Azərbaycan tarixi, tarixi şəxsiyyətləri ATV-nin son iki illik fəaliyyətində

Televiziyalarımızın qarşısında duran mühüm vəzifələrdən biri də Azərbaycan tarixini, tarixi şəxsiyyətlərimizin keçdiyi şərəfli yolu, qəhrəmanlarımızın döyüş şücaətini sənədli filmlərə köçürməklə tamaşaçılara təqdim etməkdir. Bu sahədə ən baxımlı kanal olan ATV-də xeyli işlər görülüb. Son iki ildə ATV kanalında bu sahədə 42 sənədli film çəkilərək tamaşaçılara çatdırılıb. Ən maraqlı və önəmli cəhət ondan ibarətdir ki, filmlərdə heç bir təkrarçılığa yol verilməyib. Sənədli filmin qəhrəmanları real faktlarla tamaşaçı auditoriyasına fenomen şəkildə təqdim edilib. Hər bir qəhrəmanın keçdiyi yol obyektiv şəkildə işıqlandırılıb. Bu sahədə ATV kanalının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent, əməkdar jurnalist Vüqar Qaradağlının xidmətləri danılmazdır. Oxucularımıza geniş rəğbət qazanan bir neçə sənədli filmlərin adını sadalamaq istəyirik. "Mənim, sənin, milyonların..." sənədli filmi ulu öndər Heydər Əliyev haqqındadır. "Sabahın xeyr, Azərbaycan!" sənədli filmi isə ölkə prezidenti İlham Əliyevə həsr olunub. Heydər Əliyev Fondunun fəaliyyəti haqqında "10 il birlikdə" sənədli filmi fondun gördüyü işləri tamaşaçılara peşəkar şəkildə təqdim edə bilib. "Bir İnci" sənədli filmi isə Azərbaycanın birinci xanımı Mehiban Əliyevanın gördüyü işlərdən bəhs edir.

 "Şimşək ömrü" filmi ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov haqqındadır. "Qəhrəmanlıq və eşq dastanı" Sovet İttifaqı Qəhrəmanı Səməd Abdullayevin ömür yolundan bəhs edir. "İstiqlala Azərbaycan yardımı" azərbaycanlıların Osmanlıların qurtuluş savaşına yardımı haqqında dolğun məlumat verir. "Yesenin Bakıda" sənədli filmi rus şairi Yeseninin Bakı səfərləri haqqındadır. Filmdə gənc yazar Aqşin Yenisey şair Yesenini canlandırır. "Alban yadigarı- Xınalıq" Xınalıq kəndi haqqında dəyərli ekran əsəridir.  "Gəmilərin etirazı" və "Bir ölümün acığına" sənədli filmləri 20 yanvar faciəsi haqqındadır. "Qan yaddaşımız" erməni məkri və təcavüzü, "Mən Xocalı" isə Xocalı soyqırımı haqqındadır. "Terrorçu xisləti" filmi erməni terrorundan bəhs edir. "Üç nöqtə"(xalçalar) - Azərbaycan xalçalarının tarixi və ermənilər tərəfindən oğurlanması və bu sahədə harayın qaldırılmasından bəhs edir. "Azərbaycanın şəhadəti" sənədli filmi 1828-ci il Türkmənçay sülhü haqqında maarifləndirici bir ekran əsəridir. "Şahənşah" sənədli filmi idə Şah İsmayıl Xətaini gənc nəslə təqdim etməkdə dəyərli bir ekran incisidir.

Onu da qeyd edək ki, hal-hazırda bir neçə sənədli filmlər üzərində işlər aparılır, ssenarilər yazılır, çəkilişlər gedir. Bu sahədə ATV kanalına, bu sahədə çalışan cəfakeş insanlara uğurlar arzulayırıq. Tariximizi, tarixi şəxsiyyətlərimizi, yaşadığımız faciələri sənədli filmlərə köçürərək tarixləşdirən insanların əməyini, zəhmətini tarix özü qiymətləndirəcək. Tarixi unutmaq olmaz. Çünki hər yaşanan tarixdə xalqımızın, şəxsiyyətlərimizin izləri var...

Alim Nəbioğlu

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR