Azərbaycan Hava Yolları Bakı 2015-in 6-cı Rəsmi Tərəfdaşı elan olunub

"Bakı 2015" Avropa Oyunları bu gün milli sərnişindaşıma şirkəti olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə rəsmi tərəfdaşlıq barədə müqavilə imzalayıb. Avropa Oyunları barədə beynəlxalq səviyyədə insanların məlumatlılığını artırmağa kömək məqsədilə "Azərbaycan Hava Yolları" bu saziş əsasında Bakı 2015-in brendini daşıyacaq, həmçinin ölkəyə uçuşlar zamanı təqdim edilən filmlərdə və jurnallarda Oyunlar barədə təsvirlər veriləcək. Eyni zamanda, bu müqavilə gələn yay möhtəşəm idman yarışlarına gələn qonaqların qarşılanması zamanı Heydər Əliyev Beynəlxalq Hava Limanında yetərli səviyyədə təbliğatın aparılmasını təmin edəcək. Azərbaycanın gənclər və idman naziri və "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib: "Azərbaycan Hava Yolları" ölkəmizin dünya ilə əlaqə saxlamasına kömək edir və bu o deməkdir ki, "Azərbaycan Hava Yolları"nın rəsmi tərəfdaş kimi Avropa Oyunları komandasına qoşulmağı yerinə düşür. "Azərbaycan Hava Yolları" Azərbaycanda ən məşhur şirkətlərdən biridir və aviaşirkət Avropa Oyunlarının dünyanın hər yerində nəzərə çarpmasında bizə kömək edəcək". Hər il 1,7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsində xidmət göstərən bu şirkət gələn il Avropa Oyunları ilə əlaqədar Bakıya gündəlik uçuşlarının sayını artıracaq. "Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov bildirib ki, "Bakı 2015 Avropa Oyunları Azərbaycanda yüksək səviyyəli idman tədbirindən zövq almaq üçün dünyanı Bakıya gətirəcək gözəl fürsətdir: "Rəsmi tərəfdaş kimi Avropa Oyunlarına qoşulmaq bizim üçün qürurdur və biz "Bakı 2015" brendini uçuşlarımızla bütün dünyaya çatdırmağı səbirsizliklə gözləyirik". Azərbaycan Hava Yolları P&G, Tissot, BP, Nar Mobile və ARDNŞ-yə qoşularaq Avropa Oyunlarının altıncı rəsmi tərəfdaşı oldu. "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Gələn il Avropanın ən güclü idmançılarını Bakıya gətirməkdə əhəmiyyətli rol oynayacaq bizim altıncı rəsmi tərəfdaşımız "Azərbaycan Hava Yolları" ilə bu əhəmiyyətli sazişi imzalamaqdan çox məmnunuq. Xidmətinin keyfiyyətinə görə beynəlxalq səviyyədə tanınmış "Azərbaycan Hava Yolları" "Bakı 2015" Avropa Oyunlarının və bizim mövcud sponsorluq proqramımızın işinə təkan vermək üçün ən uyğun şirkətdir". "Bakı 2015" Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR