Teatr ilk növbədə mədəniyyətimizin daşıyıcısıdır

Əliqismət Lalayev: "Teatrı sevməsən uğur qazana bilməzsən"

Biz illər boyu onunla teatrdan danışırıq, bəzən mübahisə edirik, bəzən eyni problemlərə müxtəlif bucaqdan baxdığımızdan sözümüz çəp gəlir, hardasa, ürəyimizin lap gizli bir guşəsində bir-birimizə haqq qazandırsaq da, mövqeyimizdən geri çəkilmək istəmirik, bəzən mən ondan əməlli-başlı küsürəm də... ancaq, bu sırf yaradıcılıq, sənət məsələri ilə bağlıdır ki, hər ikimiz onu insani münasibətlərimizə, dostluq, doğmalıq müstəvisindəki səmimiyyətimizə aid etmirik.

Onda ən çox bəyəndiyim və dəyərləndirdiyim keyfiyyətlər: dəqiqliyi, işinə, rəsmi görəvinə aşırı bağlılığı, qarşılaşdığı hər hansı problemin, bəzən ətrafındakı hər kəsin "daha bu iş düzəlməz!"- deyə təəssüflə əl yellədiyi məsələnin həlli üçün yorulmadan, usanmadan, canı-dildən çalışması, yeniliklərə açıq olması, gənclərə, xüsusilə də, istedadlı cavanlara münasibətdəki təmənnasızlığı, vaxtı düzgün qiymətləndirməsi, teatrda yaradıcı mühiti qoruyub saxlamağı bacarması, insanların güvənini və hörmətini qazanmaq qabiliyyəti və sadalamadığım bir çox müsbət və əlbəttə ki, həm də bəzi hallarda xoşlamadığım mənfi cəhətləri ilə Əliqismət Lalayevlə bu gözəl yaz səhəri yenə onun rəhbərlik etdiyi Azərbaycan Dövlət Musiqili Teatrından və ümumiyyətlə TEATRDAN danışacağıq.

Tanımayamalar üçün tanışlıq: Əliqismət Hümmət oğlu Lalayev, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra uzun illər Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində və Naxçıvan teatrında çalışıb. Daha sonralar Salyan rayon Mədəniyyət şöbəsinin müdiri olub. 1995-ci ilin aprelindən 2006-cı ilə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin rəisi, 2006-cı ilin yanvar ayından isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət Şöbəsinin müdiri vəzifəsində calışıb. 6 may 2008-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmri ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.

- Az qala əsryarımlıq tarixi olan Azərbaycan teatrının tarixində şərəfli mövqeyi ilə seçilən Musiqili Teatr son illər nəzərə çarpan və tamaşaçıların diqqətini cəlb edən dəyişikliyi, bir az fərqli repertuarı ilə gündəmdədir. Hətta bəziləriı üçün bu yeniliklər çox gözlənilməzdir. Çünki illər boyu Sizin teatrda daha çox gülüş və əyləncə xarakterli tamaşalar görməyə alışanlar, birdən-birə, "Mənim günahım"a, "999-cu gecə"yə, "Baladadaşın toy hamamı"na baxmağa, sanki, hazır deyillər.

- Mən də əvvəllər bu qənaətdəydim. Ancaq repertuarımız daha çox düşündürücü, maarifləndirici, problemlərin daha sivil və qəbuledici aspektdən çözmək məqamlarına yönəli əsərlərlə zənginləşdikcə, auditoriyanın da dəyişdiyi hiss olunur. İndi bizim teatra tamaşaçılar sadəcə pul verib 2-3 saatlarını "öldürmək" üçün gəlmirlər. Bəzən tamaşa bitir, ancaq asılqana tələsən çox azdır, əksəriyyət dəqiqələrlə ayaq üstə aktyorları alqışlayır, bəzən qapıda dayanıb onlarla görüşmək, minnətdarlıq bildirmək istəyir. Bilirsiniz ki, son təmirdən sonra Musiqili Teatr ölkənin ən nadir mədəniyyət ocaqlarından birinə çevrilib, ona görə də insanlar tamaşa başlamazdan əvvəl teatrımızın interyerinin gözəlliyinə heyranlıqla tamaşa edir, şəkil çəkdirir, teatrda keçirdikləri ömürlərinin bu xoş saatlarını əbədiləşdirməyə tələsirlər.

- Əlbəttə, teatr incəsənətin ən populyar növüdür və bura gələn hər kəs ilk növbədə mənəvi dünyasını zənginləşdirməyə, zövqünü "doyurmağa", gözünü, könlünü sevindirməyə çalışır. Bu günün tamaşaçı tələbatı 50-100 il əvvəlin insanlarının gözləntiləri ilə üst-üstə düşə bilməz. İndi tamaşaçılar televiziya ekranlarında və ya internetdə dünya mədəniyyəti ilə tanışlıq imkanına malikdir, ən azından məşhur teatrlar barədə sənədli filmlərə baxır, orada oynanılan əsərlərə tamaşa edir, aktyorların səhnə geyimindən tutmuş istifadə etdikləri ən adi əlbəsə və butaforlarla, səhnədə istifadə olunan ləvəzimatlarla tanışlıq imkanı qazanır. Yəni, müasir tamaşaçını, bir qədər də məlumatlı tamaşaçını, indi nələrləsə təəccübləndirmək çox çətindir. Ona görə də ən məşhur əsər, ən görkəmli aktyor oyunu belə əlverişsiz, kasıb bir binada və sınıq-salxaq, şəraitsiz səhnədə şedevr kimi qəbul edilə bilməz, tamaşaçı istədiyini görmək, duymaq, yaşamaq arzusu ilə yanaşı, bir komfort və rahatlıq axtarışındadır.

- Bəlkə elə bu üzdən son iki on illikdə bizim əsas teatrlarımızın demək olar ki, əksəriyyəti əsaslı bərpa olundu, müasir səhnə avadanlıqları ilə təhciz edildi, tamaşa salonları ilə yanaşı, teatrsevərlərin rahatlığına xidmət edən hər bir kiçik detal belə nəzərə alınmaqla interyerlər yüksək səviyyədə, özü də zövqlə yeniləndi. Aktyorların iş şəraiti də yaxşılığa doğru dəyişdi, məşq zalları, qrim otaqları, səhnə, bir sözlə hər şey keyfiyyətli tamaşa hazırlamaq üçün gərəkli olan bütün ehtiyaclar öz həllini tapdı... İndi bizdən tələb olunan ancaq yaxşı tamaşalar hazırlamaqdır... Mən öz teatrımızın adından deyə bilərəm ki, biz bu etimadı doğrultmağa çalışırıq.

- Bu gün Sizin teatr təkcə komediya və operettalar tamaşaya qoymur, bayaq da qeyd etdiyim kimi repertuarda çox ciddi əsərlər də var...

- Əslində, 1910-cu ildə tamaşaya qoyulan ilk musiqili komediyamız, dahi Üzeyir bəy Hacibəylinin "Ər və arvad" əsəri, o dövrə görə ciddi ailə-məişət və bəlkə də mənəvi-psixoloji problemlərdən cilalanmış bir göstəri idi. Ancaq ötən əsrin əvvələrində tamaşaçıya bu əsəri çox ciddi və bir qədər də faciəvi janrda təqdim etmək təbii ki, Üzeyir bəyin hədəflədiyi məqsədə yetişməsi üçün çox ağır olacaqdı. Üzeyir bəy böyük bəstəkar, gözəl jurnalist, dünyanın inkişaf axarından xəbərdar olan bir şəxsiyyət, böyük ziyalı idi. Yaxşı bilirdi ki, "bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır" və bu ayrılma prosesindəki gülüşdə də bir sarkazm, bir yumor, bir zarafat və əlbəttə ki, göz yaşı da olmalıydı...

- Yeri gəlmişkən, Üzeyir bəy dühasından barınan 107 yaşlı bu tamaşanın zaman-zaman səhnəyə qayıtmasının özəlliyi nədir? Mövzu aktualdır, yoxsa tarixə hörmət, ilkinliyi xatırlayan yaddaşa sahib varislik borcu?

- Daha çox ikincisi. Çünki indi Mərcan kimiləri daha sivil yollarla öz məsələlərinin həllinə çalışırlar. Əslində, müasir tamaşaçı 100 ilin o tayında qalmış bu personajları elə ötən əsrin tipləri kimi qəbul edib, əməllərinə gülür. Amma o unutduğumuz illərin əks-sədası bu gün "filankəsin teatrı", "filankəsin əsəri" və ya "filankəsin rolu" kimi tarixin yaddaşında yaşayır. Bu da əlbəttə, varisləri daha diqqətli olmağa, sənətə daha ciddi yanaşmağa sövq edir.

- Siz ixtisasca rejissorsunuz və uzun müddət Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşalar hazırlamış, üstəlik aktyor kimi də tanınmış, sevilmisiniz. Sonra uzun müddət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində, daha sonralar Mədəniyyət və Turizm Nazirliyində işləmisiz və teatrların problemlərini yetərincə yaxşı bilirsiniz. Sizcə teatr rəhbəri hansı keyfiyyətlərə malik olmalıdır?

- Bu keyfiyyətləri sadalamaq çox vaxt aparacaq. Sadəcə, teatrı, onun cəfasını və səfasını qəbul edərək sevmək əsas şərtlərdən biridir. Və bir də məncə, həyat və məmurluq təcrübəsi vacibdir. Təcrübə üzləşdiyin bütün mürəkkəb məqamlarda sənə ən doğru yolu göstərəcək. Düşünürəm ki, teatrın problemləri ilə yaşamaq azdır, onun həllinə nail olmaq üçün nüfuzun olmalıdır və yorulmadan çalışmağı bacarmaq lazımdır. Ömrünü və taleyini teatra həsr edən şəxs evinin, ailəsinin qayğılarından daha çox bərabər işlədiyi insanların vəziyyəti ilə maraqlanmalı, yaranmış situasiyanı gücü və səlahiyyəti daxilində həll etməyə çalışmalıdır. Çünki teatr istedadlı və çox zərif insanların çiyinlərində dayanır. Əgər yaxşı tamaşa, maraqlı repertuar istəyirsənsə, mütləq bu insanların - aktyordan, rejissordan tutmuş səhnə maşinistinə, işıq ustasına kimi hər kəsin qayğısına qalmağı bacarmalısan. Çünki teatr kollektiv əməyin bəhrəsidir! Onu mürəkkəb bir "mexanizmə" də bənzətsək yaranan kiçik bir nasazlığın nəyə səbəb olacağı hər kəsə bəllidir. Mən gənclikdən üzü bəri çalışdığım vəzifələrdə, xüsusən Mədəniyyət Nazirliyndə (daha sonralar Mədəniyyət və Turizm Nazirliyində), böyük həyat məktəbi keçdim, idarəçilik vərdişlərinə yiyələndim.

- Və bu teatra direktor təyin olunanda o inzibatçılıq metodu ilə işləməyə başladınız? Axı inzibatçı sözünün lüğəti mənası - "quru əmr və sərəncam verməklə idarə etmə" deməkdir.

- Təkcə əmr verməklə iş tamamlansaydı nə vardı ki? Əmr vermək və kimdənsə nəyisə tələb etmək sonuncu və bəlkə də ən asan mərhələdir. Ən çətini bilirsinizmi nədir? Rəhbərlik etdiyin kollektivin inamını və güvənini qazanmaq! Sən teatrda çalışan bütün personalın işinin mahiyyətinə bələd olmalısan ki, irad tutmağa əsasın, deməyə sözün olsun. Bizim teatrda iş təkcə aktyorun, dirijorun və rejissorla rəssamın yaradıcılq əməkdaşlığı ilə bitmir. Bu tandemə baletmeysterləri, orkestrdə çalışan musiqiçiləri, xor və balet artistlərini, qrim ustalarını, əlbəsə, işıq, kostyum sexində çalışanları, bir sözlə onlarla insanı da əlavə edin və onda görəcəksiniz ki, bu qədər insanı təkcə əmrlə idarə etmək mümkün deyil. Mən çalışıram ki, bütün vacib məsələrdə mütəxəssislərlə məsləhətləşim, onların fikrini öyrəndikdən sonra qərar verim.

- Heç kəsə siir deyil ki, əsl aktyorlar heç vaxt sevdikləri işə qazanc mənbəyi kimi baxmır, yüksək maaş naminə çalışmırlar. Onları səhnəyə və sənətə bağlayan təmənnasız məhəbbət və sevgidir. Biz, yəni adi tamaşaçılar, bu sehirli pərdə arxasındakı yaşantıdan xəbərsiz olanlarsa, hələ yeri düşəndə bəxtəvərlik də veririk o insanlara: bütün günü çalıb oxuyurlar, nə dərd-sərləri var ki... - deyirik. Ancaq unuduruq ki, bu insanlar bütün qayğı və problemlərini, ağrı-acılarını küçədə qoyub məbəd saydıqları bu binaya daxil olurlar. Biz üzdə görünən nəsnə barədə mühakimə yürütməyə alışmışıq, deyəsən.

- Təəssüf ki, belədir. Ancaq teatr tarixinə nəzər salsaq çox qəribə və ibratəmiz hadisələrə rast gələrik. Son nəfəsinədək rolunu oynayıb kulis arxasında dünyasını dəyişən də olub, 40 dərəcə istiliklə səhnəyə çıxan da, evində xəstəsini, körpə uşağını qonşuya tapşırıb tamaşanı oynamağa gələn də, hətta övladını dünən dəfn edib, bu gün tamaşaya çıxan da... Bizim fəsil şıltaqlığı, nəqliyyat problemi, tamaşaçılardan fərqli olaraq, rastlaşdığımız hər hansı vəziyyətlə əlaqədar tamaşaya gəlməmək, nədənsə imtina eləmək kimi bir şansımız yoxdur. Biz əsgər kimi öz mövqeyimizdə, işimizin başında olmalıyıq. Maaş məsələsinə gəlincə... Neçə illərdir ki, ölkə başçısının sərəncamı ilə hər il teatrımızın yaradıcı heyətinin tanınmış üzvləri Prezident mükafatı alır, bəzilərinə bu yüksək təqaüd ömürlük təyin olunur. Biz də son vaxtlar teatrın daxili imkanları hesabına ilin ən yaxşı aktyorlarını, müxtəlif sahələrində fərqlənənləri müəyyən edib mükafatlandırırıq.

- Əvvəllər teatrların rayonlara qastrol səfərləri daha çox olurdu. Bu həm tamaşaçılarla bilavasitə ünsiyyət idi, həm teatrın təbliği, həm də maddi baxımdan kollektivə sərf edirdi. Bu ənənə son vaxtlar deyəsən unudulub.

- Ara-sıra getdiyimiz rayonlar olur. Masallıda, Xaçmazda, Gəncədə, Şirvanda, Şəkidə, Biləsuvarda, Lənkəranda olmuşuq. Açığı, bəzi bölgələrimizdə bu işlə bilavasitə məşğul olanlar nədənsə ləng tərpənirlər. Teatr ilk növbədə mədəniyyətimizin daşıyıcısıdır, təbliğatçısıdır. Hər hansı bir tamaşanın təsir gücünü, canlı ünsiyyətin yaratdığı təəssüratı heç nə ilə müqayisə etmək olmaz.

- Siz bu teatra gələndən sonra yeni tamaşalarla bərabər fərqli yaradıcılıq qabiliyyəti olan istedadlı gənclərlə əməkdaşlığa daha çox üstünlük verilir. Bəzi köhnə tamaşalar yenidən işlənilir, digər teatrlardan ifaçılar dəvət olunur, xaricdən gələn rejissorlar tamaşa hazırlayır, solistlərinizdən bir çoxu müxtəlif ölkələrdə təşkil olunan Beynəlxalq müsabiqələrdə uğurla çıxış edir, teatr xaricdə keçirilən festivallara qatılır, bir sözlə, burada həyat qaynayır...

- Başqa cür də ola bilməz. Vaxt gedir, hər kəs üstünə düşən, ona etibar edilən görəvi məsuliyyətlə və sədaqətlə yerinə yetirməlidir. Əgər bu gün məni bu teatrın direktoru vəzifəsinə layiq görüblərsə, belə gözəl bir məbəddə işləməyi etibar ediblərsə, mən bu inamı öz işimlə doğrultmalıyam. Ən böyük arzum bu teatrı dünya arenasına çıxacaq bir səviyyəyə gətirməkdir. Təbii ki, bunun üçün güclü repertuar, itedadl və güclü aktyor ansamblı, fərqli düşüncəyə sahib rejissorlar, müasir tələblərlə ayaqlaşmaq qüdrətində olan yaradıcı heyət formalaşdırmaq gərəkdir. Ona görə də axtarışlarımız, eksperiment eləmək cəhdlərimiz davam edir. Ötən illərdə Qoqolun "Evlənmə" əsərini tamaşaya qoymaq üçün Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovu dəvət etdik və belə qərara gəldik ki, bu tamaşada əsas obrazları Akademik Milli Dram Teatrının iki tanınmış aktrisasına - xalq artistləri Şükufə Yusupovaya və Məleykə Əsədovaya həvalə edək. Bu bizim üçün bir ilk idi və hətta çoxları ciddi, dramatik və faciəvi rolların ifaçısı kimi tanınan bu iki ünlü xanımın Musiqili teatrın kollektivi ilə birgə çıxışının uğurlu olacağına inanmırdı. Ancaq zaman bizim bu təcrübəmizin uğurlu olduğunu təsdiq etdi. Gənc Tamaşaçılar Teatrından dəvət etdiyimiz Əməkdar artist Şövqi Hüseynov daha bir axtarışımızın müvəfəqiyətini təsdiqlədi. Şövqi son illər Üzeyir bəy Hacıbəylinin "O olmasin, bu olsun" tamaşasında Məşədi İbad rolunun ən yaxşı ifaçısı sayılır, bu roluna görə aktyor "Zirvə" mükafatına layiq görüldü. Bu yaxınlarda biz daha bir arzumuzu gerçəkləşdirdik. Söhbət Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin "Mənim günahım" lirik-psixoloji dramı əsasında hazırlanan tamaşadan gedir. Bu layihədə dünyaca məşhur bəstəkar Qara Qarayevin bənzərsiz balet musiqisindən istifadə etdik. Sevgi haqqında pritça kimi dəyərləndirdiyimiz "Mənim günahım" tamaşasının quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova idi. İradə xanım buna qədər də bizim teatrda dramaturq Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" əsərini tamaşaya hazırlamışdı. Rejissorun teatrımızla daha bir uğurlu əməkdaşlığının bəhrəsi "999-cu gecə" tamaşasıdir. "Mənim günahım" onun Musiqili Teatrda 3-cü işi oldu. Yeri gəlmişkən, bu tamaşanın quruluşçu rəssamı da Gəncə Dövlət Dram Teatrının istedadlı rəssamı Elnur Axundov idi. Tamaşada baş qəhrəmanı - Nurcahan obrazını hər zaman özünəməxsus ifası ilə fərqlənən, Xalq artisti, "Şöhrət" ordenli Şükufə xanım Yusupova canlandırdı. Şükufə xanım bizim teatrla artıq bir neçə ildir ki, əməkdaşlıq edir. Onun iştirakı ilə bayaq adını çəkdyim "Evlənmə" əsəri 2012-ci ildə "Zirvə" mükafatına layiq görülüb. Ayqız obrazını ifa edən gənc balerina Cəlalə Novruzlu isə tamaşaçılar üçün yeni sima oldu. Sahib obrazı Gəncə teatrının aktyoru, əməkdar artist İlham Hüseynovun təfsirində yeni və yaddaqalan oldu.

Bu gün teatrımızda yenə gərgin iş ritmi hiss olunur. Xalq artisti Cənnət Səlimova Antuan De Sent-Ekzüperinin "Balaca şahzadə" əsərini tamaşaya hazırlayır. Əməkdar incəsənət xadimi Əsgər Əsgərovunsa bütün qayğı və yaradıcılıq axtarışları "Molla Nəsrəddinin beş arvadı" ilə "bağlıdır". Özbək yazıçısı İbrahim Sadıqovun iki hissəli bu komediyasını Azərbaycan dilinə tanınmış yazıçı Dilsuz Mustafayev tərcümə edib. Əsrlər boyu tükdilli xalqların hər biri idda edir ki, müdrik, şən və hazırcavab Molla Nəsrəddin məhz onun folklorunun qəhrəmanıdır. Əslində isə Molla Nəsrəddin Uyğur ellərindən serbiyayadək böyük bir ərazidə

duzlu-məzəli söhbətləri, tutarlı cavabları el məsəlinə şevrilən bu geniş çevrədə şöhrət taparaq bütün coğrafi sərhəd və sədlərdən keçərək həmiəyaşarlıq qazanıb. Molla Nəsrəddin ümumilikdə türk dünyasının müdriklik və kamillik simvoludur. Bu ədəbiyaşar obraz öz hazırcavablığı, hadisələrə məqamında və operativ münasibəti, güclü və təkrarsız yumor hissi ilə hər zaman aktualdır, müasirdir. Molla Nəsrəddin yüz illərdir ki, bizimlə birgə addımlayır, bu gün də bizimlə eyni cəmiyyətdə yaşayır, ətrafda baş verənlərə reaksiya verir, çox mürdik münasibətini bildirir, öz heyrətamiz, sərrast deyimləri ilə bizi valeh edir. Və... və ən əsası düşündürür, islah edir, hadisələrdən nəticə çixarmağa, düşünməyə çağırır. İlk baxışdan belə görünür ki, "Molla Nəsrəddinin beş arvadı" komediyasının çox sadə, adi süjet xətti var. Amma dərinliyinə varanda, məlum olur ku, bu sadəliyin, adiliyin arxasında çox böyük mətləblər gizlənib. İstər teatrda, istərsə də kinoda dəfələrlə Molla Nəsrəddin obrazı yaradılıb. Bizimsə tamaşamızın digərlərindən fərqi onda olacaq ki, biz hamının tanıdığı, bildiyi, amma heç kimin indiyəcən görmədiyi, duymadığı Molla Nəsrəddini təqdim edəcəyik, əminəm ki, xoşunuza gələcək.

Gələcək tamaşalarımızdan biri də, rejissor Loğman Kərimovun quruluş verdiyi M.F. Axundzadənin məşhur "Hacı Qara" əsəri olacaq.

- Neçə illərdir ki, teatrda Gənclərin Yaradıcılıq Studiyası fəaliyyət göstərir. Burada həm sizin gənc yaradıcı qüvvələriniz, həm də səhnəyə böyük marağı olan istedadlı cavanlar müxtəlif tamaşalardan fraqmentlər hazırlayır, qabiliyyətlərini nümayiş etdirirlər.

* Bu studiya bizim bir növ yaradıcılıq emalatxanamızdır, ustad dərslərimizin keçirildiyi yerdir. Gənclərimiz burada həm öyrənirlər, həm öyrəndiklərinin mini tamaşalarda tətbiq eləyilər. Onların ifasına kiçik səhnəmizdə baxırıq, yanlışlarını düzəldirik, ən yaxşılarına böyük səhnədə özünü göstərmək imkanı veririk. Yəni özümüz özümüz üçün baza yaradaırıq. Təbii ki, dərs dediyim Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə bizim studiyada həmişə yer və şərait var. Bu ümidverici gənclərdən ikisi - Zaur Əliyevlə Anar Sadıqov artıq bizimlə əməkdaşlığa başlayıblar. Anar Ceyms Barrinin "Piter Pen və Vendi" və Qrimm qardaşlarının məşhur "Bremen musiqiçiləri" nağıllarının süjeti əsasında bir uşaq tamaşası səhnələşdirib. "Bremen musiqiçiləri və Pen" adlanan musiqili nağıl-tamaşanın quruluşçu-rejissoru, universitetimizin məzunu Zaur Əliyevdir. Balaca tamaşaçılarımız üçün nəzərdə tutulan yeni səhnə əsəri Xeyirlə Şərin əbədi mübarizəsinə həsr olunub. Beləcə, hər gün iş başındayıq və demək olar ki, darıxmağa vaxtımız yoxdur.

- Yeni hazırlanan bütün tamaşaların məşqlərinə baxmağa vaxt tapırsınızmı?

- Mütləq! Bunsuz mümkün deyil ki... Prosesləri lap sonacan izləməyi sevirəm. Daxili baxışlardan, hətta ilk tamaşadan sonra da düzəlişlər aparmaq lazım gəlirsə, onu da edirik.

- Bu məsuliyyət hissini və yaradıcılıq həvəsinizi teatra böyük sevginizlə izah etmək olar. Günün 13-15 saatını teatrda keçirmək yəqin ki, bu böyük sevgisiz mümkün deyil?

- Haqlısınız! Bu mürəkkəb və canlı, rəngarəng və təzadlı sənət dünyasını - teatrı sevməsən uğur qazana bilməzsən. Ən böyük arzum budur ki, tamaşaçılar sənət məbədlərinə təkcə əylənmək və ya teatr binalarının gözəlliyinə tamaşa etmək üçün gəlməsinlər, bizim tamaşalarımızı, yaradıcı heyətimizi özləyərək gəlsinlər. Ən böyük arzum mübadilə qastrollarının keçirilməsinə nail olmaqdır. Çox istəyirəm ki, bizim ən yaxşı tamaşalarımızı kənarda da göstərə bilək. Arzu edirəm ki, bu qastrol səfərləri daha intensiv xarakter daşısın, çünki yaradıcı insanlar bir-birlərinin uğurlarından xəbərdar olmalı, bəhrələnməli və mənsub olduqları xalqın mədəniyyətini təbliğ etməlidilər. Bizim bir sıra xarici ölkə teatrları ilə əlaqələrimiz var. Gələcəkdə bu əlaqələrin müştərək tamaşalara çevriləcəyinə çox inanıram. Ümidvaram ki, arzularımızın gerçəkləşəcəyi gün o qədər də uzaqda deyil.

- Müsahibə üçün sağ olun , Sizə və böyük kollektivinizə uğurlar arzulayıram.

- Təşəkkür edirəm, Siz sağ olun!

Söhbətləşdi: Telli Pənahqızı

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR