"Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə iyunun 24-də öz işinə başlayıb. "OLAYLAR"-a Dini Komitədən bildirilib ki, dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov Gəncədə dini durumun sabit olduğunu bildirib. Natiq onu da deyib ki, ölkəmizdə vicdan azadlığının təmin edilməsi, dini icmalara fəaliyyətlərinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilir.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki,  Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu nümunəvi siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.

S.Salahlı onu da vurğulayıb ki,  Azərbaycanda din-dövlət münasibətləri nümunəvi xarakter daşıyır, tolerantlıq və multikultural mühit hökm sürür. Hazırda ölkə ərazisində 2250 məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Dövlət Komitəsi sədrinin birinci müavini deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə respublikamızın mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. "Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd olunmalıdır."-,deyə S.Salahlı əlavə edib.

Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə Azərbaycanda multikultural ənənələrin təbliği və təşviqində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin böyük rolu olduğunu diqqətə çatdırıb. Millət vəkili qeyd edib ki, Azərbaycanda dini qurumlar arasında qarşılıqlı anlaşma və harmoniya mühitinin formalaşmasında Dövlət Komitəsinin fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş "Üfüqdəki gələcək" sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, tədbir iyunun 25-də öz işini davam etdirəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR