Böyük Qafqazın əlilliyi olan aktyorlardan ibarət ilk teatrı  - ƏSA  bir yaşında 

Azərbaycan teatrının "əsası", ölkənin, eləcə də Böyük Qafqazın əlilliyi olan aktyorlardan ibarət ilk teatrı olan ƏSA-nın bu gün bir yaşı tamam oldu. ƏSA Teatrının baş meneceri Nicat Qulamın "Olaylar"  - a verdiyi məlumata görə, teatr 3 sentyabr 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaradılıb. Yarandığı ilk günlər teatrın heyəti Orxan Adıgözəl, Nicat Qulam, Murad Məmmədov, Elvin Mirzeyev və Nihad Qulamzadədən ibarət olub. Beş nəfərlik heyətlə fəaliyyətə başlayan teatr qısa zamanda bir çox uğurlara imza atıb və irəliləyən zamanda heyətini çoxaldaraq, təkminləşdirib.

İlk olaraq səhnələşdirdiyi "DUMB" tamaşasıyla, ƏSA, teatr olaraq özünü incəsənət aləmində təsdiq edib və böyük tamaşaçı sevgisini qazanıb. Teatr "DUMB" tamaşası yerli media ilə yanaşı, ən çox da beynəlxalq medianın diqqətini cəlb etməyi bacarıb. Belə ki, beynəlxalq media tamaşa haqqında bir çox sujetlər hazırlayıb, yerli və xarici yazarlar  tamaşa fikirlərini bölüşüblər.

Qısa zamanda teatr incəsənətin heç bir əngəl tanımadığını, əlilliyi olan insanların görünəndən qat-qat daha çox gücə qadir olduqlarını sübut edə bilib. Teatrın fəaliyyəti ölkədə və ölkəxaricində yaşayan əlilliyi olan insanlar üçün böyük stimul mənbəyinə, motivasiyaya çevrilib.

Bu səbəbdəndir ki, teatrın ilk tamaşasından sonra əlilliyi olan şəxslər aktyor kimi fəaliyyət göstərmək üçün teatra çoxsaylı müraciətlər edib.

Müraciət edən şəxslərin istəklərini nəzərə alaraq, ƏSA Teatrı böyük bir aktyor heyəti olan tamaşa hazırlamaq qərarına gəlib. Müraciət əsasında teatra gəlmiş əlilliyi olan şəxslər də bu tamaşada yer alıb. "Yuxum" adlanan, 15 nəfərlik aktyor heyətinə malik olan bu tamaşanın premyerasına beş gün qalmış bütün biletlər satılıb. Bu da Azərbaycan teatr tarixində az-az hallarda rastlaşdığımız hadisə idi. Belə ki, 370 nəfərlik teatr zalında, premyera günü 450-yə yaxın tamaşaçı olub.  Sözügedən tamaşada həmçinin dünya teatr tarixində ilk dəfə tamaşa zamanı sinxron şəkildə işarət dili ilə tərcümə olunub.

Bütün bunlarla yanaşı teatr bir illik fəaliyyətində müxtəlif sosial layihələr də həyata keçirib.

Baş menecer Nicat Qulam bildirir ki, qarşıdakı bir ildə isə teatrı daha böyük işlər gözləyir: "Bu ilin sonuna qədər premyerası baş tutmalı olan iki tamaşa var planda. Bunlardan əlavə yeni icarəyə götürdüyümüz məkanda əlilliyi olan və olmayan şəxslər üçün film nümayişləri, sərgilər, seminarlar və müxtəlif təlimlər olacaq. Bütün bunların məqsədi ölkədə əlilliyi olan və olmayan insanların bir araya gəlməsi, mədəni çevrənin yaradılmasıdır."

Teatr 2-ci mövsümdə "ƏSA" sənət məktəbi təsis etmək niyətindədir. Teatrla və digər incəsənət növləri ilə məşğul olmaq istəyən, xüsusən də ƏSA Teatrına qoşulmaq istəyən əlilliyi olan və olmayan şəxslər ilk növbədə bu məktəbdən məzun olmalı olacaqlar. Dərslərin qismən ödənişsiz olması gözlənilir.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR