Şərəfli ömür yolu

Ağac kökündən su içdiyi kimi, insan da öz soyundan, milli-mənəvi zənginliyindən qidalanır, əcdadlarının hünər və zəfərlərinin nümunəsində formalaşaraq ömür sürür. O kəslər xoşbəxtdirlər ki, taleyinə yazılmış ömür payını şərəflə yaşayır, əməlləri və fəaliyyəti ilə yaddaşlarda qalır, özündən sonra silinməz iz qoymağı bacarır. 1 aprel 1915-ci ildə (bəzi sənədlərdə təvəllüd tarixi 1913 göstərilir) Şərur qəzasının Çomaxtur kəndində görkəmli şəxsiyyət erməni daşnaqlarına qarşı mübariz, partizan dəstəsinin cəsur komandiri Tağı Məşədi Mahmud oğlu İsmayılovun ailəsində anadan olmuş Həsən Tağı oğlu İsmayılov məhz belə bir ömür yaşamış, onu tanıyanların qəlbində özünəməxsus yer tutmuşdur. Sayılıb-seçilən soylardan birinin təmsilçisi olan Həsən İsmayılov öz dovrünə görə təhsilli, elmi biliklərə sahib gənclərdən biri idi. O, əsl azərbaycanlıya məxsus milli-mənəvi keyfiyyətləri ilə həmyaşıdları, dostları arasında xüsusi hörmət qazanmışdı. Yaşına uyğun olmayan nüfuzu sayəsində nəinki yaşıdları, eləcə də özündən böyüklər ondan məsləhətlər alır, dünyagörüşünə, iti fəhminə görə, tövsiyələrinə əməl edirdilər. Səmimiyyəti, istiqanlılığı və təvazökarlığı ilə hamının hörmətini qazanmış Həsən İsmayılov uşaqlıqdan təhsilə, kitaba, elmi biliklər öyrənməyə bağlanmışdı. İlk məktəb illərindən oxumağa olduqca böyük maraq göstərən balaca Həsən, bununla belə, ailədə və ətrafında özündən kiçikləri də öyrənməyə, oxumağa həvəsləndirir, vaxt tapan kimi onlara dərslərində kömək edirdi. Asudə vaxtlarında belə oxumaqdan əl çəkməyən Həsən İsmayılov, eyni zamanda, təsərrüfat işlərində valideynlərinə də yardım edər, yorulmadan çalışar və ailənin ehtiyaclarının ödənilməsi üçün bacarığını əsirgəməzdi.

Həsən İsmayılov təkcə yaxşı oxuması və fəallığı ilə deyil, eyni zamanda, nümunəvi davranışı ilə hər kəsdən seçilir, xüsusilə məktəbdə hamıya örnək göstərilirdi. Yüksək təlim-tərbiyəsinə görə müəllimləri də ona doğma münasibət bəsləyir və gələcəyinə böyük ümidlə yanaşırdılar.

1931-ci ildə Yengicə kənd orta məktəbini yüksək qiymətlərlə bitirən Həsən İsmayılov 1934-1939-cu illərdə Ağamalıoğlu adına Bakı Kənd Təsərrüfatı Texnikumunda meliorator-hidrotexnik ixtisası üzrə təhsil almışdır. O, geniş erudisiyası və istedadı sayəsində musiqi alətlərində, xüsusilə də tarda mahir ifa etməyi öyrənmiş, musiqi təhsili də almışdır. Təhsilini uğurla başa vuran Həsən İsmayılov Naxçıvan Su Təsərrüfatında çalışmış, eyni zamanda Ordubad Pedaqoji Məktəbini bitirmişdir. Daha sonra o, Şərurun Aralıq, Şəhriyar və bir neçə digər kəndlərində müəllim işləmiş, insanların maariflənməsi üçün var gücü ilə çalışmışdır.

Həmin dövrdə savadlı kadrlara olan ehtiyacın ödənilməsi mümkün deyildi. Odur ki, Həsən İsmayılov kimi ziyalılar eyni zamanda bir neçə yerdə işləməyə məcbur olurdular. Bu səbəbdən də o, bir müddət məhkəmə orqanlarında da çalışmış, arxiv materiallarında da qeyd olunduğu kimi, qüsursuz xidmət göstərmişdir.

Həsən İsmayılov Naxçıvan Firqə Şura Məktəbini bitirmişdi. O, həmçinin, xüsusi nişançılar hazırlayan atıcılıq kursunda fəal iştirakına və kursu uğurla başa vurduğuna görə, birinci dərəcəli "Voroşilov" nişanı ilə təltif olunmuşdur.

Eramızdan əvvəl beşinci əsrdə yaşamış, "Tarixin atası" kimi tanınan Herodot demişdir ki, "Hətta ağılsızlar arasında belə müharibə istəyən olmamalıdır. Çünki dinclik olanda atalar övladlarının çiynində aparılaraq dəfn edilirlər, müharibə olduqda isə atalar övladlarını dəfn etməli olurlar". Bu sözlər son iki əsrdəki müharibələrin dağıdıcı qüvvəsinin zərbələri müqabilində olduqca sönük görünür. Çünki genişmiqyaslı müharibələrdə insanlar həlak olmuş doğmalarını nəinki dəfn edə, hətta sonradan onların qəbrini belə tapa bilmirlər.

Həsən İsmayılov 25 mart 1939-cu il tarixində hərbi xidmətə çağırılır. Taleyin amansız gərdişi onu doğma el-obasından ayırır. Daha sonra o, SSRİ ilə Finlandiya arasındakı müharibəyə cəlb olunur.

Həsən İsmayılov qısa olsa da, zəngin həyat yolu keçib, uzun insan ömrünə sığmayacaq qədər işlər körməyə nail olub. Onun həyatının mülki həyatda keçən hissəsinə dair xatirələr, dildən-dilə keçən məlumatlar kifayət qədərdir. Hərbi xidmət və müharibə dövrünə aid həyat yolunu isə yalnız arxiv sənədlərinə müraciət etməklə öyrənmək mümkündür. Keçmiş SSRİ-nin arxivlərindəki məlumatlara əsasən, Həsən

İsmayılov SSRİ-Finlandiya müharibəsində xüsusi qəhrəmanlıq və şücaət göstərmiş, şəxsi fədakarlığı ilə digərlərindən fərqlənmişdir.

Lakin amansız əcəl Həsən İsmayılovun ömür yolunun yarımçıq qalmasına səbəb olmuş, özü, doğmaları, xalqı və canından artıq sevdiyi Azərbaycanın inkişafı üçün sonsuz arzularla döyünən ürəyi əbədi olaraq susmuşdur.

2 mart 1940-cı il tarixində gənc döyüşçü Həsən İsmayılov qəhrəmancasına həlak olmuşdur.

Əslində, Azərbaycana bir o qədər də aidiyyatı olmayan bu müharibə Həsən İsmayılov kimi bir ziyalının, böyük bir nəslin davamçısının ömrünü yarımçıq qoymaqla bərabər, eyni zamanda ailəsi, doğmaları da daxil olmaqla, onu tanıyanların qəlbinə dərin yara vurmuşdur. Xüsusilə də atası, anası, qardaş və bacıları, həyat yoldaşı və qızı onun yoxluğu ilə barışmamış, Həsən İsmayılovun nə zamansa sağ-salamat geri dönəcəyinə inanmışlar. Ancaq vaxt keçdikcə doğmaları bunu bir qismət payı, alın yazısı kimi qəbul etmiş, Həsən İsmayılovun qəhrəmanlığı, qorxmazlığı və qısa ömür payında göstərdiyi yaddaqalan və səmərəli fəaliyyəti ilə təskinlik tapmışlar. Bu gün də Həsən İsmayılovun doğmaları - nəslinin davamçıları, nəvələri, nəticələri, eləcə də həmyerliləri və onun haqqında məlumatı olan hər kəs şərəfli ömür yaşamış bu insanın adını dərin hörmətlə yad edir, xatirəsinə ehtiram göstərirlər.

Ölümündən sonra haqqında heç bir məlumat almaq mümkün olmasa da, şübhə yoxdur ki, Həsən İsmayılovun qəhrəman döyüşçü ruhu bu gün də doğulub boya-başa çatdığı Çomaxtur kəndində, ulu Naxçıvanda və bir sözlə, doğma Azərbaycanda dolaşır.

Çünki uşaqlıqdan sözündən dönməyən, haqq bildiyi yolda geri çəkilməyən, xeyirxahlığı həyat amalı kimi qəbul edən Həsən İsmayılov baş vermə səbəbindən asılı olmayaraq, bütün döyüşlərdə öz şərəfi, Azərbaycanın adı və millətin qüruru naminə döyüşmüş, canı bahasına da olsa belə, soyundan gələn igidliyini və qəhrəmanlığını sona qədər qoruyub saxlamışdır.

Bilman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR