Netanyahunun Bakı səfəri Kremli hərəkətə gətirdi

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri İranın siyasi və dini dairələrində açıq-aşkar narahatlıq yaratdı. İrandan başqa Rusiya da İsrail baş nazirinin Azərbaycana səfərini diqqətlə izlədi. Doğrudur, İrandan fərqli olaraq Rusiyanın İsraillə tərəfdaşlıq münasibətləri var və Netanyahu Bakıya gəldiyi kimi Moskvaya da səfərlər edib rusiyalı həmkarı ilə geniş dialoq aparır.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib ki, Netanyahunun Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə etdiyi iki mövzu Kremli narahat etməyə bilməzdi: "Birinci mövzu İsraillə Azərbaycan arasında artan hərbi əməkdaşlıqdır. İlham Əliyev Benyamin Netanyahu ilə görüşdə ilk dəfə İsraillə hərbi əməkdaşlığın miqyasını göstərən rəqəmi açıqladı. İki ölkə arasında 5 milyard dolarlıq hərbi əməkdaşlıq sazişi qüvvədədir. Rusiya Ermənistanda "İsgəndər" raketlərini yerləşdirdikdən sonra rəsmi Bakı tərəfdaş ölkələr olan Pakistan və İsraillə hərbi əməkdaşlığı genişləndirmək üçün danışıqları intensivləşdirib. Azərbaycana "İsgəndər" raketlərini neytrallaşdırmağa imkan verən qoruyucu müdafiə sistemlərinə ehtiyacı yaranıb və rəsmi Bakı bu tip silahları ya Pakistandan, ya da İsraildən ala bilər. Hər iki dövlət Azərbaycana yeni növ hərbi texnika satmaqda maraqlıdır. Hadisələrin bu istiqamətdə inkişafı isə Moskvanı narahat etməyə bilməz.

Birincisi, Rusiya Azərbaycanın silah bazarını özü üçün itirə bilər. Məsələ burasındadır ki, Azərbaycan təxminən 5 milyard dollarlıq silah və hərbi texnikanı da Rusiyadan alıb. Ancaq "İsgəndər" raketlərinin Ermənistanda yerləşdirilməsi rəsmi Bakını Rusiyadan narazı salıb və mümkündür ki, Azərbaycan Rusiyadan ala biləcəyi hərbi texnikanı başqa ölkələrdən alsın. İkincisi, Rusiya Azərbaycan bazarını itirmək istəmir. Ona görə də Azərbaycanın İsraildən ala biləcəyi yeni modern hərbi texnika Kremli narahat etməyə bilməz. Məsələn Azərbaycan İsraildən "İsgəndər" raketlərini üstələyən müdafiə kompleksi alsa, bu Rusiyanın hərbi-sənaye kompleksinin nüfuzuna xələl gətirəcək. Çünki, "İsgəndər" raketlərinin İsrailin üstün müdafiə kompleksindən geri qaldığı və Azərbaycana təhlükə yaratmayacağı aşkarlanacaq. Halbuki, Rusiya "İsgəndər" raketlərini Ermənistana məhz ona görə verdi ki, bölgədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasının qarşısını alsın. İndi isə bəlli olacaq ki, əslində Moskva bu addımı ilə əks-nəticə ilə üzləşəcək. Ermənistana "İsgəndər" raketlərinin verilməsinin Moskvanın strateji səhvi olduğu aşkarlanacaq". Politoloqun sözlərinə görə, təsadüfi deyil ki, Benyamin Netanyahudan dərhal sonra Kreml öz emissarını Bakıya göndərir: "Rusiya baş nazirinin müavini Dmitri Roqozin Bakıya gəlir. Dmitri Roqozin Rusiya hökumətində hərbi-sənaye kompleksinə məsuldur. Roqozin bu vəzifədə olduğu dövrdə ölkəsinə çox xeyir verib, məhz onun səyləri sayəsində Rusiya müxtəlif ölkələrə on milyardlarla dolar dəyərində hərbi texnika satıb. Azərbaycanın Rusiyadan milyardlarla dollar dəyərində silah almasında da Roqozinin xidməti var. Roqozin az qala il boyu bir neçə dəfə Bakıya gəlir və iki ölkə arasındakı hərbi əməkdaşlığın inkişafını müzakirə edir. Ancaq Roqozinin Bakıya budəfəki səfəri fərqlidir. Onun Bakıda əsasən iki sual ətrafında müzakirələr

aparacağı şəksizdir. Birinci sual: Rusiya Ermənistanda yerləşdirdiyi "İsgəndər" raketlərini Azərbaycana satmağa hazırdırmı? İkinci sual: Rəsmi Bakı İsraildən hansı silahlar almaq istəyir ki, onu Rusiya Azərbaycana sata bilər? Əgər birinci suala Roqozin cavab verməlidirsə, ikinci sual rəsmi Bakıya ünvanlanacaq. Dmitri Roqozin ölkəsinin Azərbaycana daha çox silah satmasını istəyir və bu zaman onu rəsmi İrəvanın mövqeyi maraqlandırmır. Rəsmi İrəvan Rusiya-Azərbaycan hərbi əməkdaşlığından narahat olanda Roqozinin buna "twitter" səhifəsindən cavabı qısa olmuşdu: "Demaqogiya ilə məşğul olmayın!". Ancaq "İsgəndər" raketlərinin Azərbaycana satılması yalnız Roqozindən asılı olan məsələ deyil. Bununla bağlı Rusiya hakimiyyətinin kollektiv qərarına ehtiyac var. Rusiyanın iki variantı var. Birinci variantda Rusiya Azərbaycana "İsgəndər" raketlərini satmır və rəsmi Bakı bu tip raketləri başqa ölkələrdən alır və gəlir də həmin ölkərə çatır. İkinci variantda Rusiya "İsgəndər" raketlərini Azərbaycana satır və Azərbaycanın hərbi bazarında mövqelərini yenidən möhkəmləndirir. Məntiqlə Moskva ikinci varianta üstünlük verməlidir. Ancaq bu halda Rusiya hərbi-strateji müttəfiqi Ermənistanı narazı salmalıdır. Rusiya buna hazırdırmı? Bu sualın cavabı yaxın günlərdə bəlli olacaq. Çünki, rəsmi Bakı Rusiyanın Azərbaycana "İsgəndər" raketlərini satıb-satmamasıyla bağlı cavabını çox gözləməyəcək". Elxan Şahinoğlu deyir ki, Kremli Netanyahunun Bakıda müzakirə etdiyi ikinci mövzu da narahat etməmiş deyil: "Netanyahu Bakıda dedi ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında tikilən boru xətləri üzərindən Avropaya daşımaq istəyir. Əgər bu reallaşarsa TAP və TANAP boru xətləri Rusiyanın inşasına başlamağa hazırlaşdığı "Türk axını"na ciddi alternativ olacaq. Onsuz da Qərb ölkələri Rusiyanın qaz asılılığını azaltmaq üçün Azərbaycanq qazına üstünlük verirlər. Ancaq Azərbaycanın qaz rezervləri azdır, Rusiya qazına real alternativ deyil. Buna baxmayaraq, əgər İsrail zəngin qaz yataqlarını da TAP və TANAP istiqamətləndirərsə, Azərbaycanla Türkiyənin birgə inşa etdikləri boru xətləri kifayət qədər qazla doldurulacaq. Kreml Xəzərin dibi ilə boru xəttinin inşasına və Türkmənistan qazının bu boru xətti ilə Azərbaycan və Türkiyə üzərindən Avropaya nəqlinə mane oldu. Ancaq İsrail qazının Azərbaycan və Türkiyə üzərindən Avropa bazarına çatdırılmasına mane olmaq Rusiyanın imkanı xaricindədir".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR