BMU tələbələrinin yaradıcılıq sərgisi keçirilib

Memarlıq və İnşaat kafedrasının təşkilatçılığı ilə Abşeron rayonu Heydər Əliyev mərkəzində  Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin "50" illiyinə həsr olunmuş "Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarı" mövzusunda Bakı Mühəndislik Universitetinin tələbələrinin yaradıcılıq sərgisi keçirilib.

Olaylar.az-a verilən məlumata görə,  sərginin açılış tədbirində universitet əməkdaşları ilə yanaşı,  Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova,Yasamal Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov,Millət vəkiliMusa Quliyev, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev,  rayon, təhsil, mədəniyyət, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Ümummilli liderin abidəsinin önünə gül dəstələri düzüb, hörmət və ehtiramlarını bildiriblər.

Daha sonra qonaqlar Bakı Mühəndislik Universitetinin Memarlıq, Şəhərsalma və Dizayn ixtisaslarında təhsil alan tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Qonaqları sərgi ilə tanış edən Memarlıq və İnşaat kafedrasının müdiri, əməkdar memar, professor Sabir Orucov sərgini BMU-da olan mühitin, əsasən də tələbə-müəllim münasibətinin bəhrəsi kimi xarakterizə edib. İnkişafımızın təməl prinsipləri kontekstində sərgidə Memarlıq və İnşaat kafedrasının müəllimlərinin və tələbələrinin yaradıcılıq işləri nümayiş olunub. Sərgi əsasən memarlıq layihələndirilməsi və onun əsasları, dizaynın əsasları, kompüter qrafikası, rəsm və rəngkarlıq sahələri üzrə təşkil olunub. 

Daha sonra mərkəzin iclas salonunda keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Ulu öndərin Azərbaycanda rəhbərliyinin "50" illiyi ilə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə daim Azərbaycan xalqına xidmət edib və O, müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.

Daha sonra çıxış edən BMU-nun rektoru professor Havar Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin "50" illiyi ilə bağlı geniş çıxış edib. Bildirib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Bu gün də Ulu öndərin layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sürətli inkişaf gedir, yeni innovativ texnologiyalı istehsalat müəssisələri açılır. Universitetdə müasir sənayenin tələbinə uyğun kadr hazırlığına önəm verildiyini diqqətə çatdıran rektor əlavə edib ki, digər universitetlərdən fərqli olaraq, Bakı Mühəndislik Universitetində Memarlıq, Şəhərsalma və Dizayn ixtisasları üzrə tələbələr qabiliyyət imtahanı vermədən universitetə qəbul olunurlar. Buna baxmayaraq, müəllimlərin zəhməti nəticəsində əldə olunmuş nailiyyətlər təşkil olunan sərgidə öz əksini tapıb.

Tədbirdə çıxış edən digər natiqlər də Ümumilli liderin şəxsi keyfiyyətlərindən və Azərbaycan xalqına göstərdiyi xidmətlərindən söz açıblar.

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin "50" illiyinə həsr olunmuş sərginin təşkilində iştirak edən tələbələrə Fəxri fərmanlar təqdim edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR