Los Ancelesdə Azərbaycanın dinlərarası harmoniya modeli rəğbətlə qarşılandı

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqunda Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.
Konsulluqdan Olaylar.az -a bildirilib ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Amerika Yəhudi Komitəsinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə 300-dək qonaq, o cümlədən xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsulları, yerli yəhudi icmasının nüfuzlu təmsilçiləri, müxtəlif dinləri təmsil edən din xadimləri, seçkili orqanların üzvləri, eləcə də bir çox icmaların nümayəndələri, ictimai-siyasi xadimlər və jurnalistlər iştirak ediblər. Tədbirin açılışında Sinay Sinaqoqunun kantoru Liza Peykot tərəfindən Azərbaycan himninin ifası böyük rəğbətlə qarşılanıb.
Sinaqoqun ravvini Erez Şerman qonaqları salamlayaraq, belə bir əlamətdar tədbirə evsahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə edib. O, 2015-ci ildə sinaqoqun böyük nümayəndə heyətinin Azərbaycana səfərini qeyd edərək, Azərbaycandakı dinlərarası tolerantlığın bütün qonaqlara yüksək təsir bağışladığını vurğulayıb.
Çıxış edən Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles nümayəndəliyinin sədri Skot Edelman Azərbaycanın bütün müsəlman dünyasında oynadığı nümunəvi rolu xüsusi vurğulayaraq, AYK ilə Azərbaycan arasında qurulmuş sıx dostluq əlaqələrinə yüksək önəm verdiklərini bildirib. 
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunları, zəngin ənənələrinin mövcud olduğunu qeyd edib. 31-i qeyri-islam olmaqla, 809 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan M.Qurbanlı ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxışında ölkəmizdə mövcud olan zəngin tolerantlıq irsindən bəhs edərək, qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü qeyd edib. Diplomat, Sinay Sinaqoqu və Amerika Yəhudi Komitəsi ilə Los Ancelesdə yaradılmış möhkəm dostluq münasibətlərinin ölkəmiz üçün yüksək önəm daşıdığını və bunun Azərbaycanın dinlərarası tolerantlıq modelinin ABŞ-da təbliği işinə yüksək töhfə verdiyini bildirib.
Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Rus Provaslav Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev Azərbaycanın tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, bu ənənələrin artıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldildiyini vurğulayıblar. Natiqlər Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıblar.

Çıxışlardan sonra Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən, DQİDK tərəfindən çəkilmiş qısa film nümayiş etdirilib və Los Ancelesdə fəaliyyət göstərən pianoçu Ceyson Abramsın ifasında Azərbaycan musiqisi təqdim olunub.
Sonda təbdir iştirakçıları Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.
Tədbirin qısa videosuna burada baxmaq olar: https://youtu.be/jcg1VW8BykY

Sinaqoqun yəhudi kantorunun Azərbaycan himnini ifasına burada baxmaq olar: https://youtu.be/YeBmn1ggSls

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR