Baş konsul Nəsimi Ağayevin məqaləsi ABŞ-ın “Forum” jurnalında

Amerikada geniş oxucu kütləsinə malik, ABŞ-dakı Xarici Konsulların Federal Assosiasiyası tərəfindən nəşr olunan "Forum" jurnalının 2017-ci ilin payız buraxılışında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin "Azərbaycan: ümid, müxtəliflik, tolerantlıq və imkanlar diyarı"adlı məqaləsi çap olunub.
Baş konsuluqdan Olaylar.az - a bildirilib ki, Bakının və Azərbaycanın digər gözəl diyarlarının rəngarəng şəkilləri ilə əhatə olunan məqalədə baş konsul, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında geniş məlumat verərək, ölkəmizdə müsəlman, yəhudi və xristianların, eləcə də şiə və sünnilərin dinc yanaşı və sülh şəraitində yaşadıqlarını, bu müxtəliflik və harmoniyanın ölkəmizdə çiçəklənməkdə davam etdiyini qeyd edir.
N.Ağayev Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti haqqında məlumat verərək, müsəlman dünyasında ilk opera, operetta və baletin ölkəmizdə səhnəyə qoyulduğunu diqqətə çatdırıb. Diplomat Azərbaycan muğamının əsrarəngizliyindən bəhs edərək, balabanda ifa edilmiş muğamımızın dünya musiqi incilərindən biri kimi 1977-ci ildə NASA tərəfindən "Voyager" kosmik uçuş aparatına bərkidilmiş "Qızıl Val"a daxil edildiyini vurğulayır. 2017-ci ilin mayında Baş Konsulluğun təşkilatçılığı ilə Kaliforniyanın Los Anceles və San Dieqo şəhərlərində keçirilmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş, tanınmış Azərbaycan musiqiçilərinin ifasında muğamlarımızın, opera musiqimizin və milli rəqslərimizin ifasından ibarət möhtəşəm konsertlər barədə məlumat verib.
Sonda baş konsul Azərbaycanın millətlər və dinlərarası sülh, harmoniya, qarşılıqlı anlaşma və tolerantlıq modelinin dünyanın başqa yerlərində də tətbiq olunacağına ümid etdiyini qeyd edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR