Məgər daxili turizm varlılar üçün nəzərdə tutulub?

Deputat: "Kasıblar ölkə vətəndaşı deyil, onlar istirahət etməməlidir?"

Milli Məclisdə  "Turizm haqqında" qanun layihəsi yeni verisyada  müzakirəyə çıxarılıb. Qeyd edək ki, müzakirəyə təqdim olunan qanun layihəsi ilkin variantdan xeyli fərqlənir. Belə ki, mövcud qanun ixtisar edilərək  88 maddədən 70-ə endirilib. Yeni qanunda turizm sektorunun stimullaşdırılması məqsədi ilə bir sıra müddəalar  nəzərdə tutulub. Daha dəqiq, turizm sektoruna sərmayə qoyan sahibkarlara müxtəlif  güzəştlərin tətbiqi planlaşdırılır. Ümumilikdə sənəddə turzimin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf  strategiyası öz əksini tapıb. Lakin hələ bu da tam yetkin qanun layihəsi deyil və bir sıra maddələr ixrisar oluna bilər. Maraqlıdır, qanunda əksini tapmış yeniliklər nədən ibarətdir və sözügedən dəyişikliklər ölkədə turizmin inkişafına hansı töhvəni verə bilər?

"Ağızlarına saqqız alıb insanlarla "əəə"-deyə danışırlar"

Millət vəkili, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli  deyib ki, Azərbaycanda "Turizm haqqında" yeni qanun qəbul edildikdən sonra, bu sahədə ciddi dəyişiklik gözlənilir: "Azərbaycanda turizm sahəsində xidmətlərin səviyyəsi o qədər də aşağı deyil. Biz xidmətin keyfiyyətinin daha da yaxşı olmasını istəyirik. Burada əsas məsələ qiymətlərlə bağlıdır. Biz çalışırıq ki, üçulduzlu otellərin sayı artırılsın. Bununla bağlı ölkə başçısının verdiyi tapşırıqlar var. Üçulduzlu otellər qiymətlərin aşağı düşməsinə təsir göstərəcək. Bundan başqa, turizm sahəsində bir sıra güzəştlər nəzərdə tutulur ki, bu da qiymətlərə təsir edəcək. Yeni qanunun hazırlanmasında əsas məqsəd söylədiyim mövcud problemlərin aradan aldırılmasına hesablanıb". Hadi Rəcəbli deyib ki, vaxtilə çimərlik turizminin inkişaf etdirilməsini təklif edəndə onu lağa qoyurdular: "Ancaq indi görürsünüz, cənab Prezident bu sənədi qəbul edib. Çimərlik turizminin inkişaf etdirilməsi ilə bağlı icra hakimiyyəti başçılarına bir sıra tapşırıqlar nəzərdə tutulur, təhlükəsizlik məsələlərinin həlli olacaq və sairə. Bundan başqa, məktəbli turizminin inkişafı da vacib məsələdir.Gürcüstanda turizmin daha çox inkişaf etməsinin əsas səbəbi bu ölkənin Sovet İttifaqı dövründən bu sahə üzrə bazasının olmasıdır. Gürcüstanda hələ Sovet İttifaqı dövründən turizm bazası və ənənələri olub. Azərbaycanda isə nisbətən zəif və az idi. Ona görə Gürcüstanda turizm daha çox inkişaf edir. Gəlin Azərbaycanın daxili turizmini müqayisə edək. Qəbələni, Lənkəranı, Talış dağlarını, Qızılağac Qoruğunu görməyən və tanımayan vətəndaşlarımız var. Rayonlarımızda turizm qiymətləri elə də baha deyil. Bütün bunlara görə də cənab Prezidentin tapşırığı ilə "Ölkəmizi tanıyaq" layihəsi həyata keçirilir". Komitə sədri qeyd edib ki, Azərbaycanın rayonlarında turizm qiymətləri elə də yüksək deyil: "Əgər bir yerdə qiymət yuxarı, xidmət səviyyəsi aşağı olanda gələn dəfə həmin məkana getmirik. Harada yaxşı xidmət və aşağı qiymət olursa, insanlar daha çox ora gedirlər. Bütün bunlar onu göstərir ki, artıq turizm obyektlərinin qiymətləri də tədricən xidmətə görə tənzimlənəcək". Komitə sədrni qeyd edib ki, ölkədə turizmi imkişaf etdirmək məqsədilə kadrların da hazırlanmasına ciddi ehtiyac var: "Bəzən turizm obyektlərinə işçiləri küçədən tutub gətirirlər, geyimini bilmir və üzünü saqqal basıb. Bütün bunları biz də görürük. Bu kimi problemlərin aradan qaldırılması üçün təcrübə və peşə məktəblərinə ehtiyac var. Səyahət təşkil edən turizm şirkətlərimiz var, onların səviyyəsi, geyimi, danışıqları qanətbəxş deyil. Ağızlarına saqqız alıb insanlarla "əəə"-deyə danışırlar. Bütün bunların aradan qaldırılması üçün həmin adamlara təlimlər keçib sertifikat verilməsi nəzərdə tutulur". Hadi Rəcəbli onu da bildirib ki, bütün sadalanan məsələləri tənzimləmək məqsədilə baza qanunu qəbul edilməlidir: "Biz bu sahədə gecikmişik. Hesab edirəm ki, bu sahə üzrə qanun qəbul edilməlidir və ondan sonra çatışmayan məsələlər qanuna əlavə vədəyişiklik şəklində edilə bilər".

Qanun, qoxsa biznes- plan?

Lakin müzakirəyə çıxarılan yeni sənəd millət vəkilləri tərəfindən birmənalı qarşılanmayıb. Millət vəkili Elmira Axundova qeyd edib ki, müzakirəyə təqdim olunan "Turizm haqqında" qanun layihəsi qanundan daha çox biznes-plana oxşayır. Onun sözlərinə görə, digər ölkələrin təcrübəsində bir sahə üzrə bir çərçivə qanunu olur ki, bunun da əsasında bu sahənin bütün tərəfləri əhatələnir: "Ancaq müzakirəyə təqdim olunan qanun layihəsi mahiyyət baxımından nə çərçivə qanununa, nə Məcəlləyə, nə də digər bir qanuna bənzəyir. Bu, daha çox biznes-plana oxşayır". O, əlvə edib ki, öncəki variant bundan geniş olsa da, daha aydın dildə yazılmışdı və konkretlik var idi: "Ancaq burada belə bir şey yoxdur. Natamamalıq və ziddiyyətlər mövcuddur. Sənəd elə olmalıdır ki, onun çərçivə qanunu və ya Məcəllə olduğu aydın olsun. Bundan əlavə konkretlik və aydınlıq olmalıdır. Digər məqam isə odur ki,  burada məhdudiyyətlərdən yenidən söz açılır. Ümumiyyətlə, mənim məhdudiyyət sözündən xoşum gəlmir.  Harada olsa da,  turizmdə məhdudiyyət anlaşılan deyil. Ona gör də qanun layihəsi üzərində yenidən işlənilməlidir". Millət vəkili İlham Məmmədov da qanun layihəsində qüsurların olduğunu dilə gətirərək, onun yenidən  daha ciddi formada hazırlanmasını təklif edib. O, deyib ki, bu layihəni  konseptual olaraq qəbul etmək olar: "Ancaq sənəd üzərində ciddi işləmək lazımdır. Çünki sənəddə ciddi çatışmazlıqlar, ziddiyyətlər mövcuddur, həmçinin, layihənin dilində ciddi problemlər var. Bunlar aradan qaldırlmalıdır".

"Azərbaycanda bir dəfə qalxan qiymət, bir daha enmir"

Deputat Araz Əlizadə turizm sektorunda qiymətlərin həddindən artıq yüksək olduğunu qeyd edib. Bildirib ki, ölkəyə turizm axınını təmin etmək üçün qiymətlər mütləq tənzimlənməlidir: "Bizdə bayraq haqqında deyiblər ki, "Bir kərə yüksələn bayraq, bir daha enməz. Ancaq indi deyirlər ki, Azərbaycanda bir kərə qalxan qiymət, bir daha enməz. Çünki ölkə başçısı tərəfindən əməkhaqqı və pensiya qaldırılmamışdan öncə qiymətlər qalxır. Sadə xalq çətinlik çəkir. Bayram ərəfələrində başqa ölkələrdə ucuzlaşma olsa da, bizdə qiymətlər dəfələrlə artır və enmə olmur". A.Əlizadə deyib ki, bu gün rayonlarda otellərə gedirsən, orada  yataq dəstləri illərlə yenilənmir, elə köhnə yataq dəstləridir: "Ya kondinsioner işləmir, ya istilik sistemi. Belə olmaz, axı? Qiymətdə ki, Allah  göstərməsin, yaxına düşmək olmur. Şəraiti olmayan otelin bir gecəsinə 80 manat.  Məgər daxili turizm varlılar üçün nəzərdə tutulub? Kasıblar ölkə vətəndaşı deyil, onlar istirahət etməməlidir". A.Əlizadə deyib ki, otellərin ulduz məsələsinə bir daha baxılmalı və bu məsələ tənzimlənməlidir: "Yeni sənəddə elə müddəalar var ki, onlar birbaşa  korrupsiyaya yol açır. Ona görə də qanun layihəsi konkret olmalı və  məmurlar korrupsiyaya yol açan məqamlara yol verməməlidir. Çünki qanunun boşluğundan istifadə edən məmur hansısa sahibkar bir turist obyekti və ya restoran tikməyə başlayan kimi başının üstünü kəsdirir  və deyir: tez ol, ver. Belə olmaz, axı..." A.Əlizadə xaricə gedən turistlər üçün də yaxşı imkan yaradılmasını təklif edib.Deyib ki,  ildə bir milyonadək azərbaycanlı Gürcüstanda-Batumda istirahət edir: "Baxın, İrəvanda qatar birbaşa Batuma gəlir, ancaq Bakı qatarı Tiflisədək gedir. Oradan isə vətəndaşlarımız Gürcüstana məxsus ekspress qatarı ilə Batuma getməli olur. Bir yandan biz  dəmiryolun rentabellisisz işlərini deyirik, bir yandan digərlərinə imkan yaradırıq ki, biz qazana bilmirik, siz qazanın. Məgər Gürcüstana az vermişik ki, bu sahəni də onalara verək? Olmaz elə özümüz Batumadək qatar marşurutu açaq?" Millət vəkili Rauf Əliyev qeyd edib ki, turizm reyestrinə daxil edilməyən turizm şirkətləri və mehmanxanaların fəaliyyəti dayandırmalıdır.  Deputat qeyd edib ki, turizm şirkətlərinə lisenziya verilişi ləğv edildikdən sonra ölkədə çoxsaylı turizm şirkəti və mehmanxana peyda olub: "Bunlar da başaldılar özbaşına fəaliyyət göstərməyə. Nəticədə də bunun fəsadları ümumilikdə turizm sektoruna dəyir. Məhz bu özbaşına fəaliyyət nəticəsində bir müddət öncə Kamerundan olan 4-5 idmançı dünyasını dəyişdi və bunun məsuliyyətini heç kim üzərinə götürmədi. Onlar evdə ölsələr də, mehmanxanada ölmələri faktlaşdırıldı. Ona görə də təklif edirəm ki, bütün turzim şirkətləri və mehmanxanalar turizm reyestrinə daxil edilsin. Reyestrə daxil edilməyənlərin fəaliyyəti dayandırılsın". Deputat qanun layihəsinə məktəblilər, gənclər və uşaq turizmi ilə bağlı müddəanın salınması, həmçinin, turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sektorda xidmət səviyyəsinin artırılması, qiymətlərin tənzimlənməsi ilə bağlı təkliflərini verib. 

Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR