Azərbaycan ordu quruculuğunda mühüm uğurlara imza atıb

Silahlı Qüvvələrimiz istənilən vəzifəni icra etməyə qadirdir

Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb. 1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordu ləğv edildi.1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək.

Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçısı azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi.

Lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi. Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı.

Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Belə ki, ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Ordu quruculuğunda son illər həyata keçirilmiş hər bir islahat ölkəmizin hərbi qüdrətinin güclənməsinə dəyərli töhfədir. Vacib döyüş ixtisaslarında peşəkar hərbi qulluqçulara üstünlük verilməsi, təcrübəli gənclərin yenidən hərbi qulluğa cəlb edilməsi nəticə etibarilə ordunun döyüş qabiliyyətinin güclənməsinə təkan verib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Konamdan İlham Əliyev qeyd edib ki, biz ordu quruculuğu istiqamətində böyük addımlar atmışıq: "Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik..." Artıq nəinki beynəlxalq ekspertlər, hətta işğalçı dövlətin analitikləri də Azərbaycanın ordu quruculuğunda  mühüm uğurlara imza atdığını etiraf edirlər. Həmçinin, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi paradda qeyd edib ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir: "Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır. 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR