“Tı kto takoy? Davay, dosvidaniya!”-ARAŞDIRMA

                                                                                                                            Hafiz Mirza
                                                                                                 www.hafizmirza.com


"Youtube" inter  portalında bir  cəfəng meyxana izləmə rekordları qırır. Adamlar  küyə düşüblər; burada mənalı nə olması marağı ilə hamı girib baxır və nəticədə izləmə sayı milyonu keçir. Əsas qafiyəsi də nə olsa yaxşıdır, "Tı kto takoy, davay dosvidaniya"! Bu ifadəyə diqqət verməyin yeri var. Azərbaycan dilində loru tərcüməsini bu cür vermək olar: "Sən kimsən, alə, get bas bayıra"! Vallahi-billahi, məmləkətdə və dünyada elə adamlar, elə qüvvələr var ki, sanki adamdan xahiş edirlər ki, durub yapışasan yaxasından və qulağına məhz orus dilində "Tı kto takoy,alə, davay dosvidaniya!" deyəsən! Elə bilirsiz adamların hamısı "kulturnı" müraciət-flan başa düşür? Bu məsələdə elm-flan, təhsil-məhsil çox da əsas deyil-e! Elə savadlı var ki, adi arpasatan ondan daha "ponyatkalı"dır.
Əsas o deyil ki, elmin olsun, əsas odur ki, həm də helmli olasan. Bir kəndə Nəcəfi-Əşrəfdə dini təhsil almış bir elmli molla gəlir. Yerli molla başa düşür ki, onun qarşısında moizə edə bilməyəcək və bu savadlı mollanın bu kənddə möhkəmlənməsi onun mollalığının sonu deməkdir. Ona görə də bu elmli mollaya başa salmağa çalışır ki, onun yeri bu kiçik, ucqar, avam kənd yeri deyil, onun gələcəyi, inkişaf etməsi, məşhurlaşması üçün şəhər yaxşıdır, mərkəzi yerlər əhəmiyyətlidir. Bu molla çox deyir, o molla az başa düşür.  Onda elmsiz molla öz  helmini işə salır. Növbəti gün alim molla məsçidə moizə etməyə gəlməzdən əvvəl o minbərə çıxır və bildirir ki, bu alim mollanın gəlişi ilə kəndlərinə çox böyük xoşbəxtlik nazil olub. Hər kimdə bu mollanın saqqalından bir tük olarsa, o adam xəta-bəla görməz, canı sağlam, ruzusu bərəkətli, balaları xoşbəxt olar.  Bunu eşidən camaat məsçidə daxil olan alim mollanın üsərinə hücum edir.
Mollalar haqda danışmışkən, indi bizim bir çox alimlərimiz, xüsusən də Bakı İslam Universitetini bitirmiş ilahiyyətçilərimiz  İranda təhsil almış əbalı-qəbalı mollalar qədər helmli deyillər. "İran mollaları" hüzür məclislərində pulsuz xidmət göstərmək və dəfn-kəfən işlərini havayı icra etməklə çox asanlıqla  camaatı ələ ala, rəğbət qazana və önə çıxa bilirlər. İrandan pulları gəlir axı. Amma bizim mollalar hüzür mərasimlərindən savayı heç yerdən  maliyyələnmədiklərinə görə dilləri qısa idi. Bakı İslam Universitetini bitirmiş ilahiyyatçıların çoxu  ya qəzetlər üçün məqalə yazır, ya da dərman satan şirkətlərdə ekspeditor işləyirdi.  Çünki bizim universitet elm və düzlük, İran mədrəsələri isə helm və biclik  öyrədir. Hər hansı yerli mütəxəssisin yaxasından  xalqın nəzərində "KQB agenti" və ya "hökumət mollası " yarlıkını asmağa nə var ki? Beş nəfər dedi, and içdi kifayətdir- bizim avamlar pis sözə daha tez inanır. Xülasə, bizim yerli mollaların bu İran agentlərinin həqiqi maskasını yırtmağa, "Tı kto takoy? Davay dosvidanie!" deməyə  helmi çatmırdı. Din pərdəsi altında  narkotika alveri edən, nüfuz savaşı aparan və gənclərin düşüncəsini ucuz fanatizmlə dolduran bu cür din xadimlərinə çoxdan "Tı kto takoy?" məzmunlu sual vermək lazım idi.  Ardıyca "Davay dosvidanie!" demək olardı. Nəhayət hamının əvəzinə QMİ bunu dedi. O, bir çox rayonların aparıcı din xadimlərinə, məsçid  axundlarına əmək haqqı kəsdi və bununla da onların dilini bir qədər uzun elədi. Buna görə də, iranpərəst mollalar başlarına "zollaları", yəni gənc fanatikləri toplayıb,  Avroviziya-2012 yarışması zamanı "gey parad" bəhanəsilə ara qarışdırmaq, diversiya, terror törətmək istəyəndə QMİ-nin mollaları onların  ağzından vurdu, MTN işə qarışdı, yaxalarından yapışıb "Tı kto takoy?" soruşdu və 40 nəfərdən çox nadanı "Davay,  dosvidaniya!"  deyərək basdı "qoduqluğa"!
Əgər bu sual-cavabı imtahana salsaq ölkədə çox adam, bəlkə lap TQDK da  bu testdən üzüağ  çıxmaz. Götürək əvvəlcə TV-lərimizi. Milli TV-lər olaraq millətimizə xidmət etmək əvəzinə, əcnəbi mədəniyyətləri, yad dini inancları, həyat və yaşam tərzini xarici seriallar vasitəsilə xalqa sırıyırdılar. Həm də buna görə idi ki, şəhərlərimizdə sinəsi, bacaqları, kürəyi açıq zənənlərin, mayka və şortikdə gəzən  cavanların, hər mənasız səbəb üstündə ərindən boşananların, arvad-uşağa məhəl qoymayıb özü üçün rahat həyata üstünlük verən erkəylərin, dinini, əqidəsini dəyişənləri sayı xeyli artmışdı.  Nüşirəvan müəllim MRTŞ-nin adından onların hamısına "Davay, dosvidaniya!" dedi və indi bu TV-lər başlayıblar milli seriallar şəkməyə. Daha milli seriallarda da "qatıqlaya" bilməzlər ki. "Qatıq" demişkən, bunun öz ustaları var və onların əksəriyyəti şou-biznesdə kök salıb. İndi bir kişi və ya  bir nazirlik çıxsın ortaya, Bədii Şura  funksiyasını daşısın və şou-biznesdə lövbər salmış bu "qatıqşünaslara"  "Davay dosvidaniya!" deyə bilsin! Mümkündürmü? Bacararmı? Çünki həmin bu şou-biznesdə şellənən zənən müğənnilərin yarıdan çoxu kimlərinsə daçasının, villasının gecə qonaqlarıdır. Onlara "Tı kto takoy?" demək olar?! Kim olduqlarını başa salmağa çalışsalar onda ölkədə çoxlarının abır-həyası əldən gedəcək. Amma elə adamlar var ki, gərək hökmən qulağını burub, "Tı kto takoy?" soruşasan. Elə birisi Güntay Gəncalpdır ki, bu yaxınlarda onun "Səfəvi kimliyinə fərqli baxış" adlı bir cəfəngiyyat toplusu işıq üzü görüb. Kitabın dil, qramatik, üslub xətaları ilə işimiz yox. Görünür özünün və redaktorun savadı o qədər olub. Əsas məsələ odur ki, bu adam Böyük Şah İsmayıl Xətainin və onun nəslinin ünvanına o ki var təhqir, böhtan və iftira yağdırıb. Beləsinin başına qapaz vurmaq hər bir yazarın borcu idi. Amma bu "qapazı"  Asim Məmmədov adlı bir qardaşımız "Fərqli baxış, yoxsa çirkin iftira?" adlı yazısı ilə vurdu. Sağ olsun!Yəni ləyaqətli şəkildə ona "Davay dosvidaniya!" deyə bildi. Qarşıdan ramazan ayı gəlir. Bir ay toylara, yeyib-içməklərə  "davay, dosvidaniya" deməyin vaxtıdır.  Yaşı əllidən o tərəfə olan on milləti sıraya düzsən, azərbaycanlını  yekə qarnından tanımaq olar. Amma bizi nə fiziki və nə mənəvi cəhətdən, eləcə də siyasi arenda tanımaq istəməyən toplumlar var. Birisi paz olub böyrümüzə. Dığaları nəzərdə tuturam. Bu yaxınlarda Londonda keçirilən bir ali məclisdə Qafqaz dövlətlərinin bayraqları sırasında öz ölkəsinin bayrağını görməyən Ermənistan nümayəndəsi bərk narahat olub. Bizim tanınmış yazıçı-publisist, türkoloq alim Yunus Oğuz da eləməyib tənbəllik və Rusiya bayrağını göstərərək, erməniyə " Axtarmayın, sizin bayrağınız  elə bu bayrağın içindədir"  deyib.  Suriya dövlətinin hazırkı bayrağı siyasi cəhətdən nəyin içindədir-  bilmək olmur, amma tamam xalqın qanı içərisində olması dəqiqdir. Guya ki, Suriya ərəbləri yatıb-durub, demokratiya eşqinə düşüblər. Əslində demokratiya anlayışı boş söhbətdir. İraq Amerika işğalından sonra demokratik dövlət olub dövlətlər sırasına qoşula bilirmi? Əfqanıstan da bilmir, Misir də bilmir, digərləri də bilməyəcək. Sadəcə, orada Suriya xalqı xarici qüvvələrin yaxasından yapışıb "Tı kto takoy?" deyə bilmir. Suriyada olmuş və Dəməşq ziyalıları ilə bir neçə il əvvəl söhbətlər aparmış adam kimi deyə bilərəm ki, Suriyanı indiki kökə salmaq üçün əvvəlcə onun ziyalılarını bivec vəziyyətə qoymuşdular. İraq olsun, indi bizimkilərin də bir çoxu elə o vaxtkı Dəməşq ziyalılarını xatırladır. Məsələn, Bütöv Azərbaycan sevdası ilə yaşı qədər uzun yol gələn Sabir Rüstəmxanlıya qarşı şübhəli iddialar irəli sürür, Dünya Azərbaycanlıları Konqresini param-parça etmək istəyirlər. Bir vaxtlar hörmət bəslədiyim Əhməd Obalının da əks cəbhədə olması adamı barmağını dişləməyə məcbur edir. Mən cənubun ortaya çıxartdığı Çehrəqani və Musəvi barədə düşünüb incələmələr apararkən də sonunda  barmağımı dişləmişdim.  Dişləmək bir şeydirsə, çeynəmək bir ayrı şeydir. Məsələn, Ukraynada Yanukoviçin tərəfdarları ilə Timoşenkonun dəstəsi bir-birinin ətini çeynəməyə hazırdır. Deyilənə görə, Yuliya Timoşenko bizim rəsmi gəlinimiz ola bilərmiş. Çünki bizim çox-çox illər əvvəl Ukraynada əskərlik etmiş bir qarabala ( o adam indi Lənkəranda  "taksovatlıq" edir) gənc Yuliya ilə çox yaxın münasibətlər yaşayırmış. Qonşu kimi yox-ha,.. eşq-məhəbbət məsələsi. Amma nə yaxşı ki, o qarabala Yuliyadan ayrılıb və çox sonralar Yiliçka bir erməniyə ərə gedib. Erməni arvadı isə öndədirsə, deməli korrupsioner olmalıdır. İndi Ukrayna  bu korrupsioner xanımdan "Tı kto takoy?" soruşubsa  da və sonra  "Davay, dosvidaniya!" cavabını verərək onu həbsə atıbsa da, yenə əlində avara qalıb. Nə yaxşı ki, bizim qarabala elə müdrik addım ataraq, aradan çıxa bilibmiş. Deyilənə görə onun qızı da əslində bizim qarabalnın yadigarıdır. Hər nə isə, çox dərinə getməyək. Talehin qismətinə gəlincə, bizim milli korrupsionerlərimizə və ya qadın biznesmenlərimizə nə gəlib?... Elə bircə xoxluşkamız çatmırdı. İndi bir çox rayonlarda qadın iş adamları peyda olub. Guya ki, yanacaqdoldurma məntəqələri, mebel mağazaları, apteklər, otellər, istirahət və ticarət mərkəzləri və digər şeylər bu xanımların öz bacarığına, öz məharətinə və azad biznes şəraitinə görə yaranıbmış.  Arxalarında kimlərin dayanması dar çevrəyə məlumdur. Məlum olmayan odur ki, bizimkilər indi nədən məhz qadınları qabağa verirlər? Axı bizim dəyərlərimizin arasında qadının arxasında gizlənmək və onun əli ilə milyonlar qazanmaq ənənəsi olmayıb. Mənə elə gəlir ki, həmin bu "arxada duranlar" bizdə qadına "Tı kto takoy? Davay dosvidaniya!" deyilmədiyini və onlara münasibətdə daha nəzakətli olmaqlığımızı nəzərə alıblar, bəli bunu nəzərdə tutublar. Az qalır Nəzərə də "Tı kto takoy?" deyim. Nəzər Nəzərov bizim məhəllənin damkomudur. Nəzərin özündən çox oğlu Abuzərdən zəhləmiz gedir. Səhər-axşam maşını ilə küçəmizdən  şütüyüb keçir, qəsdən tormoz atır, təkərlər asvaltı cırmaqlayır və eşidənlər qəza baş verdiyini zənn edib, balkondan baxmağa tələsir. Son günlər isə maqnitafona var səsini verib gecənin bir aləmi küçədən keçir. Maqnitafon da nə ifa eləsə yaxşıdır? "Tı kto takoy? Davay, dosvidaniya!" Əslində bu primitiv sual-cavab süni yollarla populyarlaşdırılmışdır. Bundan daha mənalı qafiyələr və meyxanalar var. İndiki zamanda məşhurlaşmaq üçün heç də şedevrlər yaratmağa ehtiyac yox imiş; güclü bəxtin və piarın olsun. Ütülü cümlələrə vərdiş eləmiş rus intelliqensiyası bu ilin martında, prezident seçkiləri  ərəfəsində Vladimir Putinə deməyə daha kəskin söz tapmırdı. Onlar birdən belə primitiv tərzdə mahnı dinləyərkən sanki öz düşüncələrinin ən lakonik ifadəsi ilə qarşılaşdılar. Biz bu halda "Get hoppan!" da deyə bilirik, rus bunu bacarmır axı. Bu qədər primitiv yanaşma heç kartof əkən rus mujikinin də ağlına gəlməz. Bazarlarda məskunlaşmış, Azərbaycan cənub əyalətlərindən gəlmə gənclərin  maqnitafonunda, sonra isə "Youtube" saytında bu meyxana ilə qarşılaşdıqda ruslar onu ekzotika olaraq qəbul etdilər və sevdilər. Çastuşka kimi bir şey. Piar işə düşdü və meyxananın baxış reytinqi yüksəldi. Rusiyanın ən populyar TV-lərində bu meyxananı Azərbaycan rep-battlı adlandırdılar. Ona siyasi don geyindirildikdə və Putinə aid edildikdə isə populyarlıq birə on artdı. Meyxananın "Youtube" saytına Hilal Məmmədov adlı  birisi qoyubmuş. Tanışlıq üçün barəsində onu demək olar ki, bu adam Moskvada ali təhsil almış, 1993-cü ildə Azərbaycanın Cənub bölgəsində talış etnik separatizminin ideoloqlarından, liderlərindən biri olmuş, sonra qaçlb Rusiyada gizlənmişdi. Hadisələrin üzərindən uzun zaman keçməsi və Azərbaycan iqtidarının  humanizmi ona Bakıya geri dönməyə və burada özü üçün  rahatca yaşamağa şərait yaratmışdı.  Amma bu adam yenə dinc durmadan talış gənclərinin düşüncəsini şovinizm  ideyaları ilə korlamağa, Azərbaycan xalqları arasına rəxnə salmağa və iqtidara qarşı qərəzli hücumlar yapmağa çalışır.  Guya ki, insan haqlarının müdafiəçisi olubmuş və bu ölkədə yalnız talışların bir xalq olaraq hüquqları tapdalanırmış. O bu yaxınlarda bir TV-də çıxış edərkən  məlum meyxananın əsas bəndinin təkcə Putinə aid olmadığını bildirmiş və Azərbaycana  da eyham vurubmuş. Cibində narkotika gəzdirəsən və belə  işlərlə məşğul  olasan! Ertəsi gün təsadüfən onu narkotika ilə tutdular. Bu onun özünə verilən "Tı kto takoy?"  sualı idi. Sonra evlərində axtarış apardılar və sualın cavabını daha 30 qram heroinlə verdilər. İndi Hilal Məmmədov bu sualın dəqiq cavabını tapmaq üçün düz 3 ay vaxt qazanıb. Bir vaxtlar onun   Lənkəranda devirdiyi Müsavat hakimiyyətinin Bakıdakı liderləri indi bu adamın müdafiəsinə qalxıblar. Ölkə müxalifətində "Davay dosvidaniya!" deyilməli nə qədər adam varmış!Arada və müft yerdə reytinq qazananlar meyxanaçı  İntiqamla Etiram oldu. Halal xoşları! Bu da bir haşiyədir, həyatımızdan keçib gedir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR