi olaraq təşkil olunan və iki gün ərzində keçirilən bu tədbir müxtəlif milliyyət və mədəniyyət təmsilçilərinin bir araya gətirilməsi məqsədini daşıyır.

Tədbirdə 40-dan artıq Səfirliyin nümayəndəsi iştirak edib. Azərbaycan Respublikasını tədbirdə ölkəmizin Meksikadakı Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.

Tədbirin ilk günü şəhərin mötəbər tarixi binalarından olan Teatro Angela Peralta-da keçirilən açılış mərasimində Quanaxuato ştatının turizm naziri Fernando Olivera Roça da iştirak edib. Açılış mərasimi zamanı tədbir təşkilatçıları tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu çoxsaylı qonaqların diqqətinə çatdırılaraq ölkəmizin nümayəndəsinə söz verildi.

Məmməd Talıbov bu il xalqımızın Azərbaycan Xalq Cümhuriyyətinin - dünya tarixində Müsəlman Şərqin ilk demokratiyasının - yaranmasının yüz illiyini qeyd etdiyini və bunun dünya miqyasında önəmli olan bir tarix olduğunu dedi. O, tarixən mütərəqqiliyi ilə seçilən Azərbaycan xalqının hələ yüz il bundan öncə öz seçimini edərək dini, irqi, milliyəti və cinsindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının təmin edildiyi bir dövlət yaratdığını dedi. Bu möhtəşəm tarixin məhz Meksikada multikulturalizmin rəmzinə çevrilmiş və bu ölkənin müstəqilliyi uğrunda mübarizəsi tarixində olduqca böyük rol oynamış San Migel de Ayende şəhərində qeyd edilməsinin simvolik olduğunu qeyd etdi.

Bundan sonra tədbirin bir sıra iştirakçısına, o cümlədən ölkəmizin nümayəndəsinə, San Migel de Ayende şəhəri yerli Hökuməti adından "Fəxri qonaq" adı ilə təltif olunması barədə qərarnamələr təqdim olundu. Həmin sənədlərin hamısında San Migel de Ayende şəhərinin gerbi ilə bərabər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş rəsmi loqo da yerləşdirilib.

Sonra tədbirdə iştirak edən ölkələr şərəfinə təşkil olunmuş parad zamanı Azərbaycan Respublikasının milli bayrağı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş rəsmi loqo təntənəli şəkildə şəhərin mərkəzi küçələrindən keçirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR