Bələdiyyə turizminin inkişafı və perspektivləri

Fərman Salmanlı: "Bələdiyyələrin turizm sektoruna daxil olması turizm sahələrinin daha da inkişafı və rəqabətə davamlı turizm xidmətləri üzrə keyfiyyətin yüksəldilməsi ilə nəticələnə bilər"

Yerli özünü idarəetmə orqanlarının çəkdikləri maliyyə sıxıntılarının kökündə bələdiyyələrin davamlı maliyyəsinin və iqtisadi əsaslarının tam formalaşmadığı səbəbi durmaqdadır. Təəssüf ki, hələ də əksər bələdiyyələrin büdcə gəlirləri torpaq alqı-satqısı və vergilər əsasında formalaşır və yaxud bir çox bələdiyyə nümayəndələri tərəfindən bələdiyyə orqanlarının inkişafının yalnız torpaq alqı-satqısı əsasında mümkün olacağı düşünülür. Halbuki iri şəhərlərdən, qəsəbə və ucqar kəndlərə qədər ölkənin bütün ərazisini əhatə edən yerli özünü idarəetmə orqanı olan bələdiyyələr iqtisadi inkişaf proqramları və layihələrin həyata keçirilməsi kimi geniş resurs və imkanlara malikdirlər.

Hökməli bələdiyyəsinin sədr müavini Fərman Salmanlı qeyd edir ki, bələdiyyələrin inkişafını təmin edə biləcək iqtisadi imkanlardan biri də milli iqtisadiyyatın əsas sektorlarından olan turizim sektorudur. Onun sözlərinə görə, son illərin statistik göstəricilərinə əsasən turizm Azərbaycanda inkişaf edən sektorların ilk sıralarında yer alır: "Bələdiyyələrin turizm sektoruna daxil olması turizm sahələrinin daha da inkişafı və rəqabətə davamlı turizm xidmətləri üzrə keyfiyyətin yüksəldilməsi ilə nəticələnə bilər. Bu turizm sahələrinin sırasına sağlamlıq turizmi, qış turizmi, yay turizmi, kənd turizmi, idman turizmi, ekoturizm, ov turizmi, dini turizm, işgüzar turizm, çimərlik turizmi, mədəni turizm və turizmin digər sahələri daxildir. Bələdiyyələrin turizm sektorunda iştirakı ilə mövcud turizm sektorına "bələdiyyə turizmi" adlı yeni bir turizm sahəsini əlavə etmək mümkündür. Turizm sektorunda bələdiyyələrin iştirakına nail ola bilsək ölkəmizdə turizmin inkişafına və bələdiyyələrin əlavə maddi qazanc əldə etməsinə böyük töhvələr verməklə yanaşı, dünyada ilk dəfə olaraq "Bələdiyyə Turizmi" hərakatını başladaraq yeni bir turizm sahəsinin əsasını qoya bilərik. Bələdiyyə turizmi dünyada analoqu olmayan yeni turizm növü olmaqla yanaşı termin olaraq da yeni ifadədir". O, bildirib ki, ölkəmizdə şəhər bələdiyyələri ilə region bələdiyyələrinin fəaliyyəti müqayisə edildikdə şəhər bələdiyyələrinin daha çox inkişaf etdiyinin şahidi oluruq: "Bu səbəbdən "Bələdiyyə turizminin" yaradılması bölgə bələdiyyələrimizin inkişafı və eyni zamanda bölgələrdə turizm infrastrukturunun inkişafı deməkdir. Bələdiyyə turizmi nədir və bələdiyyə turizminin əsasını nələr təşkil etməlidir? Bələdiyyə turizminin əsaslarını yerli özünü idarəetmə orqanlarının turizm sektorunda özlərinə məxsus xüsusi tədbirlərin həyata keçirilməsi və bələdiyyələr tərəfindən regionlara turistlərin cəlb edilməsi təşkil edir. Bunun üçün ilk olaraq bir sıra tədbirlər həyata keçirilməlidir: Məsələn, hər bir bələdiyyə orqanı tərəfindən ərazisində turizm üçün yararlı resurs və imkanlar müəyyən edilərək siyahıya alınmalıdır. Buraya tarixi abidələr, mədəni irs, meşələr, göllər, çaylar, müalicəvi zonalar və turistlər üçün cəlb edici olan digər turizm obyektləri daxildir. Bundan başqa bələdiyyələr arasında iki tərəfli və çox tərəfli əməkdaşlıqlar qurulmalı və əlaqələr güclənməlidir. Xüsusən bölgə bələdiyyələri ilə böyük şəhər bələdiyələri arasında əlaqələrin qurulması vacibdir. Bələdiyyələr tərəfindən digər bələdiyyələrlə birgə və ya təklikdə turizim şirkətləri təsis edilməlidir. Bələdiyyələrin Statusu Haqqında Azərbaycan Respublikasının Qanuna əsasən bələdiyyələr təsərrüfat fəaliyyəti və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər, mmc-lər və digər müəssisələr təsis etməklə biznes sektoruna daxil ola bilərlər". Fərman Salmanlı deyir ki, bələdiyyələrin beynəlxalq əlaqələri gücləndirilməlidi: "Bələdiyyələrin Statusu haqqında Azərbaycan Respublikasının qanuna əsasən bələdiyyələr və bələdiyyələrin assosiasiyaları müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya və yerli özünüidarəetmə orqanlarının ixtisaslaşdırılmış təşkilatlarına üzv ola bilərlər. Daha sonra bələdiyyə turizminin qurulması istiqamətində bələdiyyələrin ərazilərindəki müəyyənləşdirilmiş tarixi, mədəni, gəzməli, görməli və səfalı ərazilərinə turistlərin cəlb edilməsi istiqamətində bələdiyyə orqanları aşağıdakı fəaliyyətlərin həyata keçirilməsinə çalışılmalıdır: Hər hansı bir bələdiyyə tərəfindən digər bələdiyyələr ilə birlikdə və yaxud təklikdə öz ərazilərində yerləşən tarixi abidələrə, mədəni irs, meşələr, göllər, çaylar, müalicəvi zonalara ödənişli turlar və ekskursiyalar təşkil edilə bilər. Bələdiyyələr xüsusən böyük şəhər bələdiyyələri tərəfindən digər bələdiyyələrin ərazilərində yerləşən tarixi abidələrə, mədəni irs, meşələr, göllər, çaylar, müalicəvi zonalara ödənişli turlar və ekskursiyalar təşkil edilə bilər. Eyni zamanda bölgələrdə bələdiyyələrin təşkilatçılığı ilə mütamadi olaraq festivallar, konfranslar, təqdimatlar, bayram tədbirləri və insanların diqqətini cəlb edəcək müxtəlif layihələr həyata keçirilməklə bölgələrimizə turistlərin marağının və axınının artmasına nail olmaq mümkündür. Bələdiyyələrimiz xarici ölkə bələdiyyələri və bələdiyyələrin yaratdığqları beynələxalq təşkilatlarla əlaqələr qurmaqla həmən bələdiyyələrlə turizm sahəsində əməkdaşlıq edərək ölkəmizə xarici turistlər cəlb edilə bilər. Nümunə olaraq Azərbaycan bələdiyyələrinində üzvü olduğu iyirmi səkkiz dövlətin yerləşdiyi geniş coğrafiyanı, bu coğrafiyada yaşayan 100 milyonlarla insanların həyatı və fəaliyyəti ilə əlaqədar sahələri əhatə edən beynəlxalq təşkilat Türk Dünyası Bələdiyyələr Birliyini göstərmək olar. Bələdiyyələrin mülkiyyətində olan turizm xarakterli təsisatlar qurulmalıdır. Buraya bələdiyyələrin daxili imkanları və yaxud kreditlər hesabına insanların istirahət edə biləcəkləri kiçik və yaxud böyük turizm təsisatları olan iaşə obyektlərinin (çayxanalar, kafelər, restoranlar, kiçik və yaud böyük otellər) qurulması daxildir. Bələdiyyələr iş adamlarının marağını cəlb edəcək şərtlərlə onlarla birgə öz ərazilərində şərikli turizm təsisatlarının qurulmasına nail ola bilərlər. Məsələn bələdiyyələr öz torpaqlarını heç bir ödəniş olmadan iş adamlarına bu torpaqlarda yaradıla biləcək turizm təsisatlarının şəriki olmaq şərtiylə təqdim edə bilərlər. Həmçinin onlarla turizm şirkətləri arasında işgüzar əməkdaşlıqlar qurulmalıdır. Bölgələrə turlar təşkil edən turizim şirkətləri ilə müqavilə bağlamış bələdiyyələr qanunvericiliklə icazə verilmiş qaydada, şirkət tərəfindən gətirilmiş turistlərə müəyyən ödənişlər əsasında öz ərazisində istirahət üçün şərait və nahar kimi xidmətlər göstərə bilərlər". Fərman Salmanlının qənaətincə, bələdiyyə turizminin təşəkkülü təkcə bələdiyyələrin inkişafına müsbət təsir etməsiylə məhdudlaşmayacaq, bələdiyyə turizmi həmdə regionlarımızda yeni turizm mərkəzlərinin yaranmasına, yeni iş yerlərininin açılmasına və sakinlərin məşğulluq səviyyəsinin artmasına əhəmiyyətli təsir göstərəcək: "Eyni zamanda bələdiyyə turizmin inkişafı ölkəmizdə turizm strategiyasının uğur qazanmasına, respublikamız üzrə güclü infrastrukturun yaradılmasına, müxtəlif regionların və kəndlərin infrastrukturunun inkişafına səbəb olacaq".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR