“Cəhənnəm sakinləri” Sumqayıtda

Akademik Milli Dram Teatrının kollektivi Sumqayıt Dövlət Dram Teatrında "Cəhənnəm sakinləri" tamaşası ilə çıxış edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın nümayişi "Sərhədsiz teatr" Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində baş tutub.

Teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov Olaylar.az - a  bildirib ki, festival iki istiqamət üzrə - milli və beynəlxalq mərhələdə keçirilir. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatr kollektivi mayın 12-dən 18-dək respublikanın müxtəlif bölgələrində: Sumqayıtda, Xırdalanda, Lənkəranda, Mingəçevirdə, Xaçmazda, Yevlaxda, Ağdamda, Bərdədə, Ağstafada, Zaqatalada, İsmayıllıda və Göygöldə olduqca rəngarəng repertuarda tamaşalar nümayiş etdirəcək. Festivalın beynəlxalq mərhələsində isə İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri iştirak edir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.

Mayın 19-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, İran, Gürcüstan, Meksika, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri iştirak edir.

Festival iki istiqamət üzrə-milli və beynəlxalq mərhələdə keçirilir. Milli proqram çərçivəsində Azərbaycanın 19 teatr kollektivi mayın 12-dən 18-dək respublikanın müxtəlif bölgələrində tamaşalar nümayiş etdirəcək.

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan "Cəhənnəm sakinləri" səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Yeni səhnə əsərində xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin Mehdixanlı (Qonaq) əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mirzə Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR