Daşkənddə keçirilən “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisində Azərbaycan da təmsil olunur

Daşkəndin "Уzkurqazmasavdo" mərkəzi sərgi salonunda "İstirahət dünyası" V Beynəlxalq Turizm Sərgisi keçirilir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə sərgidə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edir.

Azərbaycan üçün ayrılmış guşədə dövlətimizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin iqtisadi inkişafı, Viktor Andriyanovun və Hüseynbala Mirələmovun "Görkəmli adamların həyatı" seriyasından özbək, Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş "Heydər Əliyev" kitabı, Heydər Əliyev Fondunun "Qarabağ həqiqətləri" seriyasından rus və ingilis dillərində nəşrləri, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər, həmçinin müxtəlif jurnallar nümayiş etdirilir. Sərgidə Qarabağın milli qadın və kişi geyimləri, qədim məişət əşyalarımız, həmçinin tar, kamança, saz, qaval, nağara və suvenirlərimiz tamaşaçılarda maraq doğurub.

Sərgi iştirakçıları ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı ilə bağlı da məlumatlandırılıblar. Azərbaycan üçün ayrılmış guşədə Mədəniyyət və Turizm Nazirliyindən turizmə dair göndərilən nəşrlər də nümayiş etdirilib.

Azərbaycan guşəsinə gələnlər milli şirniyyatlarımızdan olan şəkərbura və paxlavaya qonaq ediliblər.

AMM-nin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.

Sərgidə Naftalan şəhərindəki "Çinar" və "Qaşaltı" otelləri də iştirak edir.

AMM-nin direktoru Samir Abbasov qeyd edib ki, Mədəniyyət Mərkəzinin əsas məqsədi sərgidən iştirak edərək ölkəmizə daha çox özbək turistlərin cəlb etməkdir. O deyib ki, Azərbaycan stendinə gələnlərə Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan "Baku Shopping Festival" adlı xüsusi bukletlər paylanıb və bu mövzudakı videoçarx nümayiş etdirilib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev sərginin açılışında iştirak edib. AZƏRTAC

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR