Məktəblilər üçün səmərəli yay tətilini necə təşkil etməli? – Valideynlərə vacib tövsiyələr

Uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünə məxsus yeri var. Tətilin maraqlı və səmərəli təşkili onların yeni dərs ilində daha enerjili olmasına kömək edir. Bu mənada valideynlər uşaqların istirahət və asudə vaxtlarının təşkil olunmasına xüsusi əhəmiyyət verməlidirlər. İstirahətin və asudə vaxtın təşkili zamanı uşağın maraqları, psixologiyası, daxili aləmi nəzərə alınmalıdır. Çünki bu məktəblilərin fiziki və psixoloji sağlamlığı baxımından böyük məna kəsb edir. Bütün bunlar təmin olunduğu zaman uşaqların ruhi sakitliyi, daxili rahatlığı bərpa olunur, stress və depressiyadan uzaq olurlar. Bu isə növbəti dərs ilində məktəblilərin uğurlarını və təhsilə olan maraqlarını daha da artırır. Bəs uşaqların yay tətlinin səmərəli təşkili üçün daha nə etmək lazımdır?

Təhsil ekspert Kamran Əsədov bildirir ki, dünya təhsil təcrübəsinnə əsasən yay fəsli uşaq orqanizminin inkişafı üçün çox əhəmiyyətlidir. Buna görə də, uşaqlar yay tətilini həm sağlamlıqları, həm də inkişafları naminə səmərəli keçirlməlidir. Ekspert hesab edir ki, valideynlər uşaqları üçün tətil planlarını əvvəlcədən - elə tədris zamanı hazırlamalıdırlar: "Yay tətili gəlib çatandan sonra uşağın 3 ayı necə keçirəcəyini planlaşdırmaq çox çətin olur. Belə olanda isə uşaq gününü ya küçədə, ya da kompüter qarşısında keçirməli olur. Əvvəllər, uşaqların yay tətilini səmərəli keçirə bilmələri üçün yay düşərgələri var idi. 1990-cı illərdən sonra bu düşərgələr dağılmağa başladı. Bunun əsas səbəbi düşərgələrin binalarında məcburi köçkünlər məskunlaşdı. Nəticədə, bu gün 3 aylıq tətil var, istirahət üçün düşərgə isə yox. Xatırladım ki, əvvəllər uşaqlar üçün tədris ilinin sonunda pioner düşərgələri fəaliyyət göstərirdi. İndi bu düşərgələr yox vəziyyətindədir. İndi məktəbliləri düşərgələrə yönləndirmək də çox çətindir. Çünki hazırda Azərbaycanda 1,6 milyon şagird təhsil alır. Ümumilikdə, bu düşərgələr 9 aylıq təhsildən sonra tətil adlandırılsa da, əslində tətil, istirahət deyil, öyrəndiklərinin təcrübəsini keçmək olmalıdır. Şagirdlər 3 aylıq tətil dövründə oxumaq, yazmaq vərdişlərini yadırğamamalıdır. Hal-hazırda düşərgələrin sayı azdır və qiymətlər reallığı əks etdirmir. Həmin düşərgələrdə adambaşına düşən maliyyələşmə kifayət qədər yüksək göstərilib. Hazırda həmkarlar ittifaqlarının nəzdində 4 uşaq düşərgəsi fəaliyyət göstərir. Həmin düşərgələrdə 3 ay ərzində uşaqların ümumi qəbul etmə imkanı 3400 nəfərdir. Uşaqlar düşərgələrdə 21 gün müddətində qala bilər. Nabranda, Şüvəlanda "Olimp", "Şahin", "Aypara" uşaq düşərgələri ilə yanaşı Milli Elmlər Akademiyasının da uşaq-sağlamlıq düşərgələri var. Bütün valideynlər işlədikləri müddətdə işlədikləri müəssisələrin həmkarlar ittifaqına 1 faiz pul ödəyirlər. Bu da o deməkdir ki, bu valideynlərin uşaqları uşaq düşərgələrinə böyük endirimlə getməlidir. Qanunvericiliyə görə, 180 manatlıq göndərişə valideyn 27 manat ödəməlidir. Ancaq etiraf edək ki, hazırda uşaqlar üçün təşkil edilən yay düşərgələrinin səmərəsi yoxdur. Çünki yay düşərgələrində əslində maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxslərlə görüşlərin keçirilməsi, ölkə təbiətinin öyrədilməsi, ekoloji biliklərin aşılanması yox səviyyəsindədir. Sadəcə uşaqları toplayıb, gəzdirir, şəkil çəkdirir və hesabat verərək işlərini bitmiş hesab edirlər. İndiki yay düşərgələri plan yerinə yetirmə və görüntü xarakteri daşıyır".

Kamran Əsədov qeyd edib ki, sovetlər dönəmində yay düşərgələri tamam fərqli idi. Azərbaycan 1992-ci ildən BMT-nin uşaq hüquqları Konvensiyasına qoşulub. Bu konvensiyada göstərilib ki, uşaqların istirahət hüququ təmin edilməlidir: "Bu gün uşaqlarımız yay tətilində valideynləri ilə dənizə çimməyə və yaxud meşələrə, çaylara gedirlər. Bu səfərlər zamanı uşaqlar yaşlarına uyğun olmayan mənzərə ilə qarşılaşırlar. Uşağın tətil vaxtı gördüyü mənzərə dəniz kənarında baş verənlər və valideynlərinin meşələrdə kabab çəkərək içki məclisi qurma mənzərələridir. Şagirdlər 9 aylıq təhsildən sonra minimum 21 gün istirahət etməsə, təbiət qoynunda olmasa, onlar yeni tədris ilinə həvəssiz başlayacaqlar. Təəssüf ki, bizdə istirahət dedikdə dənizə girmək, meşəyə getmək, yatmaq başa düşülür. Əslində isə bu, dünyada istirahətin ən son meyarlarıdır. Hesab edirəm ki, düşərgələrin qiymətləri, adambaşına düşən maliyyə xərcləri reallığa uyğun olmalıdır. Adambaşına 300 manat düşərgə qiyməti real qiymət deyil. Adambaşına 21 gün üçün maksimum 50-70 manatdan artıq ola bilməz. Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyəti çox aşağı səviyyədədir. Bütün bunların hamısı Təhsil Nazirliyi, Rayon Təhsil şöbələri, Şəhər Təhsil Şöbələri tərəfindən həyata keçirilməlidir. Və hətta ilin əvvəlində şagirdlərə təlimdə yüksək göstəricilər göstərən şagirdlər olimpiadaların, yarışların, buraxılış imtahanlarını yüksək səviyyədə keçmiş uşaqlar ilin sonunda düşərgələrə göndəriləcək xəbərdarlığı edilməlidir". Ekspert uşaqlart üçün yüksək səviyyəli yay düşərgələri yaradılması lazım olduğunu deyib. Bu həm də əlavə iş yeri deməkdir: "Azərbaycanda hazırda 160 min tələbə var. Demək olar ki, onların hamısı işsizdir. Onların 70 faizi regionlardan gələnlərdir. Yaxşı olardı ki, 3 ay ərzində həmin tələbələr boş qalmasın deyə, əlavə gəlir əldə etsinlər deyə, aidiyyatı qurumlar layihələr hazırlasın. Yaxşı olardı ki, Təhsil Nazirliyi, təhsil şöbələri, məktəb direktorları bu sahədə çalışsınlar. Bu Azərbaycan təhsilində inqilabi bir addım olar".

Psixoloqlar yay tətilini uşağın istirahət edərək keçirməsinin vacib olduğunu vurğulayıblar. Onlar düşünür ki, yay tə­ti­li­nin sə­mə­rə­li və ma­raq­lı keç­mə­si üçün pla­n tər­tib olun­ma­lı­dır. Bu planı hazırlayarkən məktəblinin maraqları, fikirləri də nəzərə alınmalıdır. Valideynlər övladları ilə empatiya hissi qurmalı onları bütün günü dərs oxumağa məcbur etməməlidir. Bununla yanaşı, dərslərdən tam mənasıyla soyumasına imkan verməyən tətil planı tutulmasının doğru olacağını söyləyirlər. Məktəb açıldığı zaman uşağın adaptasiya sıxıntısı yaşamaması üçün mövzunun təkrar edilməsinin faydalı olacağını ifadə edən psixoloqlar çoxlu kitab oxumağı məsləhət görürlər. Uşaqların yay tətili günlərində idmanla məşğul olması da çox əhəmiyyətlidir. Bu onların həm sağlamlığına, həm də psixologiyasına yaxşı təsir edir. 

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR