Türkiyə mətbuatı ölkəmizin turizm imkanlarından yazıb

Bu günlərdə Türkiyənin populyar mətbuat orqanlarından "Vatan", "Sözcü", "İstiklal Gazetesi", "Dünya", "Diriliş Postası" və "Yeniçağ" gündəlik qəzetlərində Azərbaycanın turizm imkanlarından bəhs edən məqalələr dərc olunub. "OLAYLAR"-ın xəbərinə görə,  Mədəniyyət və Turizm Nazirliyinin qardaş ölkədəki turizm təmsilçiliyinin icraçı direktoru Nurlana Çakmakın açıqlamaları əsasında hazırlanan və "Azərbaycan türkiyəli yatırımçıları və turistləri gözləyir" sərlövhəli məqalələrdə ölkəmiz turizm imkanları haqqında geniş məlumat verilir.

Yazılarda Azərbaycanın son illər böyük inkişaf yolu keçdiyi, xüsusilə paytaxt Bakının daha da gözəlləşdiyi qeyd edilir. Azərbaycanın sadəcə neft və qaz ehtiyatları ilə tanınan ölkə olmadığı, qədim tarixi, mədəniyyəti, təbii gözəllikləri və zəngin mətbəxi ilə də şöhrət qazandığı bildirilir. Vurğulanır ki, Azərbaycanda son illərdə turizm sahəsində xeyli uğurlar əldə edilib. Xarici ölkələrdən, o cümlədən Türkiyədən turizm sahəsi üzrə investorlar üçün geniş potensial var. Azərbaycan eyni zamanda qardaş ölkədən turist axını gözləyir.

Qeyd olunur ki, turizm nümayəndəliyi tərəfindən ölkəmizin təbliği istiqamətində həyata keçirilən layihələr arasında "Sən də Azərbaycanı gör" adlı kampaniya xüsusilə maraqla qarşılanır.

Məqalələrdə güclü dostluq və qardaşlıq bağları olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyi, qarşılıqlı olaraq investisiya yatırıldığı bildirilir.

O da diqqətə çatdırılır ki, Azərbaycanın zəngin mədəniyyəti, mətbəxi, yaradılan müasir turizm infrastrukturu, bir sıra ölkələrin vətəndaşları üçün viza verilişinin sadələşdirilməsi, elektron turist vizası sisteminin tətbiqi xarici turist sayının artmasına səbəb olub.

Qeyd edək ki, Azərbaycanın Körfəz ölkələri üzrə ("Atlantis Holidays"), Almaniya ("Aviareps"), Rusiya Federasiyası ("Tur A Vent") və Türkiyədə ("Gateway") turizm üzrə nümayəndəlikləri fəaliyyət göstərir. Bu nümayəndəliklər ölkəmizin mədəni irsi, turizm imkanları, təbiəti və zəngin mətbəxinin daha geniş coğrafiyada tanınmasında önəmli rol oynayır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR