Ağasadıq Gəraybəylinin 120 illik yubileyi qeyd olundu

Olaylar.az bildirir ki, Akademik Milli Dram Teatrında Xalq Artisti, görkəmli teatr və kino xadimi Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyinə həsr edilən yubiley gecəsi keçirilib. Mərasim Prezident İlham Əliyevin Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib.

Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə iştirakçılar əvvəlcə teatrın foyesində sənətkarın ömür yolu və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Yubiley gecəsində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, görkəmli sənətkarın 120 illik yubileyi dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunmaqdadır.

1933-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan unudulmaz sənətkar "Müfəttiş", "Nişanlı qız", "Əliqulu evlənir", "Ölülər", "Aydın", "Yurdsuz insanlar", "Od gəlini", "Fərhad və Şirin", "Ovod" və digər səhnə əsərlərində bir-birindən fərqli rollarda çıxış edib. 

A.Gəraybəyli müxtəlif vaxtlarda "Qızmar günəş altında" filmində Sərdarov, "Leyli və Məcnun"da İbn Xalid, "Yaşamaq gözəldir, qardaşım"da Dayı, "Poçt qutusu"nda Bəy, "Ulduzlar sönmür"də Jandarm, "Bizim küçənin oğlanları"nda Rüstəm kişi, "Mən nəğmə qoşuram" və "Musiqi müəllimi" filmlərində epizodik rollarda çıxış edib.

Sonda aktyorun ailəsi adından nəvəsi - Azərbaycan Dövlət Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək babasının xatirəsinə göstərilən hörmətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, yubiley gecəsinin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Gecədə Ağasadıq Gəraybəylinin səhnəyə ilk gəlişini əks etdirən səhnəcik və "Müfəttiş" tamaşasından parça da təqdim olunub, onun rol aldığı filmlərdən kadrlar göstərilib. 

Qeyd edək ki, yubiley tədbirinin rejissoru və ssenari müəllifi Əməkdar Artist Firudin Məhərrəmov, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğludur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR