Qitədən-qitəyə filmsevərlər

Film sənətin ən əksiksiz növüdür. Burada musiqi, mətn, duyğu, format hər biri əks olunur. Yaradıcı heyət öz potensiallarını ortaya qoyur.  Zəif potensiallar belə biri-birinə uyğun olduğu zaman gözəl bir film ortaya çıxır. Çünki dəfələrlə peşəkar və qüsursuz görünən komanda arasında vəhdət olmadığı zaman yetərsiz filmlərin ortaya çıxdığının şahidi olmuşuq.  Dünya kinematoqrafiyasında iz qoyan filmlərin əksəriyyətinin mərkəzində məhz insan amili dayanıb. İnsan amilinin gücü ilə cəmiyyətin içində yer alan müxtəlif xəstəliklər müalicə olunur.

Nə qədər müxtəlif film varsa bir o qədər də fərqli tamaşaçı kütləsi var. Kimiləri hadisələri real gördüyü, kimisi isə filmlərdə bəhs edilən hekayəni reallıqdan uzaq olduğu üçün izləyir. Bir çox tamaşaçı kütləsi real həyat hadisələrindən bəhs edən filmlərdən daha çox təsirlənir. Onlar baş verən hadisələrdə öz şəxsi həyatlarını gözləri önünə gətirərək filmi izləməklə kifayətlənməyib, həm də onu yaşayırlar. Lakin xüsusi bir tamaşaçı kütləsi var ki, sırf bu amillər səbəbindən reallığın təsvir olunduğu filmləri izləməkdən boyun qaçırırlar. Bu izləyicilər filmə qaçış olaraq baxırlar. Onlar öz həyatlarından, sosial problemlərindən uzaq olmaq üçün 2 saat müddətində filmdəki fantastik, mistik, qeyri-real həyatlara transfer olurlar. İstər fantastik, istər dram və komediya janrında olmasından asılı olmayaraq motivasiya filmlərinin xüsusi tamaşaçısı isə hər zaman daha xoşbəxtdir. İncəsənətin bütün növlərində olduğu kimi, filmlərdə də insanı həyata qaytaran, ona uğur qazanmaqda yardımçı olan, ümidini itirmədən hər şeyə yenidən başlamağa təşviq edən ekran işləri cəmiyyət üçün əvəzolunmaz müalicəvi əhəmiyyətə malikdir. Bu filmlər insanlara yüzlərlə psixoloqun təsir gücündən daha böyük olur.

İstənilən janrda olan  filmlərdən təsirlənmək mümkündür. Hətta uşaq və fantastik filmlərdən belə. Xatırlayıram ki, bir neçə il bundan əvvəl Mançesterde orta yaşlı zəngin cütlük toylarını ingilis yazıçısı Coan Roulinq tərəfindən yazılmış fantaziya romanları seriyası əsasında çəkilmiş Harri Potter üslubunda təşkil etmişdilər. Toy məkanı Hoqvarts Sehrbazlıq və Cadugərlik Məktəbinə bənzədilmişdi. Dəvətnamələrin bayquşla göndərilib-göndərilmədiyini bilmirəm amma, bəy və gəlinin üzükləri, geyimləri Hoqvartsa uyğun dizayn edilmişdi. Hətta qonaqlardan da Hoqvarts nizam-intizamına əməl etmək xahiş olunub. Yəqin ki, gülatma mərasimi əvəzinə sonda müəyyənləşdirici şlyapa qonaqların hansı fakültəyə seçildiyinə də qərar verib.

Bu filmlərin digər sənət növləri kimi insana təsiredici gücünə sadəcə kiçik bir misaldır.

Təsiredici gücündən başqa dünya filmləri fərqli mədəniyyətlərlə tanış olmaqda da ən maraqlı vasitələrdən biridir. Çünki bir çox filmlərdə ölkənin və onun millətinin xarakteristikası tam, yaxud da dolayı yollarla əks olunur. Bir qitəyə məxsus olan filmə başqa bir qitənin fərqli dünyagörüşlü, fərqli mədəniyyətlərə sahib olan insanları müxtəlif duyğularla izləyici olur. Bununla da təyyarədən istifadə etmədən qitədən-qitəyə səyahət edirlər.

Simalardakı ifadələr, yaşanan duyğular eyni filmləri izləmələrinə rəğmən hər kəsdə başqa bir hekayədir. Bu hekayələrin hər biri yeni bir ssenaridir. İzləyiciyə məxsus olan sehirli bir tərəf də budur ki, izlərkən əsas amili dərk etməsə belə sətiraltı mesajlarla öz yeni hekayəsini yaratmış olur.

Həyatın daha seçici, daha ahəngli formada hazırlanmış halıdır filmlər. Ya həyatın özü, yaxud da rejissorların gözündə onun daha da irəliləmiş versiyasıdır.

Bəzən rejissorların işlərini biri-birinə bənzədirlər. Lakin dünya kinematoqrafiyasında iz qoyan rejissorların hər birinin ekran işi barmaq iz kimi təkrarolunmazdır.

Bir rejissor filmi ilə  sizə təsir edə bilirsə, duyğularınızı hərəkətə gətirirsə, 2 saatdan sonra belə sizə bambaşqa hiss etdirirsə deməli vaxtınızı ən mükəmməl  formada keçirmisiniz. Duyğular insanı danışdırır. Sadəcə bir epizoddan təsirlənərək yazmaq, bəstələmək, yeni bir tablo yaratmaq, yaxud da daha bir film ərsəyə gətirmək mümkündür.

Belə bir maraqlı ifadə var: Sənətə, kim olduğumuzu əks etdirən güzgü kimi baxırıq. Film isə həqiqəti göstərən tək güzgüdür".

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR