Holokost və Xocalı soyqırımları Los Ancelesdə anıldı

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin yəhudi mənşəli əməkdaşlarının yaratdığı "Bir Ürək Xilas Et" Fondunun birgə təşkilatçılığı və sözügedən Fondun üzvlərinin iştirakı ilə Nasist Almaniyasında yəhudilərə qarşı soyqırımının başlanğıcı hesab edilən, 1938-ci ilin "Kristal Gecə"sinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Konsulluqdan Olaylar.az - a bildirilib ki, tədbirdə "Bir Ürək Xilas Et" Fondunun rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi və Fondun üzvü Ester Blauqrund çıxış edərək, Baş Konsulluğa belə bir önəmli tədbirə evsahibliyi etdiyi üçün təşəkkürlərini bildiriblər. 

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, 20-ci əsrdə iki dəfə soyqırıma məruz qalmış Azərbaycan xalqının yəhudiləri yaxşı anladığını və Holokost faciəsi ilə bağlı yəhudi xalqının ağrılarını duya bildiyini qeyd etmişdir. 1918-ci ilin Mart Soyqırımı haqda məlumat verən baş konsul, bu soyqırım zamanı erməni daşnaklarının bolşeviklərlə əlbir olaraq on minlərlə mülki Azərbaycan vətəndaşını amansızlıqla qətl etdiklərini, bu soyqırım faktlarının 1919-cu ilin Nyu York Times qəzeti də daxil olmaqla müstəqil mənbələr tərəfindən təsdiqləndiyini, eləcə də Qubada həyata keçirilən soyqırım zamanı erməni daşnaklar tərəfindən azərbaycanlılar ilə yanaşı yəhudilərin də qətliama məruz qaldıqlarını diqqətə çatdırıb. Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərin bununla bitmədiyini qeyd edən baş konsul N.Ağayev, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, tədbir iştirakçılarını 1992-ci ilin Xocalı Soyqırımı haqda da məlumatlandırıb. Holokost barədə danışan N.Ağayev həmçinin qeyd edib ki, II Dünya Müharibəsi dövründə Azərbaycan Avropadan qaçan onminlərlə yəhudiyə qucaq açaraq, onları bu soyqırımından xilas edib.

Daha sonra İsrail kinematoqraflarının çəkdiyi, Holokosta həsr olunmuş sənədli film nümayiş etdirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR