Kukla Teatrı yeniliklər vəd edir

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yeni - 86-cı teatr mövsümünə hazırdır. Uğurlu premyeralar, festivallardan mükafatlarla mövsümü başa vuran teatrın yaradıcı heyəti sentyabrın 16-da dramaturq və tərcüməçi Samuil Marşakın "Pişiyin evi" tamaşası ilə başlayacaq. "Olaylar" bildirir ki, iki seansda nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Elə həmin gün rus bölməsi üzrə uşaqların böyük maraqla izlədiyi "Qoğal" tamaşası da nümayiş olunacaq.

Mövsümün ilk premyerası sentyabrın sonunda rus xalq nağılı "Durna balığının əmri ilə" əsasında hazırlanan "Durna balığı" tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır.

Teatrda həmçinin ilin sonunadək daha iki tamaşa hazırlanacaq. Bunlardan biri artıq teatrın klassikasına çevrilmiş "Cırtdan" tamaşasıdır. Bu dəfə ona yeni səhnə həyatını teatrın baş rejissoru Qurban Məsimov verəcək.

İlin sonunadək isə A.Puşkinin məşhur "Balıqçı və balıq" nağılı əsasında "Qızıl balıq" adlı tamaşa da hazırlanacaq. Tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verəcək.

Teatrın yaradıcılıq planına Azərbaycan xalq nağılı "Məlikməmməd", "Min bir gecə" nağıllarından "Əlibaba və qırx quldur", eləcə də Ceyms Metyu Barrinin pyesi əsasında məşhur "Piter Pen" tamaşaları daxil edilib. Bu sırada müasir Azərbaycan uşaq yazıçılarından birinin də əsəri də yer alacaq. Hazırda nəzərdə tutulan bir neçə müəllifin əsəri bədii şuranın müzakirəsindədir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR