Amerikalı kamança ifaçısı Cefri Verbok ADMİU-da

Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı, kamança ifaçısı Cefri Verbok olub. Universitetin "Vernisaj" salonunda musiqiçi ilə təşkil olunan görüşdə Musiqi sənəti fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib. Cefri Verboku Azərbaycanın dostu, Azərbaycan musiqisinin dünyada böyük təəssübkeşi adlandıran Musiqi sənəti fakültəsinin dekanı professor Ceyran Mahmudova qonağı salamlayıb. Tələbələrin ifasından ibarət konsert şəklində keçən görüşdə konsertmeyster Gülnar Axundovanın müşayiəti ilə II kurs tələbələri Şərif Şərifov (tar), Səbinə Məmmədli (qanun) H.Rzayevin "Çahargah rapsodiyası", konsertmeyster Rəbiyə İmamquliyevanın müşayiəti ilə III kurs tələbəsi Afaq İsmiyeva P.Axundovanın "Qəlbimin səsi", konsertmeyster Şəlalə Kərimovanın müşayiəti ilə Xalq çalğı alətləri ifaçılığı kafedrasının müəllimi Pərviz Quliyev F.Bədəlbəylinin "Pərvərdigara" əsərlərini ifa ediblər. I kurs magistr tələbəsi Səxavət Məmmədov Zabul-segah muğamını, III kurs tələbəsi Rafael İslamov "Gül dəstəsi" xalq rəqsini, I kurs magistr tələbələri Məmməd Nəcəfov (xanəndə), Mirhüseyn Əsədullayev (tar), II kurs tələbəsi Fərrux Haşımlı (kamança) "Dəli ceyran" xalq mahnısını və tələbələrdən ibarət qanun ansamblı F.Əmirovun "Min bir gecə" baletindən "Şəhrizadın şənliyi"ni səsləndirilib.

"Cefri Verbok ilə bizi Azərbaycan musiqisi, Azərbaycan muğamı birləşdirir" deyən Xalq çalğı alətləri ifaçılığı kafedrasının professoru, Xalq artisti, tarzən Zamiq Əliyev qonaqla bağlı xatirələrini bölüşüb və "Şur" muğamını ifa edib. Daha sonra Azərbaycan dilində çıxış edən amerikalı musiqiçi qonaq muğamla ilk tanışlığı, ona heyranlığı, kamança ifaçılığını, muğamlarımızı öyrənməsi haqqında danışıb. Səmimi abı-havada təşkil olunan görüş üçün təşəkkürünü bildirən musiqiçi tələbələrin çıxışından zövq aldığını qeyd edərək, tədbirə öz ifası ilə yekun vurub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR