Teatr kollektivi Hindistan səfirliyində

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb. Səfir kollektivi görməkdən şad olduğunu bildirib və Hindistanla Azərbaycanın diplomatik və mədəniyyət sahəsində əməkdaşlığı , iki ölkə arasındakı əlaqələrin inkişafı haqqında məlumat verib.

Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov görüş zamanı diqqətə çatdırıb ki, teatrın kollektivi 2018-ci il 17 fevral tarixindən 8 aprel tarixinədək Hindistanda keçiriləcək VIII Beynəlxalq Teatr Olimpiadasında iştirak etmək üçün dəvət alıb. Bu məqsədlə teatrın yaradıcı kollektivi mart ayının 2-dən 8-dək Hindistana səfər edəcək. Bundan əvvəl teatr olimpiadasında ölkəmizi Dövlət Kukla Teatrı, Sumqayıt Musiqili Dram Teatrı təmsil edib. Həmçinin Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 2013-cü ilin mart ayının 26-dan - 4 aprel tarixlərinədək Şri - Lankada keçirilən Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak etmişdi və teatr festivalda P.Züskindin "Kontrabas" tamaşası ilə təmsil olunmuşdu.

Görüş zamanı gələcəkdə Azərbaycan və Hindistan aktyrolarının birgə iştirakı ilə ortaq tamaşanın hazırlanması, birgə layihələrin reallaşdırılması mövzusunda fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan tamaşaçıları hər zaman Hindistan mədəniyyətinə, musiqisi və filmlərinə maraqlı olublar. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR