Nazirlik müsabiqənin şərtlərini açıqladı

Dekabrın 19-da Nizami Kino Mərkəzində qısametrajlı bədii film layihələri müsabiqəsində iştirak etmək arzusunda olan ssenarist, prodüser və rejissorları maraqlandıran məsələlərlə əlaqədar təşkilatçılarla görüş keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, şöbənin əməkdaşı Elşad Əliyev çıxış edərək müsabiqə barədə məlumat veriblər. Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilən müsabiqənin məqsədi 2018-ci ildə keçiriləcək Azərbaycan kinosunun 120 illik yubileyinə hazırlıqla əlaqədar kinematoqrafiya sahəsində çalışan gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, milli mənəvi və ümumbəşəri dəyərləri təbliğ etməkdir.
Bildirilib ki, müsabiqədə film istehsalı ilə məşğul olan müstəqil kino şirkətləri iştirak edə bilərlər. Müstəqil fəaliyyət göstərən gənc müəlliflər müsabiqədə iştirak etmək üçün layihələrini prodüser mərkəzlərinə təqdim etməlidirlər. Kino layihəsinin prodüseri və rejissoru 35 yaşadək kinematoqrafçılar olmalıdır. Müsabiqə üçün sənədlər eyni deviz altında olan iki bağlı zərfdə gələn il aprelin 20-dək nazirliyə təqdim edilməlidir.
Diqqətə çatdırılıb ki, müsabiqə qaliblərinin adları gələn ilin aprelin 20-dək nazirliyin www.mct.gov.az saytında və "Mədəniyyət" qəzetində açıqlanacaq. Münsiflər heyətinin seçdiyi qalib layihələr Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalat bazasında və kinostudiyanın maliyyə təminatı ilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında həmin layihələri təqdim etmiş şirkətlər tərəfindən çəkiləcək.
Sonra tədbir ssenarist, prodüser və rejissorları maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR