“Sərhədsiz Teatr” III Şəki Beynəlxalq Teatr Festifalı

Şəki Dövlət Dram Teatrı növbəti dəfə beynəlxalq festivala ev sahibliyi edir.

Olaylar.az bildirir ki, Şəki Dövlət Dram Teatrında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığıyla  "Sərhədsiz Teatr" III Şəki Beynəlxalq Teatr Festivalının açılış mərasimi keçirilib.

Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi  Mirbala Səlimli,  festivalın direktoru Şaiq Səfərov, Əməkdar İncəsənət Xadimi, teatrşünas  professor Aydın Talıbzadə mərasimdən əvvəl təşkil olunan mətbuat konfransında festival haqqında ətraflı məlumat veriblər.

Məlumata əsasən Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145- illiyinə həsr olunub.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Ədalət Vəliyev və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov  qonaqları salamlamış, festival iştirakçılarına uğurlar arzu ediblər.

Mərasimdən sonra İran İslam Respublikasının Titovak teatrının hazırladığı "Maqbet- Zar" tamaşası təqdim olunmuş, tamaşadan sonra qonaqlara xatirə hədiyyələri təqdim edilib. 

Festivalda həmçinin Şəki Teatrında fəaliyyət göstərən Teatr Studiyasının tələbələrinin ifasında kiçik proqramla tanış olublar.

Qeyd edək ki, festival çərçivəsində Şəki Dövlət Dram Teatrının səhnəsində Gürcüstan, İran, Rusiya, Meksika, Azərbaycandan isə Şəki və Şuşa teatrlarının tamaşalarının oynanılması nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR