Gənclər üçün növbəti festival keçirilib

İyunun 24-də Abşeron rayonu ərazisindəki məcburi köçkünlər üçün salınmış 1000 ailəlik yaşayış kompleksində  Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə növbəti  "Gənclərin inteqrasiya və fəallığa təşviqi" festivalı keçirilib.

"OLAYLAR"a verilən məlumata görə, festivalda məqsəd qaçqın və məcburi köçkün ailələrdən olan gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların ictimai fəallığını artırmaqdır.

Festivalda çıxış edənlər məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev  bu kateqoriyadan olan vətəndaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəlməsi, məşğulluğunun təmin edilməsi üçün mühüm tədbirlər görür.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllini diqqətdə saxlayır.

Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov tədbirdə geniş təqdimatla çıxış edib. Məcburi köçkünlərə Fondun fəaliyyət istiqamətləri, gənclər üçün yaradılan imkanlar və onların faydalana biləcəyi proqramlar haqqında ətraflı məlumat verib.

Festival qəsəbədə məskunlaşan yeniyetmələr və gənclər arasında müxtəlif intellektual oyunların, əyləncəli yarışların keçirilməsi ilə yekunlaşıb.

Festivalın növbəti dəfə Gəncə şəhərində və Biləsuvar rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrdə keçirilməsi nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR