ABŞ-da  Azərbaycan və regionun strateji əhəmiyyəti müzakirə edildi

İyulun 10 - da Vaşinqton şəhərində hazırda nüfuzlu düşüncə mərkəzi olan "İrs Fondu"nda (Heritage Foundation) "Təhlükəsizlik və İqtisadi İnkişaf: İpək Yolu və Xəzər" mövzusunda tədbir keçirilmişdir.

Azərbaycanın Amerikadakı səfirliyindən "Olaylar" - a bildirilib ki, tədbirdə ABŞ administrasiyasının rəsmiləri, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, çoxsaylı düşüncə mərkəzlərinin əməkdaşları və müxtəlif ekspertlər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açmış İrs Fondunun vitse-prezidenti Ceyms Karafano tədbirin əhəmiyyətini vurğuladı. Bundan sonra çıxış edən Ağ Evin Mərkəzi Asiya üzrə direktoru David Qambl regionun əhəmiyyətini qeyd edərək və ölkəsinin əməkdaşlığı irəli aparmaqda maraqlı olduğunu bildirdi. O, geniş əməkdaşlıq imkanlarından danışaraq əsasən iki istiqaməti vurğulamışdır: təhlükəsizlik və iqtisadi əməkdaşlıq. D.Qambl ABŞ-ın regionla daha çox iqtisadi əməkdaşlığı üçün zamanın yetişdiyini qeyd etdi.

Daha sonra regionda təhlükəsizlik məsələlərinə həsr olunmuş paneldə ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov, Qazaxıstanın ABŞ-dakı səfiri Erjan Kazıxanov və Özbəkistanın BMT yanında daimi nümayəndəsi Bəxtyar İbragimov çıxış etdilər. Paneldə İrs Fondunun Xarici Siyasət Mərkəzinin direktoru Lyuk Kofi moderatorluq edib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə ABŞ Dövlət katibi Reks Tillerson arasında 10 iyul tarixində keçirilən görüşü xatırladaraq, tərəflər arasında geniş çeşidli məsələlərin, o cümlədən Azərbaycanın aparıcı rolu ilə həyata keçirilən Cənub Qaz Dəhlizinin icrasının müzakirə edildiyini qeyd etdi.  Avropanın enerji təhlükəsizliyinə töhfə verən bu layihənin də müasir İpək Yolunda əlavə bir beynəlxalq enerji magistralı yaratdığını bildirdi. E.Süleymanov ABŞ-ı enerji diplomatiyasında, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşdırılmasında daha da fəal səylər göstərməyə çağırdı.

Daha sonra ölkəmizin müasir İpək Yolunda oynadığı vacib rola toxunan E.Süleymanov, Qərb-Şərq daşımalarının daha da sürətləndirilməsi məqsədilə Azərbaycanın region ölkələri ilə sıx işlədiyini qeyd etdi. Səfir bu yaxınlarda Azərbaycanın təşəbbüsü ilə altı regional dövlətin Vaşinqtonda təşkilatçılığı ilə keçirilmiş Trans-Xəzər Forumunu qeyd edərək, müstəqillik əldə etdikdən sonra 26 il ərzində bu dövlətlərin birgə əməkdaşlıq etməklə regionu inkişaf etdirdiklərini, enerji və nəqliyyat layihələri həyata keçirməklə həm beynəlxalq inkişafa, həm də regional sülh və rifaha töhfə verdiklərini bildirdi.

Yaxın Şərqdə cərəyan edən radikalizm və qeyri-sabitlik kontekstində E.Süleymanov qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri mötədil və dünyəvi cəmiyyətlər qurur və tərəqqi və inkişafa yönəlmiş bu yanaşma təqdir edilməlidi. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin birgə quruculuq işi fonunda səfir xüsusi vurğulamışdır ki, radikallıq yalnız dini baxışlardan deyil, həmçinin etnik əsaslı ideologiyalardan qaynaqlanır və buna misal olaraq torpaqlarımızı işğal etmiş və dinc sakinlərə divan tutan Ermənistanı misal

gətirmişdir. Bu yaxınlarda iki yaşlı Azərbaycanlı körpə Zəhra Quliyeva və onun nənəsini niyyətli şəkildə qətlə yetirən Ermənistan tərəfi belə addımlarıyla nəinki regional sabitliyə zərbə vurur, eyni zamanda öz gələcəyini uçuruma aparır. Səfir ABŞ-ı Minsk Qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində daha fəal səylər göstərməyə çağırdı.

Hazırda regionda fiziki infrastrukturun tikilib qurtarmaq üzrə olduğunu söyləyən E.Süleymanov, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin birgə işləyərək sərhəd-keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi üzərində çalışdığını qeyd etdi. Azərbaycan diplomatı bu sahədə ən yaxşı dünya təcrübələrinin öyrənildiyini qeyd etdi. Eyni zamanda, E.Süleymanov Azərbaycanda ilk tətbiq olunan, şəffaflığın təmin edilməsində ciddi uğur olan və bütün dünyada təqdir olunan "Asan Xidmət" layihəsinin xidmət göstərmədə vətəndaşlara gətirdiyi rahatlığı vurğuladı və bunun bir yaxşı örnək kimi digər dövlətlər tərəfindən də öyrənilməli olduğunu qeyd etdi.

Növbəti paneldə regionun iqtisadi məsələləri müzakirə edilmişdir. Xəzər Siyasət Mərkəzinin rəhbəri Əfqan Niftiyevin moderatorluq etdiyi bu paneldə natiqlər qismində ABŞ Silahlı Qüvvələri Baş qərargah rəisinin xarici siyasət məsələləri üzrə müşaviri səfir Riçard Norland, qazaxıstanlı təhlilçi Timur Şaimergenov və Enerji, Təbii Ehtiyatlar və Geopolitika Mərkəzinin Direktoru Ariel Kohen çıxış etmişlər.

Çıxış edən digər natiqlər də Azərbaycanın regionda oynadığı strateji rolu qeyd etmiş və aparılan regional əməkdaşlığı təqdir etmişlər.

Qeyd edək ki, bu tədbir İrs Fondu ilə yanaşı Xəzər Siyasət Mərkəzi və Qlobal Təhlükəsizliyin Təhlili İnstitutu tərəfindən təşkil olunmuşdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR