Cenevrədə multikulturalizm və tolerantlığın Azərbaycan modelinə dair beynəlxalq konfrans

İsveçrənin Cenevrə şəhərində geniş qeyd olunan "Sülh həftəsi" çərçivəsində "Palais des Nations" sarayında yerləşən BMT ofisində keçirilən konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun Azərbaycan modeli digər ölkələr üçün nümunə kimi göstərilib. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisi, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Cenevrədə yerləşən Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib. "Mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin həlli, Azərbaycanın təcrübəsi" adlı konfransa müxtəlif diplomatik nümayəndəliklərin, QHT-lərin, elmi-tədqiqat qurumlarının və beynəlxalq təşkilatların təmsilçiləri ilə birlikdə 70-dən artıq iştirakçı qatılıb.

Tədbirdə qeyd olunub ki, dini və etnik zəmində yaranan münaqişələrlə qarşılaşan müasir dünyanın getdikcə gərginləşən və qütbləşən təbiətini nəzərə alaraq, Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın multikulturalizm modelindən nümunə kimi isifadə olunmalıdır. Azərbaycan hökuməti digər təşkilatlarla yanaşı BMT-nin Mədəniyyətlərarası Alyansı (UNAOC), UNESCO və Avropa Şurasının dəstəklədiyi Bakı Beynəlxalq Humanitar forumları və Mədəniyyətlərarası Dialoq üzrə dünya forumlarınının təşkilatçısı olub.

Bakı, həmçinin Avropa Olimpiya Komitələrinin himayəsi altında keçirilmiş Bakı - 2015 Avropa Oyunları və İslamiada-2017 İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq və çoxmədəniyyətli tədbirlərə ev sahibliyi etmişdir.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Beynəlxalq münasibətlər departamentinin direktoru Nicat Məmmədli əvvəlcə Azərbaycanın multikulturalizm və dinlərarası dialoqunu əks etdirən qısametrajlı film nümayiş etdirib. Daha sonra o, Florensiyada yerləşən Avropa Universitetinin professoru Roy Olivierdən sitat gətirərək deyib: "Bu gün Azərbaycan hələ də qarışıq məscidlərin olduğu, şiə və sünnilərin birlikdə ibadət etdiyi yeganə ölkədir".

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter öz nitqində qeyd edib ki, dünyəviliyin Azərbaycan modeli və onun sülhpərvər dinlərarası dialoq təcrübəsi, xüsusilə qloballaşma və günümüzün təhlükəsizliyə dair qlobal risklər kontekstində, unikal və uğurlu bir model kimi nəzərdən keçirilməlidir.

Təmsil etdiyi təşkilatın Avropa və Azərbaycanda dini tolerantlıq və multikulturalizmə dair həyata keçirdiyi layihələr haqqında məlumat verən L.Zetter 2016-cı ildə "Dördgünlük müharibə" zamanı azad edilmiş Cocuq Mərcanlı qəsəbəsinə səfəri barədə danışıb. O, qəsəbənin yenidən qurulması üçün görülən işlərdən, insanların dogma yurdlarına böyük həvəslə qayıdışı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Roma Sapienza Universitetinin tədqiqatçısı Dr. Daniel Pommier Vinçelli qeyd edib ki, Azərbaycan Demokratik Respublikasının (ADR) nümayəndələri beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması üçün yorulmadan çalışırdılar. O dövrdə Dağlıq Qarabağ Ermənistanın tərkibində deyildi.

BMT-nin Parlamentlərarası İttifaqının Parlament Nümayəndələri və Xarıcı Əlaqələr üzrə direktoru Anda Filip Bakıya səfəri zamanı zəngin tarixi keçmişə söykənən ənənə və müasirliyin vəhdət təşkil etməsindən təsirləndiyini bildirib. Diplomatın bildirdiyinə görə, Azərbaycanda müxtəlifliyə və bərabərliyə dərin hörmət vardır. Əhalinin bütün təbəqələri özlərini tam ifadə etmək hüququna malikdir və ayrıseçkilik aradan qaldırılmışdır.

BMT-nin İnsan Hüquqları və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru Idris Jazairi 2017-ci ildə Bakıda keçirilən Beynəlxalq Humanitar Forum zamanı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat gətirib. Prezident qeyd edib ki, müxtəliflik təhlükədədir. Dünyada artmaqda olan ksenofobiya, diskriminasiya, irqçilik, islamofobiya və antisemitizm kimi meyllər çox təhlükəlidir. Dünya siyasətçiləri bunlara çox böyük diqqətlə yanaşmalıdırlar.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb. Müzakirələr zamanı Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq modelinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edə biləcək vasitə olduğu vurğulanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR