Tanınmışlar böyük müəllimdən yazdı

 

Azərbaycan mətbuatı tarixinin tədqiqatçısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov vəfat edib.  

Prezident təqaüdçüsü bu gün 95 yaşında dünyasını dəyişib. Azərbaycanın mətbuatının tanınmış simaları, media kapitanları sosial şəbəkədə böyük müəllimin vəfatı ilə bağlı ürək sözlərini yazıblar. Tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bildirib ki, Ş.Hüseynov yaddaşlarda  böyük maarifçi alim, Xalq Cümhuriyyəti irsinin araşdırıcı kimi qalacaq:

"Azərbaycan jurnalistikasının əfsanəsi, millət yaddaşının keşikçisi, böyük maarifçi, mənəvi irsimizin, o cümlədən Cümhuriyyət tarixi və İstiqlal mübarizəmizin, Məhəmməd Əmin Rəsulzadə fenomeninin və mətbu irsimizin yorulmaz araşdırıcısı, görkəmli tədqiqatçısı-alim, professor Şirməmməd Hüseynov vəfat edib...

Bu acı xəbəri xarici ölkədə almaq ikiqat ağırdır. İki gün əvvəl özü xəstəxanadan mənə zəng etmişdi. Bir qəzet məqaləsinin adını dəqiqləşdirməyi tapşırdı. Bir saat sonra yenə zəngləşdik, ordan-burdan danışdıq və qorxa-qorxa səhhətini soruşdum. "Yaxşıyam, nigaran qalma" dedi. Amma çox nigaran qalmışdım. Dünən axşam bir də zəng etdim, telefonu qızı Fərəh xanım götürdü, ustadı soruşdum, "atam yaxşıdır" dedi. Amma onun qayğılı səsindəki kədər min kilometr uzaqdan belə duyulurdu...

Həyatı və yaradıcılığı həqiqət, ləyaqət və vicdan üzərində qurulmuş Şirməmməd Hüseynovun vəfatı ilə mətbuat tariximizdə, jurnalistikamızda bir epoxa sona yetir".

Q.Məhərrəmli qeyd edib ki, böyük ustadın ruhu böyük maarifçi ziyalılarımıza qovuşacaq: "Əziz müəllimim, böyük ustad, Allah sənə rəhmət eləsin!!! Bu millət üçün etdiyiniz təmənnasız xidmətlər heç vaxt unudulmayacaq! Yeriniz hər zaman görünəcək. Ruhun böyük Zərdabinin, Rəsulzadənin, Ağaoğlunun, Üzeyir bəyin müqəddəs ruhuna qovuşur. O gözəl ruhun şad olsun!"

"Cümhuriyət" qəzetinin baş redaktoru, Cebhe.info saytının baş direktoru Becanov Şirməmməd Hüseynovu böyük alim, Məhəmməd Əmin Rəsulzadə irsinin əvəzsiz təqdiqatçısı kimi xarakterizə edib: 

"Jurnalistikamızın tarixi şəxsiyyətlərindən olan Şirməmməd Hüseynov vəfat etdi. Alim və tədqiqatçı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun professoru, Azərbaycan Xalq Cümhuriyyətinin, M.Ə.Rəsulzadə irsinin ləyaqətli araşdırıcısı Şirməmməd Hüseynov! 

Allah rəhmət eləsin!"

"Şərq" qəzetinin baş redakotru Akif Aşırlı böyük ustadın yaxınlarına başsağlığı verib:

"Allah rəhmət eləsin, Tanrı o dünyasını versin. Mətbuat tariximizi tədqiq edə-edə özü də tariximizin bir parcasına cevrildi. Cümhuriyyət qurucularını sevərək, ürəklə araşdırdı, xalqa catdırdı. Böyük məktəb idi, növbəti yolun mübarək, ustad!"

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da Ş.Hüseynovun ölümündən təəssüfləndiyini bildirib:

"Allah Şirməmməd müəllimə rəhmət etsin! Böyük İnsan, böyük Alim!"

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz da Şirməmməd Hüseynovun ölümündən kədərləndiriyini bildirib:

"Ustad getdi. Onu Həsən bəy Zərdabiyə bənzədirdim...

USTAD getdi...

İşıqlı gözləri və sarkazm, amma səlis danışığı yaddaşımda həmişəlik  həkk olunub.O müstəqillik dövrü ilə  fəxr edirdi...Onun  yaradıcılarına nəhayətsiz sayğı duyur,onlar haqqında yazdığı  üçün  qürurlanırdı...Onlar haqqında  yazanda bilirdim  ki , o böyük  insanlarla  təmasda olur...

USTAD getdi...MÜƏLLİM getdi...ATA getdi.. Yetim qaldığımızı  hiss  edirsinizmi...

Biz də  səninlə  nəyayətsiz fəxr edirik ,USTAD...Bizdən  də   təmaslarını  əksik   etmə.. Ruhumuzu  yetim  qoyma..RUHUN  ŞAD  OLSUN!"

Cebhe.info

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR