Mövsümün son premyerası

86-cı teatr mövsümündə tamaşaçılarını növbəti premyera ilə sevindirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə onların sehrli Şərq nağıllarına səyahətə səsləyir. Olaylar.az bildirir ki, teatr repertuara "Min bir gecə" nağıllarından tanıdığımız "Əlibaba və qırx quldur"u daxil edib.

İbrətamiz hadisələrlə zəngin tamaşanın səhnələşdirmə və quruluşu teatrın istedadlı rejissoru Anar Məmmədova məxsusdur. Var-dövlətə, şan-şöhrətə hərislik kimi mənfi xüsusiyyətlərin tənqid hədəfinə çevrildiyi tamaşada balaca izləyicilərə dürüstlük və mənəvi zənginliyin daha vacib olduğu təlqin olunur.

Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatı dahi Fikrət Əmirovun dünya şöhrətli "Min bir gecə" baleti əsasında qurulub. Baletin müxtəlif musiqi taktlarının harmonik istifadə olunduğu tərtibatda uşaqlara tamaşa vasitəsilə klassik sinfonik musiqimiz də təbliğ olunur.

İyulun 13-də (saat 12, 14.00) iki seans olmaqla tamaşaçı qarşısına çıxacaq tamaşada rolları Rəhim Rəhimov, Cavid İbrahimov, Samirə Nəcəfova, Araz Həsənli, Elnur Xəlilov, Aygül Ağayeva, Elmira Hüseynova və Adil Dəmirov ifa edirlər.

Onu da qeyd edək ki, birhissəli uşaqlar üçün kukla tamaşası teatrın bu mövsümə son premyerasıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR