BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində beynəlxalq elmi konfrans keçiriləcək 

24-25 noyabr tarixlərində  Bakı şəhərində BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində "Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu" adlı beynəlxalq elmi konfrans keçiriləcək. "OLAYLAR"-ın "Azərsu" ASC-yə istinadən verdiyi xəbərə görə, konfrans Qlobal Saziş Azərbaycan Şəbəkəsi, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda universitetlər, hökumətlər, şəhərlər və dövlət qurumlarının davamlı inkişaf məqsədləri ilə məşğul olan milli və beynəlxalq mütəxəssisləri iştirak edəcəkdir. İki gün ərzində tədbir iştirakçıları Davamlı İnkişaf  Məqsədlərilə bağlı qarşıya çıxan problemləri müzakirə edəcək, ideyalar, təcrübələr və gözləntilər ətrafında fikir mübadiləsi aparacaqlar. Müzakirələr zamanı elmi inkişaf, yerli və qlobal səviyyədə  qarşılıqlı münasibətlərə xüsusi diqqət yetiriləcəkdir. Qlobal Məqsədlər kimi tanınan Davamlı İnkişaf Məqsədləri yoxsulluğun aradan qaldırılması, planetin qorunması, bütün insanların sülh və firavanlıq şəraitində yaşamasını təmin etmək üçün  həyata keçirilən universal çağırışdır. İqlim dəyişikliyi, iqtisadi  bərabərsizlik, yenilik, sülh  və ədaləti əhatə edən bu məqsədlər gələcək nəsillərə  davamlı həyatın yaxşılaşdırılması  üçün  doğru seçimlər etməyə imkan yaradır. Həmçinin ölkələrin  prioritetlərinə  və dünyanın ekoloji problemlərinə  uyğun hədəfləri müəyyənləşdirir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR