Bayraq Günü Kaliforniyanın Monterey şəhərində qeyd olunub

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun Monterey Şəhər Şurası ilə birlikdə şəhər meriyasının qarşısında keçirdiyi tədbirdə şəhər rəhbərliyi, iş adamları, KİV təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də ABŞ Müdafiə Nazirliyinin Montereydə yerləşən nüfuzlu ali təhsil ocaqlarının professor və tələbə heyəti iştirak edib. Konsulluqdan Olaylar.az - a bildirilib ki, tədbiri giriş nitqilə açan Monterey şəhərinin meri Klayd Roberson (Clyde Roberson) qonaqları salamlayaraq, Montereyin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin müstəqillik tarixi haqda ətraflı danışaraq, üçrəngli bayrağımızın 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyini, 1990-cı ildə Sovet İttifaqının süqutu ərəfəsində ilk dəfə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında muxtar respublikanın bayrağı kimi təsdiq edildiyini və 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı kimi öz təsdiqini tapdığını qeyd edib. Baş konsul müstəqil və müasir Azərbaycanın bütün sahələrdə inkişaf edərək, bu gün regionda ve beynəlxalq arenada böyük nüfuz sahibinə çevrildiyini vurğulayıb. Konsul Monterey şəhəri 2011-ci ildə Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşdığınıiştirakçılara xatırlatdı. 

Daha sonra Monterey merinin imzaladığı, Azərbaycan Dövlət Bayrağı Günü və Monterey-Lənkəran münasibətləri haqda bəyannamə mer K.Roberson tərəfindən baş konsul N.Ağayevə təqdim olunub. Yerli Azərbaycan icmasının üzvü Eldar Xudiyevin skripkada ifa etdiyi "Sarı Gəlin" və "Bayatılar" mahnıları tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, Azerbaycanın Dövlət Bayrağı Gününün şərəfinə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsi əvvəldən axıradək çoxlu sayda Azərbaycan bayraqları ilə bəzədilib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR