“Akkord” şirkətinin baş direktoru işdən çıxarılıb

"Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin baş direktoru Xaqani Quluzadə işdən çıxarılıb. Şirkətdəki mənbələr saytımıza X.Quluzadənin "Akkord" ASC-nin direktoru vəzifəsindən kənarlaşdırıldığını deyiblər. Onu quruma bundan öncə rəhbərlik edən İlqar Hacıyev əvəzləyəcəyi qeyd olunur.
ASC-nin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva isə Modern.az-a açıqlamasında bunları deyib:   "Xaqani Quluzadə 3 ay bundan əvvəl İngiltərəyə təhsili ilə bağlı gedib. Yəni onun işdən çıxması ilə bağlı məlumatlar doğru deyil. Bir il orada təhsilini davam etdirməlidir. Hələ ki, onun səlahiyyətlərini İdarə Heyətinin sədri Gökçer Aybek yerinə yetirir. Direktorlar Şurası yeni qərar verənədək həmin şəxs də baş direktor vəzifəsini yerinə yetirəcək".
"Akkord"dakı digər mənbə isə tezliklə Xaqani Quluzadənin yerinə yeni təyinatın olacağını vurğulayıb.
Qeyd edək ki, Xaqani Quluzadə 2010-cu ilin avqust ayından "Akkord" Korporasiyasına başçılıq edir. Korporasiyaya başçılıq edənə qədər o, 15 il müddətində Azərbaycanın aparıcı banklarında aktivlərin və passivlərin idarəetmə üzrə komitəsinin rəhbəri, idarə heyəti sədrinin birinci müavini, həmçinin idarə heyətinin sədri kimi vəzifələrdə çalışıb. Bundan başqa, Avroistiqraz vərəqələrinin müvəffəqiyyətli yerləşdirməsini həyata keçirən işçi qrupuna başçılıq edib.
X.Quluzadə 1999-cu ildə maliyyə ixstisası üzrə magistr dərəcəsi ilə Azərbaycan Dövlət İqtisad Universitetini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2003-cü ildə "Milli iqtisadiyyatın formalaşması prosesində dövlət investisiya siyasətinin Prioritetləri" mövzusu üzrə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülüb. 2011-ci ilin iyun ayında Böyük Britaniyanın Oksford şəhərinin Avropa Biznes Assambleyası tərəfindən təltif edilib, "İlin Meneceri" mükafatının laureatı olub. Modern.az
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR