"Yay məktəbi"nin iştirakçıları Milli Məclisin deputatları ilə görüşüblər

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" layihəsi öz işini uğurla davam etdirir. Hər il olduğu kimi, bu il də "Yay məktəbi" ölkəmizin gözəl guşələrində olan Lerik rayonundakı "Relax" istirahət mərkəzində təşkil olunub.
Olaylar.az-a verilən məlumata görə, istirahət mərkəzində beş gün müddətində YAP-ın gənc fəallarına Milli Məclisin bir neçə deputatının iştirakı ilə müxtəlif mövzularda seminarlar keçirilir, fikir mübadiləsi aparılır. Bu gün keçirilən seminarda Milli Məclisin deputatları Hadi Rəcəbli, İqbal Məmmədov və Pərvin Kərimzadə iştirak edirdilər. 

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri, YAP Siyasi Şuranın üzvü Hadı Rəcəbli layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs etdi. Bildirdi ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, həyatın bütün sahələrində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə görüşlərin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

H. Rəcəbli qeyd etdi ki, gənclərimiz onlar üçün yaradılan bu şəraitdən səmərəli istifadə etməli, günbəgün qüdrətlənən, güclənən Azərbaycana öz töhfələrini verməlidirlər: "Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar. Azərbaycan gəncləri böyük qüvvədir. Birgə səylər qarşıya qoyulan hər bir məqsədə çatmağa stimul verir".

Milli Məclisin deputatı İqbal Məmmədov YAP-ın yaradıcısı, müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən, gələcəyə hesablanmış inkişaf strategiyasından geniş bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır: "Gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas istiqaməti olub. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən ümummilli lider Heydər Əliyev gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almasının təşəbbüskarı olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrdə də gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib".

Milli Məclisin deputatı bildirdi ki, dövlətin gənclər siyasətinin formalaşmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə Gənclərinin I Forumunun rolu inkaredilməzdir: "1996-cı il fevralın 2-də keçirilən bu forum Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix - 2 Fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu addım bir daha təsdiqlədi ki, gənclər siyasəti dövlətin siyasətində əsas yer tutur. Sonrakı illərdə keçirilən gənclər forumları bir daha Azərbaycan gənclərinin fəallığının ildən-ilə necə artdığını nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur".

Tədbirdə iştirak edən Milli Məclisin xanım deputatı Pərvin Kərimzadə gənclər qarşısnda çıxışı zamanı bildirdi ki, gənclər bu diqqət və qayğıdan bəhrələnərək, öz potensiallarını ortaya qoymalı, Azərbaycanın daha da qüdrətlənməsinə, möhkəmlənməsinə töhfələrini verməlidirlər: "Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın indiki və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Bizə düşən isə partiya fəalı olaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşmək, hər zaman Heydər Əliyev ideyalarına dəstək olmaqdır".

Daha sonra diskusiya şəklində davam edən seminarda gəncləri maraqlandıran suallar cavablandırıldı. Gənclər arasında müxtəlif idman yarışları (futbol, üzgüçülük, stolüstü tennis) keçirildi. Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vuruldu.

Taleh Bağırov, "İki sahil"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR